Ordu.az xəbər verir ki, bu barədə “Defence Blog” məlumat yayıb.
Yerli mənbələrin məlumatına görə, sistemlər BƏƏ tərəfindən Çindən alındıqdan sonra Çada ötürülüb.
FK-2000 Çin Aerokosmik Elm və Sənaye Korporasiyası (CASIC) tərəfindən hazırlanmış qısa mənzilli HHM sistemidir. Sistem təyyarələr, helikopterlər, qanadlı raketlər və pilotsuz uçuş aparatları kimi müxtəlif hava təhdidlərini zərərsizləşdirmək üçün nəzərdə tutulub.
Sistem tez-tez Rusiya istehsalı olan “Pantsir-S1” ilə müqayisə edilir. FK-2000 mobil raket platformasını qoşa lüləli avtomatik top sistemi ilə birləşdirərək, təbəqəli HHM-i təmin edir.
2 ədəd 30 mm-lik top və 12 ədəd “yer-hava” raketi daşıyan sistemdə bütün hava şəraitində gecə-gündüz hədəfləri aşkar edə bilən radar avadanlığı var. FK-2000-in mənzili 1,2-25 kilometr, hündürlükdə əhatə dairəsi isə 12 kilometrə qədər ola bilər.
Avtomobilin radar stansiyası və axtarış radarları ilə təchiz edilmiş insansız qülləsi var. Bundan əlavə, o, elektro-optik infraqırmızı hədəfləmə sistemi ilə dəstəklənə bilər.
Çadın Müdafiə Nazirliyinin mənbələri BƏƏ-dən qabaqcıl HHM sistemlərinin alındığını təsdiqləsələr də, sistemlərin növü və sayı ilə bağlı təfərrüatları açıqlamayıblar.
Məlumdur ki, BƏƏ bundan əvvəl də müxtəlif ölkələrə silah sistemləri təhvil verib. Məsələn, Liviyadakı münaqişə zamanı Rusiya istehsalı olan “Pantsir-S1” sistemləri MAN yük maşınlarına quraşdırılaraq, yerli aktorlara çatdırılıb.
Sevinc Əliyeva
Ordu.az