Sivasdan “Bayraktar TB2”nin yerli motoruna böyük töhfə - ƏTRAFLI

2025/04/1745481778.jpg
Oxunub: 494     20:29     28 Aprel 2025    
Türkiyənin müdafiə sənayesinin qürur mənbələrindən biri olan “Bayraktar TB2”nin yerli motorunda istifadə olunan kam milləri (ekzantrik vallar: bunlar mühərrikdə klapanların açılıb-bağlanmasını idarə edən mexaniki hissələrdir və daxili yanma mühərrikləri üçün olduqca vacibdir-red.) Sivasda yerləşən ESTAŞ tərəfindən istehsal olunur. Dünyada tanınan avtomobil markalarına kam mili tədarük edən ESTAŞ indi də müdafiə sənayesində kritik rol oynayır.

Ordu.az xəbər verir ki, “Baykar” şirkətinin baş direktoru Haluk Bayraktar sosial şəbəkədə paylaşımında pilotsuz uçuş aparatında istifadə olunan TM100 mühərrikinin Ar-Ge prosesindən bəhs edib və ESTAŞ başda olmaqla layihəyə töhfə verən bütün yerli şirkətlərə təşəkkürünü bildirib.

“Anadoludan müdafiə sənayesinə töhfə bizi qürurlandırır”, - deyə o bildirib.

ESTAŞ-ın baş direktoru Osman Mavuş layihə ilə bağlı belə deyib: “Havada gözümüz və qulağımız olan PUA-lar bizim üçün böyük əhəmiyyət daşıyır. Bu PUA-lar üçün yerli və milli şəkildə hazırlanmış mühərriklərə kam mili istehsal edirik. TB2-lərdə istifadə olunan TM-100 mühərriki tamamilə yerli olaraq dizayn və istehsal olunub. Bu layihədə iştirak etmək bizi çox sevindirdi”.

Mavuş əlavə edib ki, Haluk Bayraktarın sosial mediada onlardan bəhs etməsi də onlar üçün qürurverici olub: “Hörmətli Haluk Bayraktarın mesajında bizdən bəhs etməsi bizim üçün böyük qürur idi. Anadoluda bu, böyük anlam daşıyır”.

Mavuş Türkiyənin müdafiə sənayesindəki texnoloji addımlarına da toxunaraq deyib: “Bu texnologiyalar həm daxili, həm də xarici düşmənləri məğlub etməyə yetərlidir. 15 il əvvəl bir hava vasitəsində bizim də detallarımızın olacağını xəyal belə edə bilməzdik. ESTAŞ olaraq həm TUSAŞ-ın PD170 mühərrikində, həm də TM-100 mühərrikində yer alırıq. Bu, bizim üçün böyük bir iftixar mənbəyidir”.

Mavuş müdafiə sənayesindəki bu inkişafları Türkiyənin gələcəyi üçün strateji bir imkan kimi dəyərləndirərək sözlərini belə tamamlayıb: “Müdafiə sənayesi, Türkiyənin parlayan ulduzudur. Ölkəmiz sülh və sabitlik coğrafiyasının mərkəzindədir. Bu yolda texnologiyaya töhfə vermək bizi motivasiya edir”.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Bayraktar-TB2   Sivas  


Bizi "telegram"da izləyin