Finlandiya və İsveç KNL ilə CNHF rabitə sistemlərinin alınması üzrə müqavilə imzalayıb

2025/04/1744627188.jpg
Oxunub: 502     14:09     16 Aprel 2025    
Finlandiya Müdafiə Qüvvələri və İsveç Müdafiə Təchizatı İdarəsi Finlandiyanın KNL şirkəti ilə uzunmənzilli rabitə sistemlərinin tədarükü üzrə çərçivə sazişi imzalayıb.

Ordu.az xəbər verir ki, saziş NORDEFCO – Şimal Müdafiə Əməkdaşlığı çərçivəsində imzalanıb və 2025–2035-ci illəri əhatə edir. Bu, NORDEFCO çərçivəsində taktiki rabitə və komanda-nəzarət (C2) sistemlərinə dair ilk rəsmi müqavilədir.

KNL şirkətinin baş direktoru Toni Linden bildirib ki, bu saziş şirkətə beynəlxalq müdafiə bazarında mövqeyini gücləndirmək və texnoloji inkişafı sürətləndirmək üçün yeni imkanlar açır. O qeyd edib ki, bu sistemlər NATO ölkələri arasında da maraq doğurur.

CNHF (Cognitive High Frequency) sistemi radiofrekans mühitini avtomatik təhlil edərək optimal tezliyi seçən süni zəka ilə təchiz olunmuş rabitə texnologiyasıdır. Bu texnologiya, xüsusilə birbaşa görmə xətti olmayan bölgələrdə etibarlı və uzun məsafəli rabitə imkanı yaradır.

Finlandiya Müdafiə Qüvvələrinin rəsmi açıqlamasında qeyd olunur ki, bu sistem müdafiə və təhlükəsizlik infrastrukturunun müasir tələblərinə cavab verir və yeni təhlükə ssenarilərinə uyğunlaşma qabiliyyətinə malikdir.

Müqavilənin şərtlərinə əsasən, çərçivə razılaşması ilkin olaraq 10 il müddətinə qüvvədə olacaq və sonra hər il avtomatik olaraq uzadılacaq. Digər NORDEFCO ölkələrinin də bu razılaşmaya qoşulmaq imkanı var.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Finlandiya   İsveç  


Bizi "telegram"da izləyin