Həmin səfər zamanı Fransa prezidenti Mərkəzi Asiyanı Avropa ilə əlaqələndirmək məsələsinə toxunmuşdu. Fransa üçün Qazaxıstan və Özbəkistan, əlbəttə ki, ilk növbədə iri uran hasilatçıları kimi maraqlıdır. Fransanın enerji ehtiyacının əsas hissəsi atom elektrik stansiyalarına aiddir və uran tələb olunan yanacaqdır. Fransa Afrikadakı mövqelərini geri çəkilərək, oradakı uran ehtiyatlarını da itirib. Paris hazırda yeni mənbələr axtarışındadır və Mərkəzi Asiya əsas istiqamətlərdən biridir.
Eyni zamanda, dünya siyasi proseslərinin əsas iştirakçıları sırasında olmağa və bu dairədə öz mövqelərini itirməməyə çalışan Fransa, təbii ki, Mərkəzi Asiya ətrafında cərəyan edən geosiyasi mübarizədə, onun resursları və Avropaya logistik yollar uğrunda gedən rəqabətdə iştirak etməyə çalışacaq. Burada Cənubi Qafqaza da aid olan incə qatlar var. Fransa Mərkəzi Asiyanın Avropa ilə əlaqəsini necə təsəvvür edir, Paris üçün hansı nəqliyyat yolları daha üstündür?
Məsələn, Fransa Orta Dəhliz adlanan ideya ilə bağlı necə mövqe tutur? Bu zaman əsas marşrut olaraq Zəngəzur dəhlizi irəli çəkilir? Yoxsa Fransa daha əlverişsiz istiqaməti - Mərkəzi Asiyadan Hindistana, İrana və Ermənistan ərazisi ilə Gürcüstana və Qara dənizə gedən marşrutu seçəcək? Bunlar, bu gün kifayət qədər mürəkkəb zəncir strukturu ilə, xüsusilə də Qara dəniz hövzəsinin hərbi-siyasi status-kvosunun qeyri-müəyyən olduğu bir zamanda, o cümlədən mayda prezident seçkiləri keçiriləcək və bunun ətrafında geniş geosiyasi mübarizə gedən Rumıniyadakı hakimiyyət məsələsi fonunda çox mürəkkəb məsələlərdir.
Fransa son aylarda Türkiyə ilə yüksək səviyyəli əlaqələri xeyli aktivləşdirərək, daha qısa variantın - Zəngəzur dəhlizi ətrafında qarşılıqlı razılaşmaya nail olmaq imkanını nəzərdən keçirir? Qeyd etmək lazımdır ki, Özbəkistan həm də Türkiyənin liderlik etdiyi və Fransa ilə gərgin münasibətləri olan Azərbaycanın da üzv olduğu Türkdilli Dövlətlər Təşkilatının üzvüdür. Mərkəzi Asiya zonasında rəqabətli olmaq üçün Fransaya hər hansı digər güclü mərkəzlə əməkdaşlıq lazım olacaq və onlara qarşı Parisin mövqeyi qaçılmaz olaraq Qafqazda Fransanın real siyasətinə də öz təsirini göstərəcək.
Aqil Məmmədov
Ordu.az