Tramp çox sərt cavab verib: həmin gün bütün girovlar İsrailə qaytarılmasa, Qəzzada “cəhənnəm olacaq”. O, təbii olaraq şərt qoyub ki, istənilən halda qərarı İsrail verməlidir, amma İsrailin Baş naziri Benyamin Netanyahunun yerində olsaydı, atəşkəsi ləğv edərdi. HƏMAS-ın hərbiləşdirilmiş qanadının nümayəndələri Trampın təhdidini “cəfəngiyyat” adlandırıblar.
Onlar bütün girovları azad etməyəcəklərini bəyan ediblər. Ekspertlər hesab edirlər ki, bu, gələcək danışıqlara yer buraxır. İsrail mənbələrinə görə, Misir və Qətər tərəflərin çıxılmaz vəziyyətə düşməsinin qarşısını almaq üçün qarşıdakı iki gündən istifadə etməyə çalışır. Netanyahu orduya hər cür sürprizə hazır olmağı tapşırıb, “Haaretz” isə yazır ki, müdafiə naziri İsrael Katz Baş Qərargahda uzun müzakirələr aparıb, daha sonra Qəzza yaxınlığında hərbi təlimlər keçirilib.
Hərbi təlimlər terrorçuların yenidən İsrail yaşayış məntəqələrini işğal etməyə cəhd edəcəyi ehtimalı ilə aparılıb. ABŞ prezidenti hələlik heç bir ərəb ölkəsindən Qəzzanın ərəb əhalisini qəbul etməyə hazır olması ilə bağlı razılıq ala bilməyib. Misir və İordaniya Qəzzanın yenidən qurulmasında əməkdaşlıq elan ediblər. Bu arada Tramp Qəzzanı ərəb əhalidən boşaltmağı, ərazini tikinti sahəsinə çevirməyi və “Yaxın Şərq Rivierası”nı inşa etməyi təklif edir.
HƏMAS-ın Trampa qarşı açıq demarşı onun Rusiya prezidenti Vladimir Putinlə telefon danışığına təsadüf edir. ABŞ və Avropanın aparıcı media orqanlarının telefon danışığı ilə bağlı məyusluğu göz qabağındadır. Tramp Münhenə nümayəndə heyəti göndərib, burada ABŞ-nin vitse-prezidenti, dövlət katibi və prezidentin xüsusi nümayəndəsi avropalı tərəfdaşları Rusiya-Ukrayna müharibəsini dayandırmağa inandıra bilməlidir.
Əgər HƏMAS Trampın ultimatumuna əməl etməsə və bütün israilli girovlar bu gün saat 12:00-a qədər vətənlərinə qayıtmasalar, bunun nəticəsi nə olacaq? Formal olaraq, HƏMAS bütün girovları bir anda azad etməyə borclu deyil. Buna qarşılıq İsrail öz qoşunlarını Qəzzadan tamamilə və eyni vaxtda çıxarmağa borclu deyil. Razılaşma davam etməlidir. Görünür, ABŞ prezidenti vəziyyəti gərginləşdirir.
Trampın “çini otağında fil” münasibəti ona baha başa gələ bilər. HƏMAS-a kimin sponsorluq etdiyi barədə təfərrüatlar məlum deyil, lakin Fələstin qrupunun siyasi qanadının həm Türkiyə, həm də Rusiya ilə etibarlı əlaqələri var. Qəzzada atəşkəs pozularsa və İsrail yenidən hərbi əməliyyatlara başlayarsa, ABŞ prezidentinin “hər şeyə qadirliyi” ilə bağlı beynəlxalq mantra ciddi ziyan görəcək.
Tramp Putinlə görüşə hazırlaşır. Şübhəsiz ki, “Onların etməli olduğu tək şey danışıqlar masasına oturmaq, hər biri öz qələmi ilə yeni dünyanın sərhədlərini çəkməkdir, vəssalam” düşüncəsi çox şişirdilib. Unutmaq lazım deyil ki, Putin dəfələrlə Rusiyanın strateji məğlubiyyətə uğramamaq üçün Qərblə müharibə apardığını bildirib. Tramp-Putin görüşləri uzun müddət davam edə bilər.
Bu müddət ərzində tərəflərdən birinin cüzi uğursuzluğu belə digərinin danışıqlar resurslarını artıracaq. Qəzzada müharibənin bərpası Tramp üçün itki və ya qazanc ola bilərmi? Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu Astanaya gedib. Putin Mərkəzi Asiyada Qərblə danışıqlar üçün resurslar toplayır?
Asif Cəfərov
Ordu.az