Ordu.az xəbər verir ki, şirkətin ilin sonu qiymətləndirməsində şaquli qalxma və enmə (VTOL) qabiliyyətinə malik PUA-nın Rusiyanın Radioelektron Mübarizə (REM) sistemlərinə qarşı real döyüş şəraitində performansının sınaqdan keçirildiyi bildirilib.
“Defence Blog”un xəbərinə görə, “V-Bat” PUA-ları 2024-cü ilin iyun ayında Ukraynaya göndərilib və “Shield AI”nin tərtibatçıları ilə sahədə qiymətləndirilib. GPS və rabitənin kəsilməsi kimi çətin döyüş şəraitinə baxmayaraq, PUA-lar öz tapşırıqlarını uğurla yerinə yetiriblər.

Şirkət tərəfindən verilən açıqlamada qeyd olunub: “V-Bat” Ukraynada REM-ə qarşı müqavimətini sübut etdi. Ən çətin şərtlərdə belə avtonom işləmək qabiliyyətini nümayiş etdirərək, GPS və rabitə siqnalları kəsildiyi halda, ilk uzunmüddətli ISR (kəşfiyyat, müşahidə və aşkarlama) və hədəfləmə missiyasını uğurla başa vurub”.
Ukraynada həyata keçirdiyi missiyalar arasında “V-Bat” Rusiyanın SA-11 “Buk-M1” mobil hava hücumundan müdafiə sisteminin aşkarlanması və hədəf alınmasında mühüm rol oynayıb.
Bu hədəf daha sonra HIMARS-dan istifadə etməklə, Ukrayna qüvvələri tərəfindən məhv edilib. Bu əməliyyat “V-Bat”ın ISR missiyalarında bacarığını və dəqiq zərbə əməliyyatlarını dəstəkləmək qabiliyyətini nümayiş etdirib.
Sevinc Əliyeva
Ordu.az