Türkiyə diplomatiyasından açıq dərslər: ABŞ YPG-nin zərərsizləşdirilməsinə razılıq verəcək?

2024/12/1734687489.jpg
Oxunub: 652     15:36     20 Dekabr 2024    
“Anadolu” dövlət agentliyi İstanbul “Medipol” Universitetinin professoru Bəkir Berat Özipəkin Türkiyənin Suriyadakı təsiri ilə bağlı analitik məqaləsini dərc edib. Onun sözlərinə görə, Əsəd rejiminin süqutu dönüş nöqtəsi olub və Suriya ilk dəfə olaraq öz xalqının qüvvələri tərəfindən real bərpa şansı əldə edib.

Türkiyəli professor bunu ictimai müqavilə prosesi adlandırır və əlavə edir ki, Suriyanın mütləq uzun bir yolu var. Suriyalılar dövlətin təşkilati quruluşunu, yeni konstitusiyanı və təmsilçilik prosedurunu müzakirə etməlidirlər. Müvafiq olaraq o istisna etmir ki, gərginliklər olacaq, kompromislər tələb olunacaq, suriyalılar səhvlər edəcəklər və onlardan dərs alacaqlar, amma ilk addım atılıb - öz vətəndaşlarının yarısını köləliyə, repatriasiyaya məcbur edən rejim devrilib.

Türkiyəli politoloq Türkiyənin təsirini Suriya üçün həyati dərəcədə vacib görür və bunu ABŞ-nin Əfqanıstanı tərk etməsindən sonra həmin ölkədə yaşanan aşılmaz ziddiyyətlərlə əsaslandırır. Yeri gəlmişkən, müəllif bunu haqlı olaraq ABŞ-nin müxtəlif qruplar üzərində saxlanılan təsiri hesab edir.

“Anadolu”nun müəllifi faktlar əsasında ABŞ-nin Əfqanıstanı tərk etdikdən sonra ölkənin siyasi bütövlüyünün parçalandığını, qeyri-sabitliyin baş verdiyini ifadə edir və qeyd edir ki, Türkiyə Suriyanı öz müttəfiqlərinin sabitliyi pozan müdaxiləsindən azad etmək üçün qətiyyətli səy göstərməlidir, müttəfiqlərin Suriya və regionla bağlı ambisiyaları onların bugünkü hərəkətlərindən görünür.

Suriyadakı vəziyyətə gəlincə, bu tənqidin birbaşa alıcılarından biri də İsraildir. Əsədin devrilməsindən sonra Suriyada hərbi varlıq quran, Colanda və keçmiş bufer zonada möhkəmlənmək niyyətini gizlətməyən yeganə ölkə İsraildir.

Olduqca maraqlıdır ki, Özipəkin təhlili İsrail Baş nazirinin ofisi Netanyahunun Qahirəyə səfər etməsi və HƏMAS-ın siyasi qanadının liderləri ilə danışıqlar aparması ilə bağlı daha əvvəl “Reuters”in yaydığı məlumatı təkzib etdikdən və onun müdafiə naziri İsrael Katz, Silahlı Qüvvələrin Baş Qərargah rəisi Herzi Halevi və hərbi birləşmələrin komandirləri ilə birlikdə Suriya ilə sərhəddə olduğunu rəsmi şəkildə bildirdikdən sonra təqdim olunub.

Bu mənada türkiyəli professorun eyhamı başa düşüləndir, lakin demək olar açıq bir reallıqdır ki, İsrailin hərəkətləri ABŞ üçün ən azından ümumi - geosiyasi mənada məqbul olmasaydı, Təl-Əviv Suriya ərazisində heç bir “balanssız” addım atmazdı. Əsədin devrilməsindən sonra Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan çox açıq şəkildə bildirib ki, o, Tramp hökumətinin qurulmasını gözləyir. O, qarşıdakı iki-üç ayı Türkiyə üçün həlledici kimi qiymətləndirib.

Göründüyü kimi, Türkiyənin beyin mərkəzləri Suriyadakı hadisələrin Trampın vəzifəyə başlamasından əvvəl baş verə biləcəyini proqnozlaşdırırdı. Yəqin ki, Türkiyənin yaxın bir-iki həftə ərzində Suriyaya əlavə qoşun yeridəcəyini gözləmək lazımdır. PKK-nın bölgədəki YPG uzantısı Ankaranı narahat etməyə bilməz.

Sual odur ki, PKK-nın Suriyadan çıxarılması müqabilində Ərdoğan vəzifəni üzərinə götürən Trampa nə verə bilər? Rusiya-Ukrayna danışıqları üçün İstanbul platforması? Əsədi “itirən” Putin Ukrayna məsələsində Trampın əvəzinə “hansısa” Zelenski ilə danışıqlar aparmağa razılaşacaqmı?

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Suriya   ABŞ  


Bizi "telegram"da izləyin