Bir atom elektrik stansiyasını əvəz etmək üçün neçə günəş paneli lazımdır?

2026/06/1782554925.jpg
Oxunub: 209     14:09     27 İyun 2026    
Mütəxəssislərin hesablamalarına görə, müasir bir atom reaktorunun istehsal etdiyi elektrik enerjisini tam əvəz etmək üçün təxminən 8,5-8,7 milyon günəş paneli tələb olunur.

Ordu.az xəbər verir ki, bu barədə BGR nəşrinin müxtəlif enerji istehsalı mənbələrinin gücü ilə bağlı qiymətləndirmələrinə istinadən məlumat yayılıb.

Bildirilib ki, yaşıl enerjinin sürətli inkişafına baxmayaraq, günəş elektrik stansiyalarının əsas problemi onların böyük miqyas tələb etməsidir. Atom reaktoru sutka ərzində fasiləsiz şəkildə yüzlərlə meqavat elektrik enerjisi istehsal etdiyi halda, günəş panellərinin fəaliyyəti hava şəraitindən, günün vaxtından və panellərin səmərəliliyindən asılıdır.

Müasir atom reaktoru orta hesabla 900 meqavat elektrik enerjisi istehsal edir. Atom enerjisində faydalı iş əmsalı təxminən 93 faiz təşkil etdiyindən reaktor demək olar ki, daim tam gücü ilə işləyir.

Müqayisə üçün qeyd olunur ki, standart günəş paneli ideal şəraitdə cəmi 400-460 vatt enerji istehsal edir. Günəş enerjisinin real səmərəliliyi isə təxminən 24 faiz olduğundan faktiki istehsal göstəricisi daha aşağı olur.

Bu səbəbdən atom reaktorunun istehsal etdiyi elektrik enerjisini əvəz etmək üçün 4 milyon deyil, təxminən 8,7 milyon günəş paneli lazımdır.

Digər mühüm problem torpaq sahəsidir. Böyük atom elektrik stansiyası təxminən 1 kvadrat mil ərazidə yerləşə bildiyi halda, eyni gücə malik günəş elektrik stansiyası üçün 14 kvadrat mildən çox ərazi tələb olunur.

Bundan əlavə, enerji toplama sistemlərinin qurulması, elektrik şəbəkəsinə sabit qoşulmanın təmin edilməsi və mövsümi, eləcə də hava şəraitindən irəli gələn dəyişikliklərin nəzərə alınması vacibdir.

Məhz buna görə günəş enerjisinə tam keçid hətta ən inkişaf etmiş ölkələr üçün də ciddi çağırış olaraq qalır.

Bəzi ölkələr artıq innovativ həll yolları tətbiq etməyə başlayıblar. Məsələn, Fransada 2023-cü ildə qəbul edilən qanuna əsasən, iri avtomobil dayanacaqlarının ən azı 50 faizi günəş panelləri ilə örtülməlidir.

Mütəxəssislər hesab edirlər ki, gələcəkdə müxtəlif enerji istehsalı mənbələrinin birgə istifadəsi əksər ölkələrin enerji sistemlərinin əsasını təşkil edəcək.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: AES   Günəş-paneli  


Bizi "telegram"da izləyin