Cinayətin birbaşa izləri ilə ibtidai istintaq orqanı tərəfindən adı açıqlanmayan Özbəkistan vətəndaşı həbs edilib. Mətbuatda yayılan məlumata görə, o, 1995-ci il təvəllüdlü Əhməd Qurbanovdur. Qurbanov əvvəllər Moskvada olub, özbək çayxanasında işləyib. Özbəkistanın müvafiq qurumları rusiyalı həmkarlarına bildiriblər ki, Qurbanov əvvəllər diqqət çəkməyib.
“Nezavisimaya qazeta” yazır ki, əgər Kirillov aidiyyəti qurumlar tərəfindən peşəkar mühafizə altında olsaydı, o zaman qış vaxtı küçədə dayanmış elektrikli skuter və yaşayış binasına bilavasitə bitişik olan yol hissəsində dayanan, bir neçə gündür kirayəyə götürülən avtomobil diqqətdən yayınmayacaqdı. Nüfuzlu Rusiya KİV-i nəyi nəzərdə tutur? İstintaq orqanı Qurbanovu Moskva yaxınlığındakı Balaşixa şəhərində həbs edib.
O, dərhal etiraf edib ki, Ukrayna xüsusi xidmət orqanları tərəfindən işə götürülüb, qətli törədəndən sonra 100 min dollar almalı və Avropada sığınacaq tapmalı idi. Jurnalistlər “qazıntı aparıb” və müəyyən ediblər ki, Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) direktoru Aleksandr Bortnikov hələ avqust ayında belə bir ssenaridə terror aktlarının baş vermə ehtimalının yüksək olmasından danışıb. O, açıq şəkildə Ukraynanın xüsusi xidmət orqanlarını “miqrantları cinayət törətməyə cəlb etmək”də ittiham edib.
FTX avqust ayında belə bir məlumata sahib idisə, müharibə məntiqində Ukraynanın düşmənlərinin birinci sırasında olan yüksək rütbəli hərbçilərin heç olmasa həyatının təhlükəsizliyini təmin etmək üçün əlavə təhlükəsizlik tədbirləri görməli idi. “Nezavisimaya qazeta” miqrantlara münasibətin kəskin dəyişəcəyini proqnozlaşdırır. Qəzet Kirillovun qətlinin icraçısının seçilməsinin də “qəsdən planlaşdırılmış” olduğunu istisna etmir və “Krokus” terrorundan sonra xüsusilə taciklərə qarşı geniş dözümsüzlüyü xatırladır.
Ötən müddətdə Rusiya miqrasiya qanunvericiliyinə bir sıra dəyişikliklər edib və bu, kütləvi narazılıqlara səbəb olub. Kirillovun qətlindən həm də Mərkəzi Asiya ölkələrindən Rusiyaya köçənlərə qarşı polis və xüsusi xidmət orqanlarının nəzarətini gücləndirmək üçün istifadə olunacağı ehtimal edilir. Dövlət Dumasının miqrasiya qanunvericiliyini daha da sərtləşdirəcəyi istisna edilmir.
Vəziyyət etnik toqquşmalara qədər uzana bilər ki, bu da Ukrayna xüsusi xidmət orqanlarının əsas məqsədi kimi görünür. Mərkəzi Asiyanın İslam ölkələrinin vətəndaşları Rusiyada, görünür, eyni inanclı xalqlara göstərilən rəğbətlə qarşılaşırlar. Heç kimə sirr deyil ki, Rusiyada postsovet ölkələrinin öz mütəşəkkil icmaları var. Bu insanlar əsasən Rusiya vətəndaşları olsalar da, öz həmvətənlərinin taleyinə biganə qala bilməzlər. Rusiya ciddi problemlə üzləşir.
Asif Cəfərov
Ordu.az