Bu baxımdan, Ankaradakı Türkiyə Aviasiya və Kosmos Sənayesi (TUSAŞ) obyektinə edilən son terror aktının iki məqsədi var idi. Hücum əvvəlcə milli birliyi gücləndirmək cəhdlərini sarsıtmaq, ikincisi isə Türkiyənin müdafiə sənayesini zəiflətmək üçün strateji bir addım idi. Rəsmi mənbələrə görə, böyük ehtimalla terror təşkilatı PKK tərəfindən həyata keçirilən bu alçaq hərəkət terrorun simvolik dəyəri yüksək olan məqamlara yönəlmiş asimmetrik xarakterini ortaya qoyur. Türkiyə Respublikasının prezidenti Rəcəb Tayyib Ərdoğan və xarici işlər naziri Hakan Fidanın da vurğuladığı kimi, belə tədbirlər Türkiyənin terrorla mübarizə əzmini daha da gücləndirəcək.
Asimmetrik təhdidlər və strateji hədəf seçimi
TUSAŞ-ın hədəfə alınması terror taktikasının axıcı xarakterini ortaya qoyurdu. Türkiyədə ciddi itkilər verən və hərbi obyektlər kimi yaxşı qorunan hədəflərə hücum etmək imkanını itirən terror qrupları indi simvolik əhəmiyyət daşıyan yerlərə hücuma üstünlük verirlər. Bu məqsədyönlü hücumların vaxtını, simvolizmini və strateji məntiqini anlamaq terror aktının arxasında duran mesajları və onun daha geniş məqsədlərini anlamağa kömək edir. Bu anlayış terrorizmin yaratdığı asimmetrik təhdidləri və onun fəaliyyət göstərdiyi konteksti daha effektiv qiymətləndirməyə imkan verir.
Türkiyənin müdafiə sənayesində təqribən 90 min işçisi olan aparıcı şirkətləri və törəmə şirkətləri var. TUSAŞ Türkiyənin qabaqcıl müdafiə texnologiyaları sahəsindəki imkanlarını və sənayedə özünü təmin etməsini simvollaşdırır. TUSAŞ-ın ən mühüm müdafiə layihələrindən biri olan Milli Döyüş Təyyarəsi “Kaan” Türkiyənin döyüş təyyarəsi dizayn və istehsal edə bilən azsaylı ölkələrdən biri olması istiqamətində atılmış kritik bir addımdır. Tamamlandıqdan sonra “Kaan” Türkiyəni 5-ci nəsil təyyarələr istehsal edə bilən elit ölkələr sırasına daxil edəcək. Bu uğur bir çox xarici qüvvələrin reaksiyasını çəkir.
TUSAŞ, həmçinin “Hürjet”, “Hürkuş”, “Gökbey” helikopteri, T129 “Atak” Hücum və Taktiki Kəşfiyyat Helikopteri, “Aksungur” və “Anka” kimi pilotsuz uçuş aparatları da daxil olmaqla, digər qabaqcıl təyyarələri inkişaf etdirir və bir çox kritik hava hücumundan müdafiə məhsulları istehsal edir. TUSAŞ-ın müdafiə sistemləri Türkiyənin Şimali Suriya və Şimali İraqdakı terrorla mübarizə əməliyyatlarına fəal töhfə verir və dünya səviyyəsində tanınır.
Türkiyə İxracatçılar Məclisinin (TİM) 2023-cü il məlumatlarına görə, TUSAŞ Türkiyənin ən böyük 1000 ixracatçısı arasında 23-cü, sektorunda isə “Baykar”dan sonra 2-ci yerdədir. TUSAŞ-ın beynəlxalq müştəriləri arasında Malayziya, Pakistan, İndoneziya, Çad, Əlcəzair, Tunis və Qazaxıstan kimi ölkələr var. Buna görə də bu, təsadüfi bir hücum deyildi, Türkiyənin müdafiə infrastrukturunun kritik komponentini simvolik və strateji olaraq hədəfə almaq üçün düşünülmüş cəhd idi.
Bu hücumla cinayətkarlar həm TUSAŞ-ın milli müdafiədəki strateji roluna, həm də Türkiyənin texnoloji inkişafını təmsil edən simvolik əhəmiyyətinə zərbə vurmağı hədəfləyirdilər.
Türkiyənin terrorla mübarizəsi
Hücum həm də Türkiyənin terrorla mübarizə və milli birliyi gücləndirmək səylərinə zərbə vurmaq cəhdini ortaya qoyurdu. Hadisədən bir gün əvvəl Ərdoğan deyib: “Türkiyənin gələcəyində terrora yer olmadığını hər kəsin dərk etməsini gözləyirik. Açılan bu tarixi pəncərənin şəxsi hesablara qurban getməməsini istəyirik. Biz birlikdə terrorsuz Türkiyə qurmaq istəyirik”.
O, siyasi təşkilatları, vətəndaş cəmiyyətini və cəmiyyətin bütün təbəqələrini terrorizmdən azad gələcək qurmaq üçün birlikdə çalışmağa çağırıb. Hücumun vaxtı bu səylərə birbaşa cavab kimi görünürdü və bu cür hərəkətlərin arxasında duran siyasi motivləri ortaya qoyurdu. Aydındır ki, terror təşkilatı PKK-ya xaricdən dəstək verənlər, xüsusilə də İŞİD-ə qarşı mübarizə bəhanəsi ilə Suriyada terror təşkilatı YPG-nin yaranmasına şərait yaradanlar Türkiyənin müdafiə sahəsində artan özünü təmin etməsindən çox narahatdırlar.
Bu aktorlar terror təşkilatı YPG-ni “Suriya kürdləri” olaraq qadlandırır, “Suriya Demokratik Qüvvələri” olaraq yenidən adlandırır və terroru bölgənin qaçılmaz sosial reallığı kimi qələmə verərək, İŞİD-ə qarşı mübarizə bəhanəsi ilə bu qruplara verilən dəstəyi qanuniləşdirməyə çalışırlar. Son məqsəd Türkiyə sərhədlərindəki terror dəhlizini daimi etmək, Türkiyəni bölgədə bitib-tükənməyən qarşıdurma və müharibə vəziyyətinə çəkmək və bu dövrədə sıxışdırmaqdır. Həmçinin Türkiyədə siyasəti və cəmiyyəti bu cür problemlərlə məşğul saxlamaqla, milli birliyi gücləndirmək səylərinin qarşısını almaq hədəflənir. Məqsəd indiki ictimai quruluşda etnik parçalanmalar olduğu təəssüratı yaratmaqla, ictimai harmoniyanı zəiflətməkdir.
Gələcəyə baxış
Suriyada baş verənlərdən öncə edilmiş son hücum Türkiyənin müdafiə sahəsində irəliləyişini sarsıtmaq və milli birliyi zəiflətmək üçün hesablanmış bir cəhd idi. Lakin bu cür terror aktları ölkənin qətiyyətini daha da gücləndirir. Artıq Milli Kəşfiyyat Təşkilatı terrorla mübarizədə qətiyyətin gücünü nümayiş etdirərək, yerli istehsal olan sursatların maksimum istifadə edildiyi əməliyyatlarla Şimali İraq və Suriyanın şimalında hədəflərin məhv edildiyini açıqladı. Əməliyyatların geniş miqyaslı olub-olmayacağını isə zaman göstərəcək.
Asif Cəfərov
Ordu.az