Dünyanın ilk 100 müdafiə şirkəti açıqlandı: 3 Türkiyə şirkəti var

2024/12/1733981314.jpg
Oxunub: 983     11:32     12 Dekabr 2024    
SIPRI dünyanın ən böyük 100 müdafiə və hərbi xidmət təminatçısı şirkətini açıqladı. Siyahıda Türkiyədən 3 müdafiə şirkəti var.

Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutu (SIPRI) dünya üzrə 2023-cü ildə gəlirlərini ən çox artıran 100 ən yaxşı müdafiə və hərbi xidmət təminatçısı şirkətini tərtib edib. Gəlirləri daxil edilən ilk 100 şirkət arasında Türkiyədən 3 müdafiə sənayesi şirkəti yer alıb.

Ordu.az olaraq məlumatları tərtib etdik:

2023-cü ildə bir çox silah istehsalçısı artan tələbata cavab olaraq istehsalını artırdı. 2023-cü ildə ilk 100 şirkətin ümumi müdafiə gəlirləri 2022-ci ildəki azalmadan sonra bərpa olunub. 2023-cü ildə ilk 100 şirkətin ümumi müdafiə gəliri 632 milyard dollar olaraq qeyd edildi.

Şirkətlərin demək olar ki, dörddə üçü əvvəlki illə müqayisədə müdafiə gəlirlərini artırıb. Gəlirlərini artıran şirkətlərin əksəriyyətinin ilk 100-lüyün aşağı yarısında olması diqqət çəkib.


3 Türkiyə şirkətindən 6 milyard dollar müdafiə gəliri

İlk 100-lükdə yer alan, Türkiyədə yerləşən 3 şirkətin (ASELSAN, “Baykar”, TUSAŞ) müdafiə gəlirləri Ukraynadakı müharibənin yaratdığı ixracat və Türkiyənin silah istehsalında özünü təmin etmə səyləri nəticəsində 24 faiz artaraq, 6 milyard dollara çatıb.

2022-ci ildə siyahıda 62-ci olan ASELSAN 2023-cü ildə 2,44 milyard dollar (12,4% artım) müdafiə gəliri ilə siyahıda 54-cü yerə yüksəldi. “Baykar” 2022-ci ildə siyahıda 79-cu yeri tutarkən, 2023-cü ildə müdafiə gəlirlərini 25% artıraraq, 1,9 milyard dollar gəlirlə 69-cu yerə yüksəlib.

Son olaraq TUSAŞ 1,7 milyard dollarlıq gəliri ilə siyahıda 78-ci yerdə qərarlaşıb. 2022-ci ildə 88-ci yerdə olan TUSAŞ gəlirlərini 45,3% artırıb.


ABŞ şirkətlərinin müdafiə gəlirləri artır, lakin istehsal problemləri hələ də qalır

İlk 100-lüyə daxil olan, ABŞ-də yerləşən 41 şirkət 317 milyard dollarlıq müdafiə gəlirinə nail olaraq, ilk 100-lüyün ümumi silah gəlirlərinin yarısını və 2022-ci illə müqayisədə 2,5% daha çoxunu əldə edib. 2018-ci ildən etibarən ilk 100-lüyə daxil olan ilk 5 şirkət ABŞ-də yerləşir.

41 ABŞ şirkətindən 30-u 2023-cü ildə silah gəlirlərini artırıb. Ancaq dünyanın iki ən böyük silah istehsalçısı olan “Lockheed Martin” və RTX azalma qeydə alanlar arasında yer alıb.

SIPRI-nin hərbi xərclər və silah istehsalı proqramı direktoru Nan Tian bildirib: “Lockheed Martin” və RTX kimi geniş çeşiddə müdafiə sənayesi məhsulları istehsal edən iri şirkətlər çox vaxt mürəkkəb, çoxqatlı tədarük zəncirlərinə etibar edir və bu da onları 2023-cü ildə davam edən tədarük zəncirinin problemlərinə qarşı həssas edir. Bu vəziyyət xüsusilə aviasiya və raket sektorları üçün keçərli idi”.


27 Avropa şirkətindən 133 milyard dollar müdafiə gəliri

İlk 100-lük siyahısına daxil olan, Avropada yerləşən 27 şirkətin (Rusiya istisna olmaqla) ümumi müdafiə gəlirləri 2023-cü ildə 133 milyard dollar təşkil edib. Bu rəqəm 2022-ci illə müqayisədə cəmi 0,2% artıma uyğundur və bütün dünya regionları arasında ən kiçik artımdır. Bununla belə, aşağı artım rəqəminin arxasındakı mənzərə daha nüanslıdır. Mürəkkəb silah sistemləri istehsal edən Avropa silah şirkətləri 2023-cü ildə əsasən köhnə müqavilələr üzərində işləyirdilər və buna görə də onların il üzrə gəlirləri sifariş axını əks etdirmirdi.

Eyni zamanda, Ukraynadakı müharibə ilə əlaqədar sursat, artilleriya, hava hücumundan müdafiə və yerüstü sistemlərə tələbat səbəbindən bəzi digər Avropa istehsalçılarının silah gəlirləri əhəmiyyətli dərəcədə artıb. Xüsusilə Almaniya, İsveç, Ukrayna, Polşa, Norveç və Çexiyadakı şirkətlər bu tələbatdan yararlanmağı bacarıb. Məsələn, Almaniyanın “Rheinmetall” şirkəti 155 mm-lik sursat istehsal gücünü artırıb, “Leopard” tanklarının tədarükü və müharibə ilə bağlı “ring-exchange” proqramları (ölkələrin Ukraynaya hərbi məhsul tədarük etdiyi və müttəfiqlərdən əvəzedici məhsullar aldığı) da daxil olmaqla, yeni sifarişlər gəlirlərini artırıb.


Müharibə dövründə istehsal Rusiya firmalarının silah gəlirlərinin kəskin artmasına səbəb oldu

İlk 100-lüyə daxil olan 2 Rusiya şirkətinin ümumi gəlirləri 40 faiz artaraq, 25,5 milyard dollara çatıb. Bu artımın demək olar hamısı daha öncə ilk 100-lükdə yer alan və fərdi gəlirləri haqqında məlumat olmayan 7 şirkət də daxil olmaqla, bir çox silah istehsalçısına nəzarət edən dövlətə məxsus holdinq şirkəti olan “Rostec”in silah gəlirlərində qeydə aldığı 49 faizlik artımdan qaynaqlanıb.

Cənubi Koreya və Yaponiya şirkətləri Asiya və Okeaniyada gəlir artımına rəhbərlik edirlər

İlk 100-lükdə yer alan Asiya və Okeaniyadakı 23 şirkətin silah gəlirləri əvvəlki ilə nisbətən 5,7% artaraq, 136 milyard dollara çatıb. Cənubi Koreyada yerləşən 4 şirkət silah gəlirlərində ümumilikdə 39% artım qeydə alaraq, 11,0 milyard dollara çatıb. Yaponiyada yerləşən 5 şirkətin ümumi silah gəlirləri 35% artaraq, 10 milyard dollara çatıb. Yaponiyada 2022-ci ildən həyata keçirilən hərbi güclənmə siyasəti daxili sifarişlərin artmasına səbəb olub, bəzi şirkətlərin yeni sifarişlərinin dəyəri 300 faizdən çox artıb.


Digər diqqətəlayiq inkişaflar

İlk 100-lükdə yer alan, Çində yerləşən 9 şirkət iqtisadiyyatın yavaşlaması səbəbindən 2019-cu ildən etibarən silah gəlirlərində illik ən aşağı faiz artımını (+0,7%) görüb. Bu şirkətlərin 2023-cü ildə ümumi silah gəlirləri 103 milyard dollara çatıb.

İlk 100-lükdə yer alan 3 Hindistan şirkətinin ümumi silah gəlirləri 6,7 milyard dollara (+5,8%) yüksəlib.

İlk 100-lükdəki yeganə Tayvan şirkəti olan NCSIST-in silah gəlirləri 27% artaraq, 3,2 milyard dollara çatıb.

Türkiyənin “Baykar” şirkəti Ukrayna müharibəsində geniş istifadə olunan zərbə tipli pilotsuz uçuş aparatları istehsal edir. İxrac 2023-cü ildə silah gəlirlərinin təxminən 90%-ni təşkil edib və il ərzində 25% artaraq, 1,9 milyard dollara çatıb.

Nüvə döyüş başlıqlarının dizaynı, istehsalı və saxlanması ilə məşğul olan Böyük Britaniya Atom Silahları Müəssisəsi ilk 100-lükdəki Böyük Britaniya şirkətləri arasında silah gəlirlərində əvvəlki illə müqayisədə ən böyük faiz artımını (+16%) qeydə alaraq, 2,2 milyard dollara çatıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   SIPRI  


Bizi "telegram"da izləyin