Ukrayna müharibəsi, Qarabağ, Gürcüstan: Qafqazda dəyişən tarazlıqlar

2024/12/1733896159.jpg
Oxunub: 772     15:29     12 Dekabr 2024    
Son illərdə keçmiş sovet coğrafiyasında mühüm inkişaflar baş verir. Rusiya-Ukrayna müharibəsi, Azərbaycanın Ermənistanın işğalı altında olan torpaqlarını azad etməsi, türk dövlətlərinin öz aralarında əməkdaşlığı gücləndirməsi, Moldova və Gürcüstanda keçirilən seçkilərin XXI əsrin əvvəllərində olduğu kimi Qərblə Rusiya arasında mübarizə meydanına çevrilməsi bu inkişafların başında gəlir.

Sovet Sosialist Respublikaları İttifaqının (SSRİ) dağılmasından 33 il keçməsinə baxmayaraq, regionda hələ də münaqişələr, müharibələr davam edir. Bu vəziyyətin ən mühüm səbəbləri SSRİ-nin parçalanması zamanı ittifaqı yaradan respublikaların öz aralarında olan problemləri həll etməmələri, həllini təxirə salmaları və ya hər birinin özlərinə uyğun vaxtı gözləmələridir.

Sovet İttifaqından sonra yaranan ittifaqlar

Tarix boyu qlobal və regional güclərin diqqətini cəlb edən Qafqaz SSRİ-nin dağılması ilə ən problemli bölgələrdən birinə çevrildi. Bu qeyri-sabitliyin əsas səbəbi SSRİ dövründə başlayan Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi idi. Ermənistanın bu siyasəti faktiki olaraq 1990-cı illərdə regionda balansları müəyyən etdi. Ermənistan işğal etdiyi torpaqları saxlamaq üçün tamamilə Rusiyadan asılı vəziyyətə düşdü. Tarix boyu regionla maraqlanan və Azərbaycanla müxtəlif problemləri olan İran da bu duetdə yer alıb. Sözügedən üç ölkə arasında müttəfiqlik onların hər birinin mənafeyinə xidmət edirdi və adıçəkilən ölkələr arasında inkişaf edən ikitərəfli əlaqələr də bu müttəfiqliyi gücləndirirdi.

Bu müttəfiqliyə qarşı çıxanlar Azərbaycan, Azərbaycana qarşı həmişə “iki dövlət, bir millət” mövqeyində olan Türkiyə və həm Rusiya, həm də Ermənistanla problemi olan Gürcüstan idi. Bu tənliyə görə, Azərbaycan və Türkiyənin Ermənistanla uzun illər əlaqələri kəsildiyi halda, Gürcüstan 2008-ci ildə 5 günlük müharibədən sonra Rusiya ilə əlaqələrini kəsib. Abxaziya və Cənubi Osetiyanın Rusiya tərəfindən tanınması Rusiya-Gürcüstan münasibətlərini tarixlərinin ən pis dövrünə aparıb. Şübhəsiz ki, tərəflər arasında bir çox başqa problemlər və rəqabət sahələri də var.

Ukrayna və Qarabağ müharibələrinin Qafqaza təsiri

Sözügedən vəziyyət, ittifaq və tarazlıqlar uzun illər davam etdi və bölgədəki konyukturanın yaxın gələcəkdə dəyişməsi gözlənilmirdi. Lakin Azərbaycanın 2020-ci ildə işğal altındakı torpaqlarını azad etməsi və Rusiya-Ukrayna müharibəsinin başlaması Qafqazda tarazlığı tezliklə pozdu.

2020-ci ildəki Qarabağ müharibəsi bir tərəfdən Azərbaycanın işğal altında olan torpaqlarını azad etməsinə şərait yaradarkən, digər tərəfdən türk dövlətləri arasında əməkdaşlığı gücləndirdi. Çünki Qarabağ müharibəsi zamanı Türkiyənin Azərbaycana verdiyi mənəvi dəstək digər dövlətərin də Türkiyə ilə və öz aralarında yaxınlaşmasına şərait yaratdı. Bu, Azərbaycanın Türkiyə ilə onsuz da möhkəm olan əlaqələrini daha da artırdı və türk dövlətləri arasında müxtəlif inteqrasiya proseslərini sürətləndirdi.

Azərbaycanın işğal altında olan torpaqlarını azad etməsi regiondakı ittifaqları da alt-üst etdi. Əslində Rusiya ilə Azərbaycan arasında yaxınlaşma başlayanda, Rusiya-Ermənistan münasibətləri gərginləşdi. Rusiya-Azərbaycan əməkdaşlığına ən böyük maneə Qarabağ məsələsi və Rusiyanın bu prosesdə əvvəldən ermənilərə yardım etməsi idi. Qarabağın azad edilməsi və rus qoşunlarının Qarabağdan çıxarılması faktiki olaraq potensial Rusiya-Azərbaycan münasibətlərini sürətləndirdi. Bu yaxınlaşmanın əsas səbəbləri iki ölkə arasında ticarət əlaqələrinin çoxdan inkişaf etməsi, xeyli sayda azərbaycanlının Rusiyada yaşaması və Qərb dövlətlərinin, xüsusən də Fransanın bu prosesdə Ermənistana dəstək verməsidir.

Ermənistanın Rusiyadan uzaqlaşması

Ermənistanın fikrincə, bu yaxınlaşmanın və eyni zamanda Ermənistanın Rusiyadan qopmasının başqa səbəbi də var. Yəni Rusiya Ermənistanın arxasında dayanmır. Əslində, Qarabağ müharibəsindən dərhal sonra Azərbaycan Müstəqil Dövlətlər Birliyində (MDB) əvvəlkindən daha fəal iştirak etməyə başladı, Ermənistan isə əksinə, Qərblə yaxınlaşmağa doğru getdi.

Eyni zamanda, Ermənistanın Baş naziri Nikol Paşinyan bildirir ki, həm Azərbaycan, həm də Türkiyə ilə münasibətlər yaxşılaşdırılmalı, Qarabağ məsələsi və illərdir Türkiyəyə qarşı yönəltdiyi qondarma “soyqırımı” ittihamları gündəmdən çıxarılmalıdır. Paşinyanın bu siyasəti, şübhəsiz ki, Ermənistanı “azad edir”. Bu yolla erməni diasporunun və Moskvanın Ermənistana təsiri azalacaq. Bu, hətta Ermənistana region ölkələrinin hazırladığı layihələrdə iştirak etməyə imkan verəcək.

Paşinyanın yanaşması bu gün müxalifət tərəfindən tənqid olunsa da, uzunmüddətli perspektivdə tarixçilər Paşinyanın bu xidmətinə görə ona haqq qazandıracaqlar. Çünki Ermənistan indi anlayıb ki, üçüncü ölkəyə arxalanaraq, işğal olunmuş torpaqları saxlamaq və ya Qərbin dəstəyi ilə Türkiyəni qondarma “soyqırımı”nda ittiham etmək heç bir nəticə verməyəcək.

Öz siyasətinə yenidən baxan Gürcüstan

Bölgədə xarici siyasətinə yenidən baxmağa başlayan digər ölkə Gürcüstan oldu. Qarabağın azad edilməsi və Ermənistanın siyasəti Gürcüstanın Türkiyə və Azərbaycan üçün əhəmiyyətini azaldıb. Əslində Türkiyə-Azərbaycan-Gürcüstan əməkdaşlığından ən çox faydalanan ölkələrdən biri də Gürcüstan olub. Gürcüstanın öz yeraltı sərvətləri olmasa da, yerləşdiyi yerə görə bütün layihələrdə iştirak edib. Bu layihələr ölkəni ayaqda saxlayır.

Lakin Gürcüstan əsl zərbəni Qərbdən aldı. Əslində, Gürcüstan Avropa İttifaqı (Aİ) və NATO-ya üzvlük proseslərində o qədər də irəliləyiş əldə etməyib. Şübhəsiz ki, həm Aİ, həm də NATO ərazi bütövlüyü problemi olan bir ölkəni qəbul etmək istəmir, lakin bu problemdən başqa Gürcüstanın üzvlük prosesində Türkiyənin Aİ-yə üzvlük prosesi kimi başqa fikir ayrılıqları da var.

Yenə də Gürcüstan Rusiya-Ukrayna müharibəsindən özünə dərs aldı. Tbilisi böyük ehtimalla bu gün təəccüblənir ki, niyə Qərb 2008-ci ildə Ukraynaya verdiyi dəstəyi ona vermədi? Bu səbəbdən Gürcüstan son proseslər çərçivəsində Aİ-yə üzvlük prosesini dayandırarkən, yavaş-yavaş Rusiya ilə nəqliyyat və ticarət kimi sahələrdə əlaqələri artırmağa çalışır və tərəflər səfirliklərinin yenidən açılmasına hazırlaşır.

Gürcüstanın Azərbaycan kimi çətin situasiyalarda ona kömək edə biləcək Türkiyəsi, öz maraqlarına uyğun olsa belə Ukraynanı dəstəkləyən Aİ kimi dəstəkçisi yoxdur. Bu məsələ Gürcüstandan öz siyasətinə yenidən baxmağı və daha balanslı siyasət yürütməyi tələb edir.

Regional güclər və Qafqaz

Son hadisələr, şübhəsiz ki, Rusiya və İranın bölgədəki varlığını azaldıb. İranın bölgədə dəyişikliklərin qarşısını almağa gücü çatmır və İsraillə yaşadığı gərginlik, şübhəsiz ki, onun diqqətini buradan yayındırmasına səbəb olur. Bundan əlavə, Suriya və Livanda İranın dəstəklədiyi qrupların gücünü itirməsi İranı narahat edir.

Oxşar vəziyyət Rusiyaya da aiddir. Rusiya-Ukrayna müharibəsinin Rusiya ilə Qərb arasında müharibəyə çevrilməsi və hazırda nüvə müharibəsi ehtimalından danışılması Moskvanın həm Mərkəzi Asiya, həm də Qafqaza diqqət yetirməməsinə səbəb olur. Digər tərəfdən, Rusiya ilə İranın Rusiya ilə Şimali Koreya arasında imzalanan müqaviləyə bənzər bir razılaşma imzalaması onların Qafqazda olmasa da, Yaxın Şərqdə əməkdaşlığı davam etdirməyi hədəflədiklərini göstərir.

Əksinə, Türkiyə Qarabağ müharibəsindən sonra bölgədə güclənən ölkə oldu. Türkiyə ilə Azərbaycanın bölgədəki əməkdaşlığı və Türkiyənin beynəlxalq aləmdə artan çəkisi də buna böyük təsir göstərir.

Nəticədə dünyada baş verən proseslər, xüsusən də Qarabağ və Ukrayna müharibələri dolayı yolla da olsa, Qafqazda dəyişikliklərə səbəb oldu. Sovet İttifaqından sonra yaranan ittifaqlar öz qüvvəsini itirdiyi halda, ölkələr ikitərəfli münasibətlərə və çoxşaxəli xarici siyasət yanaşmasına daha çox əhəmiyyət verməyə başladılar. Bu gün qlobal güclərin diqqətlərinin başqa coğrafiyalara yönəlməsi də bu kontekstdə region dövlətlərinin işini bir qədər asanlaşdırır.

İlyas Kamaloğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   Qarabağ   Gürcüstan  


Bizi "telegram"da izləyin