Bu barədə “Anadolu” məlumat yayıb. Ötən gün Ərdoğan dünyada iki həqiqi liderin qaldığını açıqlayıb. Biri özü, digəri Rusiya prezidenti Vladimir Putindir. Bütün mənalarda Ərdoğan bu fikri ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın Parisə səfərindən, Fransa prezidenti Makronun vasitəçiliyi ilə onunla Ukrayna prezidenti Volodimir Zelenski arsında danışıqlardan, Suriyada Bəşər Əsəd rejiminin devrilməsindən və İsrailin Baş naziri Benyamin Netanyahunun Colan təpələrinə səfərindən sonra səsləndirib.
Ərdoğan əslində Putinə sadə iltifat etməyib, bəlkə də Rusiya-Türkiyə qarşıdurmasının alternativ ola biləcəyi mənasında da başa düşülə biləcək əməkdaşlıq təklifi verib. Görünən odur ki, son dərəcə vacib bir məlumat ekspert ictimaiyyətinin və siyasi dairələrin diqqətindən kənarda qalıb: dekabrın 5-də İranın Moskvadakı səfirliyi sosial şəbəkədəki paylaşımında İranın dini liderinin siyasi məsələlər üzrə müavini ayətullah Möhsün Quminin yüksək rütbəli bir heyətin müşayiəti ilə Rusiyaya gəldiyini elan edib.
Tərəflərdən heç biri bu səfərlə bağlı əlavə məlumat açıqlamayıb və bu, Moskva ilə Tehranın Suriya məsələsində ortaq məxrəcə gəlmədiyini açıq şəkildə göstərib. Ertəsi gün İranın xarici işlər naziri Abbas Əraqçi bildirib ki, Bəşər Əsədin gələcək taleyini “heç kim proqnozlaşdıra bilməz”. İsrail mətbuatı “Hizbullah”ın bütün qruplaşmalarını Suriyadan çıxardığını yazır.
Bundan əvvəl verilən açıqlamalara baxmayaraq, İran Suriya hökumət qüvvələrinə hərbi yardım göstərməyib. Türkiyə mənbələrinin məlumatına görə, Suriyada iqtidara gələn qüvvələr Mənbici YPG terrorçularından azad ediblər. Suriyanın şimal-şərqindəki YPG ABŞ-nin dəstəyini alır. Ankara xarici işlər naziri Hakan Fidan səviyyəsində ABŞ-nin vədini yerinə yetirəcəyinə və qoşunlarını bölgədən çıxaracağına ümid etdiyini bildirib.
Əsəd rejiminin devrilməsi Suriya problemini həll etmir. Üstəlik, münaqişələr şiddətlənir, yeni təhlükələr üzə çıxır. Artıq üçüncü gündür ki, ABŞ-nin Həbi Hava Qüvvələri Suriyanın şimal-şərqini “düzləşdirir”. Rəsmi izahat budur ki, “İŞİD fürsətdən istifadə edərək, yenidən xaos toxumu səpə bilər”. Ekspertlər xatırladırlar ki, Dəməşqi ələ keçirən qüvvələrin lideri əl-Culani vaxtilə “İŞİD-in terror qruplarından birinin komandiri” olub.
Əsədi devirən qüvvələr türkiyəyönümlüdür və bunu gizlətmirlər. Onlar ələ keçirdikləri şəhərlərdə öz simvollarının yanında Türkiyənin dövlət bayrağını qaldırıblar.
Netanyahu İsrail sərhədləri yaxınlığında hər hansı bir düşmən qüvvənin olmasına icazə verilməyəcəyini bildirib və artıq orduya Suriya ilə bütün bufer zonanı, bütün hakim yüksəklikləri nəzarət altına almağı əmr edib. “Hizbullah” qruplaşmalarını Suriyadan çıxarmaq üçün Türkiyə-İran razılaşması varmı?
İranın xarici işlər naziri Dəməşqdən Ankaraya gedib və görünür, artıq Əsəd rejiminin sayılı saatları qaldığına əmin olub. ABŞ-nin seçilmiş prezidenti artıq Ukraynadakı müharibəni “məntiqsiz dəlilik” adlandırıb. Kreml Ukraynanın Krım və 4 regiondan imtina edəcəyi təqdirdə atəşkəsə hazır olduğunu bildirib. Bu, Donald Trampın istehzasıdır. Hərtərəfli Rusiya-İran əməkdaşlığına dair saziş çox güman ki, yaxın aylarda aktual olmayacaq.
Firuz Bağırov
Ordu.az