“Oreşnik”in may ayında Ukraynaya qarşı istifadəsi döyüş yox, sınaq məqsədli olub - Putin

2026/06/1780599704.jpg
Oxunub: 162     23:03     04 İyun 2026    
“Oreşnik” raket sisteminin may ayının sonunda Ukrayna ərazisinə endirilən zərbələr zamanı istifadəsi döyüş deyil, sınaq xarakteri daşıyıb”.

Ordu.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində dünya informasiya agentliklərinin nümayəndələri ilə görüşdə bildirib.

Putinin sözlərinə görə, zərbələr nəticələrin dəqiq qiymətləndirilməsinin mümkün olduğu ərazilərə endirilib.

“Biz nəticələri görməyin rahat olduğu yerlərə zərbə endirdik. Bu, həm Belaya Tserkov, həm də “Donetsk Xalq Respublikası”nın (qondarma-red.) ərazilərinə aiddir. Daha sonra bizim pilotsuz uçuş aparatlarımız oraya uçdu və nəticələri millimetr dəqiqliyi ilə yoxladı”, - deyə Putin bildirib.

Onun sözlərinə görə, bu məlumatlar gələcəkdə “Oreşnik”in müxtəlif hədəflərə, o cümlədən şəhərsalma ərazilərinə qarşı istifadəsinin planlaşdırılması baxımından vacibdir.

Rusiya Prezidenti qeyd edib ki, indiyədək “Oreşnik” sisteminin sözün həqiqi mənasında heç bir döyüş tətbiqi baş verməyib.

Putin gələcəkdə müəyyən edilmiş hədəflərə, o cümlədən şəhərsalma zonalarına qarşı “Oreşnik”in tammiqyaslı istifadəsi ilə bağlı qərarların qəbul edilə biləcəyini istisna etməyib.

Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyi sonuncu dəfə mayın 24-də “Oreşnik” vasitəsilə Ukraynaya zərbə endirildiyini açıqlamışdı.

Nazirlik həmin hücumun Rusiyadakı mülki obyektlərə qarşı Ukrayna tərəfindən həyata keçirilən terror aktlarına cavab olaraq təşkil edildiyini bildirmişdi.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Oreşnik   Putin  


Bizi "telegram"da izləyin