Ordu.az xəbər verir ki, şirkət gələcəyin dəniz əməliyyatları tələbləri üçün hazırladığı LASV75 (Large Autonomous Surface Vessel) adlı Böyük Avtonom Yerüstü Dəniz Platforması konsepsiyasını ictimaiyyətə təqdim edib.
Məlumata görə, LASV75 uzunluğu 75 metr, eni isə təxminən 12 metr olan platforma kimi layihələndirilib. Təxminən 1000 ton su tutumuna malik platformanın xüsusilə çətin dəniz şəraitində fəaliyyət göstərə biləcək imkanlarla təchiz olunması planlaşdırılır.
“Navantia UK” tərəfindən yayımlanan görüntülərə əsasən, platforma modul quruluşa malik olacaq. Layihədə şaquli buraxılış sistemi ilə yanaşı konteyner əsaslı missiya modullarının yerləşdirilə biləcəyi geniş arxa əməliyyat göyərtəsi nəzərdə tutulub.
Gəmidə həmçinin göyərtəyə quraşdırılmış dəniz artilleriya sistemləri və müxtəlif sensor paketlərinin inteqrasiya edilə biləcəyi konfiqurasiya olunan dirək sistemi yer alır.
Bildirilib ki, LASV75 missiya konfiqurasiyasından asılı olaraq kəşfiyyat və müşahidə, müşayiət, radioelektron mübarizə və hücum əməliyyatları kimi müxtəlif tapşırıqlarda istifadə oluna bilər.
“Navantia UK” şirkətinin Kommersiya və Biznesin İnkişafı Direktoru Derek Cons bildirib ki, avtonom platformalar gələcəyin milli müdafiə imkanları baxımından əsas əhəmiyyət daşıyır.
Onun sözlərinə görə, gələcəyin hərbi dəniz qüvvələri pilotlu döyüş gəmiləri ilə insansız müşayiət və dəstək platformalarının birlikdə fəaliyyət göstərdiyi hibrid quruluşdan ibarət olacaq.
LASV75 layihəsi “Navantia UK” şirkətinin ötən il “Harland & Wolff” şirkətinin aktivlərini satın almasından sonra başladığı genişmiqyaslı modernizasiya proqramının bir hissəsi hesab olunur.
Şirkət Appledore, Arniş, Belfast və Methil şəhərlərində yerləşən gəmiqayırma zavodlarını əhatə edən transformasiya proqramı üçün 157 milyon funt-sterlinq həcmində sərmayə yatırıb.
Şirkət rəhbərliyi bildirib ki, rəqəmsal layihələndirmə imkanları və qabaqcıl avtomatlaşdırma texnologiyaları ilə dəstəklənən investisiyalar nəticəsində müəssisələrin Avropanın ən müasir gəmiqayırma zavodları sırasına daxil edilməsi hədəflənir.
Sevinc Əliyeva
Ordu.az