Çin yeni nəsil sualtı qayığı istifadəyə verib

2026/06/1780601206.jpg
Oxunub: 207     23:28     04 İyun 2026    
Çinin Şanxay şəhərində yerləşən JN gəmiqayırma zavodunda indiyədək ictimaiyyətə açıqlanmayan yeni sualtı qayıq sinfi peyk görüntülərində aşkarlanıb.

Ordu.az xəbər verir ki, bu barədə “Naval News” məlumat yayıb.

Məlumata görə, ənənəvi yelkən quruluşundan böyük ölçüdə imtina edilən yeni platformanın xüsusiyyətləri və təyinatı hələlik dəqiqləşməyib.

Bildirilir ki, son illərdə sürətlənən Çin sualtı qayıq inşa proqramı yeni və qeyri-adi platformanın ortaya çıxması ilə yenidən diqqət mərkəzinə gəlib. Peyk görüntülərinə əsasən, daha əvvəl qeydə alınmayan yeni sualtı qayıq sinfi Şanxaydakı JN gəmiqayırma zavodunda suya buraxılıb.

Mayın 31-i və iyunun 1-də çəkilən peyk görüntülərində sualtı qayığın gəmiqayırma zavodundan kənardakı təchizat hovuzunda körpüyə bağlanmış vəziyyətdə olduğu müşahidə edilib. Böyük yerüstü döyüş gəmilərinin istehsalı ilə tanınan JN gəmiqayırma zavodunun daha əvvəl də sualtı qayıq layihələrində iştirak etdiyi, lakin nüvə enerji qurğulu sualtı qayıq istehsal etmədiyi qeyd olunur. Çin mənbələri və rəsmi qurumlar isə platforma ilə bağlı hər hansı açıqlama verməyiblər.

Yeni sualtı qayığın ən diqqətçəkən xüsusiyyəti çox kiçik yelkən quruluşuna malik olması və ümumi görünüş etibarilə “yelkənsiz” təsir bağışlamasıdır. Platforma həmçinin aerodinamik burun hissəsi və X formalı sükan konfiqurasiyası ilə seçilir.

Mütəxəssislər hesab edirlər ki, bu konstruktiv həll su müqavimətinin azaldılmasına xidmət edə bilər. Çinin daha əvvəl də eyni gəmiqayırma zavodunda oxşar konsepsiyalı sualtı qayıq üzərində işlədiyi, əvvəlki platformanın isə hələ də zavod ərazisində qaldığı bildirilir.

Peyk məlumatları ilə yanaşı, Boxayvan dənizində yerləşən “Huludao” gəmiqayırma zavodunda da təxminən eyni dövrdə başqa bir sualtı qayığın suya buraxıldığı ehtimal olunur. Nüvə sualtı qayıqlarının istehsalı ilə tanınan bu zavodda inşa edilən platformanın Şanxayda görüntülənən sualtı qayıqla eyni sinfə məxsus ola biləcəyi irəli sürülür.

Bu məlumat təsdiqlənərsə, eyni tipdən olan iki sualtı qayığın müxtəlif gəmiqayırma zavodlarında eyni vaxtda istehsal edilməsi diqqətçəkən hadisə kimi qiymətləndiriləcək. Təxminən 120 metr uzunluğa və 10-11 metr enə malik olduğu bildirilən yeni sualtı qayıq son aylarda Boxayvan bölgəsində görüntülənən digər yeni Çin sualtı qayığından daha uzun, lakin daha ensiz quruluşa malikdir.

Analitiklər bunun tamamilə yeni sinif olduğunu hesab etsələr də, platformanın uzun müddətdir gözlənilən “Type-095” hücum təyinatlı sualtı qayıq olub-olmaması ilə bağlı sualların qaldığını bildirirlər. Mövcud qiymətləndirmələrə görə, sualtı qayığın ballistik raket daşıyan platforma olması ehtimalı aşağıdır. Mütəxəssislər xüsusilə JL-3 raketinin ölçülərini nəzərə alaraq belə bir vəzifə üçün daha böyük gövdənin tələb olunacağını düşünürlər.

Hərəkətverici sistem barədə də dəqiq məlumat yoxdur. Ölçülərinə görə platformanın klassik nüvə enerji qurğusu ilə təchiz olunması ən real variant hesab edilir. Bununla yanaşı, Çinin aşağı güclü reaktoru havadan asılı olmayan hərəkət sistemi kimi istifadə edən “nüvə AIP” konsepsiyası üzərində işlədiyi də məlumdur. Bu texnologiyanın ilk nümunəsi sayılan “Type-041 Zhou” sinfinə məxsus sualtı qayıq 2024-cü ildə Uhan şəhərində yerləşən “Wuchang” gəmiqayırma zavodunda suya buraxılmışdı.

Yeni platformada da oxşar yanaşmanın tətbiq edilmiş ola biləcəyi bildirilsə də, bunun klassik nüvə enerji qurğusu ilə müqayisədə daha az ehtimal olunduğu vurğulanır.

Çin Hərbi Dəniz Qüvvələrinin yeni sualtı qayıq sinifləri barədə ictimaiyyətlə müntəzəm məlumat paylaşmaması səbəbindən platformanın real təyinatı və texniki xüsusiyyətlərinin gələcək təhlillərlə dəqiqləşəcəyi gözlənilir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Çin   Sualtı-qayıq  


Bizi "telegram"da izləyin