Ukraynada atəşkəs hansı halda mümkündür? – Suriyadan çıxarılan dərslər

2024/12/1733833301.jpg
Oxunub: 671     17:33     10 Dekabr 2024    
Parisdə Fransa və Ukrayna prezidentləri ilə üçtərəfli görüşlə bağlı ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp bəyan edib ki, Ukrayna prezidenti Volodimir Zelenski atəşkəs istəyir, sülh istəyir.

“Bu, yeni bir şeydir. O, atəşkəs istəyir. O, sülhü bərqərar etmək istəyir. Biz detalları müzakirə etməmişik. O hesab edir ki, vaxt gəlib çatıb və Putin də eyni fikirdə olmalıdır, çünki 700 min insan itirib. Bütün bunlar sülh olmadığı müddətcə bitməyəcək. İndi mən bu absurd müharibəni necə bitirmək lazım olduğu barədə konsepsiya hazırlayıram”, - deyə Tramp bildirib.

Bir neçə gün əvvəl Moskvaya səfər edən Macarıstanın xarici işlər naziri Peter Siyarto Trampın istək ehtimalının artdığını açıqlamışdı. Digər tərəfdən, Kremlin sözçüsü Peskov bəyan edib ki, Kiyev dörd bölgədən, eləcə də NATO-ya üzvlük perspektivindən imtina edərsə, Moskva bu məsələni müzakirə etməyə hazırdır.

Başqa sözlə, Putin ən azı indiki mövqelərdən və vəziyyətdən geri çəkilməyi nəzərdə tutan atəşkəs təsəvvür etmir. Bu halda belə çıxır ki, geri çəkilən Kiyev olmalıdır. Bəs Zelenski bütün bunları Ukrayna cəmiyyətinə necə əsaslandırmalıdır? Bu, praktiki olaraq mümkün deyil. Buna görə də Ukraynada atəşkəsin mümkün olması üçün Trampın hansı konsepsiyanı hazırlamalı olduğu demək olar ki, təsəvvürolunmazdır.

Digər tərəfdən, Suriyada baş verənlərə diqqət yetirməyə dəyər. Geniş ictimaiyyət üçün Suriyada baş verənləri, məsələn, noyabrın 24-də təsəvvür etmək mümkün deyildi, lakin 10-12 gün sonra artıq Əsəd rejimi yoxdur və Suriyada tamamilə yeni status-kvo var. Üstəlik, bunun ağır döyüşlər bahasına deyil, təbii ki, silahlı birləşmələrin iştirakı ilə, lakin açıq-aşkar geniş geosiyasi razılaşma kontekstində əldə olunduğu göz qabağındadır.

Buna görə də Ukrayna məsələsində bu kontekst yarandıqda, qətiyyən istisna etmək lazım deyil ki, bu gün ictimaiyyətə qeyri-mümkün görünən atəşkəs bir neçə gün ərzində birdən-birə mümkün ola bilər. Üstəlik, burada iki situasiyanın müəyyən “əlaqəliliyi” ssenarisini nəzərdən keçirmək bəlkə də lazımsız deyil. Bəlkə də hər kəsə aydındır ki, Suriyada qərar verən Əsəd olmadığı kimi, Ukraynada da qərar verən Zelenski deyil.

Güzəştə edən isə qərar verməyən olur. Buna görə də demək olar əminliklə söyləmək mümkündür ki, Ukrayna atəşkəsinin razılaşdırılması və həyata keçirilməsi halında güzəştə gedən Kiyev olacaq. Digər tərəfdən, bəs Moskva da Suriyada öz payına düşən güzəşti etdimi?

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   Suriya  


Bizi "telegram"da izləyin