Fransanın Qərbi Afrikada Mali ilə başlayan, Burkina-Faso və Nigerlə davam edən hərbi varlığına reaksiya ən sabit Afrika ölkələrindən biri olan Seneqalda da özünü göstərdi. Mart ayında seçilən prezident Bassirou Diomaye Faye seçki kampaniyası zamanı və ondan sonra Fransa ilə münasibətlərə yenidən baxmaq istəyini vaxtaşırı bildirib.
Faye və Baş nazir Ousmane Sonkonun rəhbərlik etdiyi hökumətin Fransa bazası ilə bağlı verdiyi açıqlamalar bu mövzuda Seneqaldan addım atıla biləcəyinə işarə edirdi. Anti-Fransa əhval-ruhiyyəsi seçki kampaniyasının ən mühüm sütunlarından birini təşkil etdiyinə görə Fayenin prezident olduqdan sonra ən qısa zamanda bu məsələ ilə bağlı hərəkətə keçəcəyi gözlənilirdi.
Noyabrın 28-də Fransa mətbuatına eyni vaxtda müsahibə verən Faye müstəqil və suveren bir ölkədə heç bir əcnəbi əsgərin olmamasının lazım olduğunu bildirərək, Fransa bazasını bağlamaq niyyətində olduqlarını bəyan edib. Həmin gün Çad Fransa ilə müdafiə sahəsində əməkdaşlıq müqaviləsini ləğv etdiyini açıqlayıb.
Fransanın Afrikadakı hərbi bazaları
Hazırda Fransanın Afrikada Cibuti, Çad, Qabon, Kot-d'İvuar və Seneqalda daimi hərbi bazaları var. Fransanın ən mühüm bazası sayılan Cibutidə 1500, Çadda 1000, Kot-d'İvuarda 600, Qabon və Seneqalda 350 Fransa hərbi qulluqçusu xidmət edir.
Rəsmi olaraq açıqlanmasa da, Fransa prezidenti Emmanuel Makronun Afrika üzrə xüsusi nümayəndəsi Jan-Mari Bokelin hazırladığı və Makrona təqdim etdiyi hesabatda bu bazalardakı hərbi qulluqçuların sayının azaldılması ilə bağlı tövsiyənin yer aldığı bildirilir.
Hesabata görə, Çaddakı hərbi qulluqçuların sayı 300-ə, Qabon, Kot-d'İvuar və Seneqalda isə 100-ə endirilə bilər. Hesabatda 1977-ci ildə Cibutidə yaradılmış Ncamenadakı hərbi baza ilə bağlı hər hansı bir hərbi qulluqçu azaltma tövsiyəsi yer almır.
“Persona non-qrata” elan edilən səfirlər, göndərilən hərbi qulluqçular
2020-ci ildə Malidə Assimi Qoitanın başçılıq etdiyi hərbi çevrilişdən sonra Fransanın 2013-cü ildən bu yana ölkədə həyata keçirdiyi hərbi əməliyyatlar müzakirə mövzusu olub. 2022-ci ilin fevralında Mali təxminən 5 min Fransa hərbi qulluqçusunun xidmət etdiyi “Barkhane” əməliyyatı mənsublarının ən qısa zamanda ölkə ərazisini tərk etmələrini tələb etdi və 2022-ci ilin mayında Fransa ilə müdafiə əməkdaşlığını dayandırdı.
Fransa Malidəki “Gao” hərbi bazasını da bağlamaq məcburiyyətində qalıb. 2022-ci ilin sentyabrında Burkina-Fasoda hakimiyyəti ələ keçirən İbrahim Traorenin rəhbərlik etdiyi hərbi administrasiya Fransa ilə hərbi əməkdaşlıq müqaviləsini ləğv edib və 2023-cü ilin yanvarında Fransanın Uaqaduqudakı səfiri Lük Halladı deportasiya edib.
Fevral ayında “Sabre” əməliyyatı çərçivəsində yerləşdirilmiş 400 Fransa hərbi qulluqçusu Burkina-Fasonun tələbi ilə ölkəni tərk edib. Mali və Burkina-Fasonu tərk etməli olan, lakin Sahel bölgəsini tərk etmək istəməyən Fransa hərbi qulluqçularını Nigerə köçürsə də, Niameydəki çevriliş səbəbiylə bu plan dəyişikliyi uzunmüddətli olmadı. 2023-cü ilin iyulunda Fransa ilə sıx əlaqələr quran ozamankı Nigeriya prezidenti Məhəmməd Bazumun devrilməsi ilə Fransa Saheldəki yaxın müttəfiqi Nigerdən geri çəkilmək məcburiyyətində qaldı.
Hərbi administrasiya çevrilişdən çox keçmədən 2023-cü ilin avqustunda Fransa ilə hərbi əməkdaşlığı dayandırdı və Niameydəki səfir Silven İtteni “persona non-qrata” elan etdi. Səfir İtte təxminən bir aya yaxın ölkəni tərk etməmək üçün müqavimət göstərsə də, 2023-cü ilin dekabrında Fransa Niameydəki səfirliyini bağladı və təxminən 10 il ərzində bölgədə yerləşən 1500 hərbi qulluqçunun hamısını geri çəkdi.
Afrikada Fransaya bağlanan, Rusiyaya açılan qapılar
Mali, Burkina-Faso və Niger Fransa ilə müdafiə sahəsində əməkdaşlıq müqavilələrini ləğv etdikdən sonra Moskva administrasiyası ilə yaxınlaşmağa başlayıb.
Fransa hərbi qulluqçularının bu üç ölkədən çıxarılmasından sonra Mali, Burkina-Faso və Nigerdə “Vaqner” muzdlularının meydanda olduğu məlumdur. Rusiya bu ölkələrə tez-tez hərbi məhsul göndərir, diplomatik əlaqəni də nəzərdən qaçırmır.
Son olaraq Rusiya Baş nazirinin müavini Aleksandr Novak Sahel Dövlətləri Alyansı (AES) ölkələri Mali, Niger və Burkina-Fasoya səfər edib. Rusiya prezidenti Vladimir Putin də ötən həftə Seneqal prezidenti Faye ilə telefonla danışıb. Bildirilib ki, ilk dəfə baş tutan telefon danışığında enerji, müdafiə və kənd təsərrüfatı sahələrində əməkdaşlıq imkanları müzakirə olunub.
Asif Cəfərov
Ordu.az