Məlumatdan çıxış etsək, ABŞ-nin yeni seçilmiş prezidenti hər hansı bir qeyri-adi və ya “sehrli çubuq” effektinə malik olan ideyanı müzakirə etmir və ya komanda ona belə bir şey təklif etmir, halbuki bütün seçki kampaniyası boyu o, müharibəni ABŞ prezidentinin andiçmə mərasimindən əvvəl də bitirə biləcəyini dəfələrlə deyib.
Əslində, bütün məlumat aşağıdakı nəticəyə gətirib çıxarır: qoşunların hazırkı təmas xəttində atəşkəs, Kiyevin yaxın 20 ildə NATO-ya üzvlük üçün müraciət etməyəcəyinə dair öhdəlik götürməsi, bunun müqabilində təhlükəsizlik və lazımi silahların tədarükü zəmanətinin verilməsi.
“Tramp planı” atəşkəs xətti boyunca təhlükəsizlik zonasının yaradılmasını nəzərdə tutur, lakin ABŞ təşkilatlarının və Birləşmiş Millətlər Təşkilatı da daxil olmaqla Birləşmiş Ştatların maliyyə iştirakının olduğu təşkilatların himayəsi altında formalaşmış sülhməramlı qüvvələr ola bilməz.
“Wall Street Journal” əlində olan məlumatları təqdim edərək, iki mühüm nəticə çıxarır. Birincisi, Trampın Rusiya-Ukrayna müharibəsini bitirmək üçün praktiki olaraq heç bir strateji planı yoxdur, onun komandası sırf situasiya məsələlərini müzakirə edir. İkincisi, ABŞ prezidenti Ukraynadakı müharibəyə görə Vaşinqtonun məsuliyyətindən boyun qaçırmağa çalışır və yekun həlli Avropa, Ukrayna və Rusiyaya aid hesab edir.
Bundan əlavə, dövri nəşr Trampın komandasının artıq Avropa dairələri ilə faktiki Rusiya-Ukrayna təmas xəttində təhlükəsizlik zonasına görə məsuliyyət məsələsini müzakirə etdiyinə işarə edir. Sadə dildə desək, Tramp Avropa ölkələrinə Rusiya-Ukrayna atəşkəs zonasında təhlükəsizlik üçün bütün siyasi, hərbi və iqtisadi məsuliyyət yükünü öz üzərinə götürməyi təklif etmək niyyətindədir.
Maraqlıdır ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bununla bağlı diametral əks fikir bildirib. Onun qiymətləndirməsinə görə, müharibəyə ABŞ başlayıb və müharibəni o dayandıra bilər. İstisna deyil ki, “Tramp planı” haqqında Moskvaya “Wall Street Journal”ın redaksiyasından daha tez məlumat veriblər və Peskov faktiki olaraq ABŞ-nin Ukrayna böhranına görə birbaşa məsuliyyətdən yayına bilməyəcəyini, yayınmamalı olduğunu açıq şəkildə başa salaraq, bunu rədd edir.
Kreml sadəcə olaraq deyir ki, Britaniya onlara qoşulsa belə, “Üçüncü Dünya müharibəsi”ni dayandırmaq və “strateqi ayırmaq” məsələsini Fransa və ya Almaniya, yaxud Fransa-Almaniya tandemi ilə müzakirə etməyəcək. Yalnız Vaşinqtonla müzakirə edəcək. Putin elə ilk cəhddə Trampın “buynuzlarından tutub”.
Asif Cəfərov
Ordu.az