Ordu.az xəbər verir ki, bu barədə “The Guardian” nəşri məlumat yayıb.
Məlumata görə, Böyük Britaniyanın biznes naziri Piter Kayl Brüsseldə Avropa İttifaqının ticarət üzrə komissarı Maroş Şefçoviç ilə görüşərək Londonun narahatlıqlarını müzakirə etməyi planlaşdırır.
Britaniya polad sənayesi daha əvvəl xəbərdarlıq edib ki, yeni kvota sistemi sektor üçün dağıdıcı nəticələrə səbəb ola bilər.
Bildirilir ki, Avropa İttifaqı iyulun 1-dən etibarən birlik üzvü olmayan ölkələrdən rüsumsuz polad idxalının ümumi həcmini 2024-cü ilin səviyyəsi ilə müqayisədə 47 faiz azaltmağı planlaşdırır.
Eyni zamanda Avropa istehsalçıları da Brexit-dən sonra öz tarif və kvota sistemini müstəqil şəkildə formalaşdıran Böyük Britaniyanın cavab tədbirlərindən narahatdırlar.
Avropa Polad İstehsalçıları Assosiasiyası (Eurofer) Maroş Şefçoviçə ünvanladığı məktubda Londonun təklif etdiyi kvotaların Avropa poladının Britaniya bazarına çıxışını ciddi şəkildə məhdudlaşdırdığını bildirib.
Assosiasiyanın hesablamalarına görə, bəzi məhsullar üzrə tədarük həcmi onlarla faiz azala bilər. Belə ki, üzvi örtüklü məhsulların ixracı 80 faiz, armatur məhsullarının ixracı 45 faiz, polad relslərin ixracı isə 38 faiz azala bilər.
“Eurofer”in Baş direktoru Aksel Eqert bildirib ki, həm Avropa İttifaqının, həm də Böyük Britaniyanın tətbiq etdiyi oxşar məhdudiyyətlər daxili bazarları, ilk növbədə Çin rəqabətindən qorumağa yönəlib. Lakin bu addımlar hər iki tərəf üçün qarşılıqlı itkilərlə nəticələnə bilər.
Avropa İttifaqındakı mənbələrin məlumatına görə, Böyük Britaniya və Ukrayna da daxil olmaqla bir sıra ölkələr təklif olunan tədbirlərdən narazıdır. Avropalı diplomatların fikrincə, kvotalar qaçılmaz olaraq hər iki tərəf üçün əlavə xərclər yaradacaq və bundan daha çox Böyük Britaniya zərər görəcək.
Britaniya sənayesi nümayəndələri isə hesab edirlər ki, qarşılıqlı razılaşmalar əldə olunarsa, kvotaların azaldılması qərarı yenidən nəzərdən keçirilə bilər. Onların fikrincə, Avropa İttifaqının sistemi isə daha sərt xarakter daşıyır.
Müşahidəçilər qeyd edirlər ki, yaranmış fikir ayrılıqları Avropa İttifaqı ilə Böyük Britaniya arasında polad ticarətinin liberallaşdırılmasını və Çinlə bağlı siyasətin əlaqələndirilməsini nəzərdə tutan “Polad Klubu” təşəbbüsünün perspektivlərini də zəiflədir.
Piter Kayl ilə Maroş Şefçoviç arasında keçiriləcək danışıqların əsas məqsədinin tərəflər arasında gərginliyi azaltmaq olduğu bildirilir.
Sevinc Əliyeva
Ordu.az