“Fransa Livanda atəşkəsə nəzarəti ABŞ ilə birlikdə əlaqələndirməyə hazırdır” - Makron

2026/06/1780327972.jpg
Oxunub: 166     23:47     04 İyun 2026    
Fransa Prezidenti Emmanuel Makron Parisin Vaşinqtonda elan edilən razılaşmalar çərçivəsində Livanda əldə olunmuş atəşkəsi dəstəklədiyini bildirib.

Ordu.az xəbər verir ki, bu barədə “Le Monde” nəşri məlumat yayıb.

Makron Monteneqroya səfəri zamanı bildirib ki, Fransa Livan və İsrail arasında atəşkəsi, eləcə də sülhün bərpasına, terror fəaliyyətinə qarşı mübarizəyə və Livanın suverenliyi ilə ərazi bütövlüyünün tam təmin olunmasına xidmət edən bütün addımları dəstəkləyir.

O əlavə edib ki, Fransa mövcud koordinasiya mexanizmi çərçivəsində ABŞ ilə birlikdə bu istiqamətdə fəaliyyətini davam etdirməyə hazırdır.

“Fransa hər zaman olduğu kimi bu yolda irəliləməyə hazırdır. ABŞ və Fransanın birlikdə çalışdığı koordinasiya mexanizmi yaradılıb. Əgər atəşkəs həqiqətən qüvvədədirsə, onun icrasını izləmək və yoxlamaq üçün bu mexanizm aktivləşdirilməlidir”, - deyə Fransa Prezidenti vurğulayıb.

Makron qeyd edib ki, davamlı atəşkəs təmin edilərsə, Livanın suverenliyinin bərpası və dövlətin güc tətbiqində müstəsna hüququnun yenidən təmin olunması istiqamətində konkret addımlar müəyyən edilməlidir.

Onun sözlərinə görə, Livan ordusunun silah tətbiqində müstəsna səlahiyyətə malik olması ölkədə sabitliyin təmin olunması üçün vacib şərtdir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Fransa   Makron  


Bizi "telegram"da izləyin