Mənbələrin bildirdiyinə görə, bütün müzakirələrdə İsrailin qeyd olunan ölkələrin hava məkanından İrana qarşı istifadə etməsi məsələsi əsas olub. Ərəb mətbuatında Əraqçinin müəyyən uğur qazanması ilə bağlı xəbərlər var. Görünür, İran xarici işlər nazirinin ən mürəkkəb görüşü Ankarada keçiriləcək. Son dövrdə Türkiyə-İran münasibətlərindəki gərginlik demək olar ki, tamamilə üzə çıxıb.
Tehran Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Fələstin məsələsi ilə bağlı ritorikasına inanmır və İsrailin hazırda nefti Ceyhan limanından almasını əsas gətirir. İranın ikinci şübhəsi Türkiyənin “Hizbullah”a münasibəti ilə bağlıdır. Vəziyyətlə tanış olan ekspertlər bildirirlər ki, Tehran Türkiyənin “Hizbullah”ın bölgədəki təsirinin zəifləməsinə töhfə verdiyinə tam əmindir.
Türkiyə-İran gərginliyinin üçüncü səbəbi kimi Türkiyənin dövlət televiziyası olan TRT-nin fransız proqramları üçün baş redaksiya yaratmağı planlaşdırması göstərilir. Bununla bağlı mətbuat Türkiyə tərəfindən rəsmi şəkildə verilən, İranı daim narahat etməli olan bəyanata istinad edir. Türkiyənin Yaxın Şərqdəki ən nüfuzlu rəqibinin İsrail deyil, İran olması ekspertlər tərəfindən çoxdan qeyd edilib, lakin Tehran-Ankara ziddiyyətləri Qəzzadakı müharibədən sonra üzə çıxıb və dərinləşməkdə davam edir.
Bu vəziyyətdə Rusiya, Türkiyə, İran, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin hazırda İstanbulda keçirilən görüşünün hansı effekti ola bilər? Əraqçinin türkiyəli həmkarı Hakan Fidanla nə vaxt görüşəcəyi bəlli deyil. Görünür, bu danışıqlar İstanbulda keçiriləcək beştərəfli danışıqlardan sonra olacaq. Sual odur ki, Fidan-Əraqçi danışıqları hansı tonda baş tutacaq və hansı nəticə ola bilər?
Yuxarıda sadalanan Türkiyə-İran fikir ayrılıqlarına birbaşa Zəngəzur dəhlizi problemini də əlavə etmək lazımdır. Mövcud vəziyyətdə Türkiyə və İran çətin ki, “ortaq məxrəc”ə gəlmək perspektivinə sahibdirlər. Hər hansı bir məsələdə güzəştə getmək tərəflərdən hər biri üçün regional və beynəlxalq nüfuzu şübhə altına almaq deməkdir.
Aqil Məmmədov
Ordu.az