Ukrayna cəbhəsində qeyri-müəyyənliklərlə dolu daha bir il – ANALİZ

2024/03/1711286665.jpg
Oxunub: 2054     17:22     24 Mart 2024    
Ukraynaya yardım planı hansısa yolla həll olunmuş kimi görünsə də, bu, prosesi yalnız ləngitdi və yardımın məcburilik hissi ilə könülsüz şəkildə göstərildiyini də ortaya qoydu.

Ukrayna-Rusiya müharibəsi üçüncü ilinə qədəm qoyarkən, davam edən münaqişələr və Ukraynanın uğursuz yaz hücumu Avropa İttifaqı (Aİ) daxilində parçalanmanı daha da dərinləşdirib. Hərbi yardımın gecikdirilməsi, yeni sanksiyalarla bağlı qeyri-müəyyənliklər və sanksiyaların pozulması ilə bağlı narahatlıqlar Aİ-nin Ukrayna ilə bağlı öhdəliyi barədə suallar yaradıb. Ukraynalılar daha təhlükəsizlik bölgələrə getmək üçün evlərini tərk etmək məcburiyyətində qalarkən, müharibə bütün tərəflər üçün getdikcə çətinləşdi.

Hər iki tərəfin verdiyi dağıdıcı itkilər birbaşa milyonlarla insana təsir etdi. Dünyada saysız-hesabsız insanlar da taxıl qıtlığı təhlükəsi ilə üzləşərək, müharibənin dolayı təsirlərini hiss etdilər.

Uzun müddət davam edən münaqişələr

Ukrayna ilə Rusiya arasındakı münaqişə əslində iki ölkəni əhatə etmir. Rusiya ilkin olaraq Kiyevə qəfil hücum edərək, Ukrayna üzərində nəzarəti ələ keçirməyi hədəfləmişdi. Lakin Ukrayna qoşunlarının və əhalisinin gözlənilməz müqaviməti nəticəsində bu ildırım əməliyyatı uğursuzluqla nəticələndi. Daha sonra Amerika Birləşmiş Ştatları (ABŞ) və Aİ-dən Ukraynaya hərbi və kəşfiyyat dəstəyi gəldi. İlk dövr üçün hərbi yardım kifayət etsə də, sonrakı əks-hücumlar üçün kifayət etmədi. Bu səbəbdən Kiyev ciddi qazanc əldə edə bilməyib və son zamanlar Avdeyevka kimi bir çox bölgələrdə ərazilərini itirməyə başlayıb.

İndiki geosiyasi mühit Moskvanın xeyrinə çevrilib

İsrailin HƏMAS-a qarşı hərbi əməliyyatları Moskvanın xeyrinə olub, çünki ABŞ-nin hərbi yardımının böyük hissəsi Təl-Əvivə gedib. Avropa hökumətləri Kiyevə yardım edilib-edilməyəcəyi və ediləcəksə, hansı ölçüdə olacağı kimi müzakirələrlə vaxt itirərək, hansı yolu tutacaqları barədə fikir ayrılığına düşüblər.

İndiki geosiyasi mühitdən Rusiya da yararlanıb. Moskva İrandan “Şahid” Pilotsuz Uçuş Aparatları (PUA) və Şimali Koreyadan artilleriya mərmiləri alıb. Bu yolla müharibə yönümlü iqtisadiyyata keçid və bəzi Aİ ölkələrinin iqtisadi narahatlıqlar səbəbilə sanksiyaları yumşaltması Rusiyanın iqtisadi və hərbi imkanlarını irəlilətdi. Müharibəyə bu uyğunlaşma silah istehsalını da artıraraq, Rusiyanı gələcək müharibə ssenarilərində avantajlı hala gətirdi.

Trampın yaxınlaşan kölgəsi

ABŞ-nin keçmiş Prezidenti Donald Trampın Aİ-nin NATO-ya kifayət qədər dəstək vermədiyi ilə bağlı açıq açıqlaması Aİ-nin müdafiə sənayesinə kifayət qədər önəm vermədiyini göstərdi. Qəti bir şey söyləmək hələ tez olsa da, Tramp seçilərsə, Ukraynanı danışıqlar masasında təsirinin azaldığı sülh sazişi prosesinə məcbur edə bilər. Bu vəziyyət Aİ-ni qitədə Rusiya ilə təkbaşına məşğul olmağa məcbur edə bilər. Ukraynada belə bir qələbədən cəsarət alan Kreml Avropa üçün daha böyük təhlükə yarada bilər.

ABŞ Prezidenti Co Bayden administrasiyasının Ukraynaya 60 milyard dollarlıq yeni yardım paketi elan etdiyi bir vaxtda Aİ-nin uzun müddətdir ki, 54 milyard avroluq yardım paketi üçün kompromis axtarışında olması Aİ-nin birgə hərəkətə keçə bilmədiyini açıq şəkildə göstərdi. Ukraynaya yardım paketinə qarşı çıxan ölkələr üzv dövlətin Aİ qərarlarına səs vermək hüququnun dayandırılmasını ehtiva edən 7-ci maddədən qorxurlar.

7-ci maddənin istifadə oluna biləcəyi ilə bağlı pıçıltılar Aİ daxilində parçalanmanın miqyasını ortaya qoyur. Əslində, Ukraynaya yardım planı hansısa yolla həll olunmuş kimi görünsə də, bu, prosesi yalnız ləngitdi və yardımın məcburilik hissi ilə könülsüz şəkildə göstərildiyini də ortaya qoydu. Üstəlik, bu yardımı gecikdirməkdə ittiham olunan ölkələr bilirdilər ki, bu, Ukraynaya möcüzəvi qələbə gətirməyəcək. Bu prosesdə Rusiya möhkəm dayandığı halda, Qərbin qətiyyətsiz hərəkətləri Ukraynanın mövqeyini zəiflətdi.

Kreml iddia edir ki, Ukraynadakı hərbi əməliyyatın məqsədi Ukraynanı nasistlərdən təmizləmək, onu demilitarizasiya etməkdir və bu, rejim dəyişikliyi ilə mümkün ola bilər. Rusiya Prezidenti Vladimir Putin iddia edir ki, ABŞ və Avropada keçiriləcək seçkilər Ukraynanı daha az dəstəkləyən liderləri hakimiyyətə gətirəcək.

Ukrayna isə müstəqil və suveren dövlət kimi yaşamaq üçün ekzistensial mübarizə aparır. Bu mübarizənin içində Ukrayna xalqı da daxili siyasi təlatümlə mübarizə aparır. Bütün bu qeyri-müəyyənliklər Ukrayna xalqını qələbə haqqında düşünməyə sövq edir. 2024-cü il Ukrayna üçün əhəmiyyətli çağırışlar gözləyir. Müdafiə xətlərinin gücləndirilməsi üçün ayrılan yeni yardım Ukraynanın zəif nöqtəsinin azalan sursat tədarükü olduğunu göstərir və sərhəd boyu davam edən tükəndirmə müharibəsinin davam edəcəyindən xəbər verir.

Davam edən qeyri-müəyyənlik

İştirak edən bütün tərəflər - ABŞ, Avropa, Rusiya və Ukrayna döyüş meydanında qələbəyə can atacaqları müddətcə, yalnız müharibənin intensivliyini artıracaqlar. Birləşmiş Ştatlar və müttəfiqləri balansı dəyişmək üçün kifayət qədər hərbi dəstək verə bilməsələr, Ukraynanı Rusiya ilə danışıqlara məcbur etməməlidirlər. Əks halda, münaqişənin uzadılmasına yönəlmiş əbəs cəhdlər daha çox ukraynalının həyatını riskə atacaq. Münaqişə ilə bağlı qeyri-müəyyənliklər və Aİ ilə ABŞ-nin parçalanmış siyasi mənzərələri bu prosesdə bütün tərəflərlə balanslaşdırılmış münasibətlərə malik Türkiyə kimi uğurlu vasitəçinin mühüm rolunu vurğulayır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   Müharibə   Rusiya  


Bizi "telegram"da izləyin