İstanbulda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Ukrayna Prezidenti Vladimir Zelenski arasında görüş keçirilib. Gündəliyə taxıl dəhlizinin yenidən fəaliyyət göstərməsi, müdafiə sənayesi sahəsində əməkdaşlıq, Rusiya ilə əsir mübadiləsi, Krımda ruslar tərəfindən həbs edilən tatar türkləri ilə bağlı təşəbbüs, sülh forumunun təşkili kimi əsas məsələlər daxil edilmişdi.
Ukraynanın müdafiə sənayesi dirçələ bilərmi?
Ukraynanın Sovetlərdən qalma ağır müdafiə sənayesi müəssisələrinin əksəriyyəti Rusiya tərəfindən dağıdıldı. Ukraynanın müdafiə sənayesi fabrikləri dağılsa da, Türkiyə ilə ortaq qurulacaq şirkətlər vasitəsilə texnologiya transferi və öyrədilmiş işçi qüvvəsinin bərpa oluna biləcəyinə inanılır. Zelenski açıqlamasında deyib: “Türkiyə müdafiə şirkətləri ilə ikitərəfli əməkdaşlığı və birgə istehsalı gücləndirmək istəyirik”. Ukraynanın belə bir təkliflə çıxış etməsinə səbəb Qərb ölkələrində Ukraynanın istifadə edə biləcəyi sursatların tükənməsi və siyasi maneələr səbəbindən Qərbin silah yardımının gecikdirilməsidir.
Qərb ölkələri Ukraynaya silah vermək əvəzinə pul verməklə bağlı daha tez qərar verə bilər. Ukrayna isə mövcud büdcəsindən asılı olaraq Türkiyədəki silah sənayesi şirkətləri ilə ortaqlıqlar quraraq, istehsal həyata keçirmək istəyir. Türkiyə Ukraynanın ən çox ehtiyac duyduğu artilleriya mərmilərini tez bir zamanda istehsal edə bilən ən təhlükəsiz ölkə kimi görünür. Bununla belə, bu silahları Türkiyənin birbaşa Ukraynaya satmasındansa, digər NATO ölkələrinin Türkiyədən alması daha uyğun bir yol ola bilər.
Ukrayna Rusiya ilə müharibənin daha uzun sürə biləcəyi və ya Qərbin silah yardımının birdən-birə kəsilə biləcəyi ehtimalına qarşı birgə istehsal yolu ilə həll yolu tapmağa çalışır və müharibədən əvvəl başladılan müdafiə sənayesindəki əməkdaşlığı daha da gücləndirəcək təkliflərlə çıxış edir. Ukraynanın müdafiə naziri, Krım tatar türkü Rüstəm Umerovun Zelenskinin nümayəndə heyətində olması iki ölkə arasında müdafiə sənayesi sahəsində əməkdaşlığın artırılması potensialını da gücləndirir.
Qara dənizdə Ukrayna donanmasının yenidən qurulmasında Türkiyə şirkətlərinin üzərinə böyük məsuliyyət düşür. Zelenski Türkiyənin Ukrayna donanması üçün inşa etməyə davam etdiyi 2-ci “Ada” tipli korveti də yerində incələyib və Türkiyə ilə əməkdaşlıqla bağlı yeni addımlara işarə edib.
Ukraynaya görə, Türkiyə istəsə, Qara dənizdə ticarət bərpa oluna bilər
Ukrayna Qara dənizdə qeyd-şərtsiz naviqasiya təhlükəsizliyini istəyir. Onlar görüşlərdə bildiriblər ki, gəmiçilik təhlükəsizliyini yalnız Türkiyə təmin edə bilər. Rusiya ilə Ukrayna arasında taxıl dəhlizi sazişinin müddəti bitdikdən sonra hələlik yeni saziş yoxdur. Türkiyə vasitəçi rolunda bu razılaşmanın yenidən işlək olmasını istəyir. Bu xahiş Antalya Diplomatik Forumunda iştirak edən Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrova da çatdırılıb.
Türkiyə taxıl ehtiyacının böyük hissəsini həm Ukraynadan, həm də Rusiyadan qarşılayan ölkə kimi bu dəhlizin açılmasını istəyir. Moskva Rusiya taxılının bu müqaviləyə daxil edilməsini tələb edir. Türkiyə isə bu dəhlizin təkcə taxıl üçün deyil, digər mallar üçün də keçərli olması planını irəli sürür. Zelenski deyib: “Qara dənizdə naviqasiyanın qeyd-şərtsiz təhlükəsizliyi təmin edilməlidir. Bunu da yalnız Türkiyə təmin edə bilər”. Zelenskinin bəyanatının məzmunu artıq onu göstərir ki, Ukrayna Prezidenti bu dəhlizin təkcə taxıl üçün deyil, digər ticarət məhsulları üçün də reallaşmasını istəyir. Beləliklə, belə bir naviqasiya təhlükəsizliyi mümkündürmü?
Türkiyə belə bir naviqasiya baxımından təhlükəsiz plan istəyirsə, bu, mümkün ola bilər. Çünki Rusiyanın belə bir plandan imtina etməsi Türkiyənin Qara dənizdə Rusiyaya qarşı yeni tədbirlər görməsinə səbəb olacaq. Türkiyə təkcə Qara dənizdə deyil, həm də avtomobil yolu ilə Gürcüstan-Azərbaycan vasitəsilə Rusiya ticarətində əlavə tədbirlər görə bilər. Rusiyanın hazırda ən son istədiyi şey Türkiyə ilə üz-üzə gəlməkdir. Rusiyanın fikrincə, Türkiyə təkcə Qara dənizdən çıxış üçün deyil, həm də İslam Dünyası ilə proporsional əməkdaşlıq baxımından mühüm ölkədir. Türkiyənin Ukrayna ilə azad ticarət müqaviləsinin ən qısa zamanda qüvvəyə minməsi ticarət sahəsində mühüm inkişaflardan xəbər verir. Bu hadisələr bizə Qara dənizdə naviqasiya təhlükəsizliyini təmin etmək üçün Ukrayna ilə razılaşmanın müzakirə olunduğuna dair ipucu verir.
Ukrayna Rusiya ilə hərbi əsir müqaviləsi istəyir
Antalya Diplomatik Forumunda Lavrovla danışıqlarda Ukraynanın hərbi əsirlərin dəyişdirilməsi tələbi də gündəmə gəlib. Rusiya buna müsbət baxdıqdan sonra Zelenski siyahı ilə İstanbula gəlib. Müharibə əsirlərinin azad edilməsi ilə bağlı Zelenski bildirib: “Rusiyanın əsirliyində olan Krım tatarları da daxil olmaqla, hərbi əsirlərimizin və vətəndaşlarımızın azad edilməsində Türkiyənin də köməyinə ehtiyacımız var”. Xüsusilə Krımda həbs olunan tatar türklərinin azadlığa buraxılması da gündəmə gəlib.
Rusiyasız “Sülh Forumu”na niyə ehtiyac var?
Türkiyə Prezidenti Ərdoğan görüş zamanı “Rusiyanın da iştirak edəcəyi sülh sammitinə ev sahibliyi etməyə hazırıq” təklifini təkrarlayıb, Ukrayna tərəfi isə hələlik Rusiyanın iştirakı olmadan Qərb ölkələrinin iştirakı ilə keçiriləcək sülh forumuna açıq olduqlarını bəyan edib. Ukraynanın Qərb ölkələrinin iştirakı ilə Rusiyasız forum təşkil etməyi təklif etməsinin səbəbi sülhün bədəlini təkbaşına ödəmək istəməməsidir.
Ukraynaya görə, hazırda müharibə Rusiya və Ukrayna arasında görünsə də, əslində Avropanın təhlükəsizliyi üçün mübarizə aparılır. Bu səbəbdən Ukrayna istəyir ki, əgər bir bədəl varsa, Qərb dövlətləri də bunu ödəsinlər və gələcəkdə təkcə sülhün deyil, müharibənin də hansı nəticələrinin olacağı ilə bağlı bu forumda ətraflı müzakirələr aparsınlar. Bu yolla, əgər sülh olacaqsa, bunun hansı şərtlər altında olacağı və bunun nəticələrinin Avropaya nə kimi təsirləri olacağı müzakirə oluna bilər.
Sevinc Əliyeva
Ordu.az