Moskvanın Azərbaycanın tranzit imkanlarından istifadə edərək, Bosfor-Dardanel boğazı və Süveyş kanalından asılılığından qurtulmağa çalışdığı açıq-aydındır və bu, Rusiya rəsmiləri tərəfindən də açıq şəkildə bəyan edilir. Göründüyü kimi, Rusiyanın ya Qara dənizin hərbiləşdirilməsini proqnozlaşdırdığı, ya da belə bir ssenari hazırladığı ilə bağlı ekspert qiymətləndirməsi nəinki mövcuddur, həmçinin perspektivin proqnozlaşdırılması baxımından çox mümkündür.
Qeyd edək ki, Bosfor-Dardanel boğazı ilə naviqasiya təbii ki, beynəlxalq müqavilə ilə tənzimlənsə də, bu, Türkiyənin suverenliyinə toxunmur. Bu kontekstdə Moskva ilə Bakının prinsipial razılığa gəldiyi görünən Şimal-Cənub nəqliyyat tranzitinin təmin edilməsi tərəflərin hər biri üçün məqbuldur.
Habelə martın 7-də Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. “Mən Azərbaycanın Ukraynanın sülh formulunun implementasiyasına cəlb olunmasına və İsveçrədə keçiriləcək ilk Sülh Sammitində iştirakınıza ümid edirəm”, - deyə məktubda bildirilib. Daha sonra Zelenskinin Türkiyə səfəri və səfər zamanı verilən mesajlar da məlumdur. Bu diplomatik marafon Rusiya Baş nazirinin Bakıya səfərindən sonra keçirilir. Zelenski Ərdoğana Qara dənizi paylaşmağı təklif edibmi?
Göründüyü kimi, ABŞ-də Ukrayna məsələsi ilə bağlı dərin müzakirələr başlayıb. Çin yeni təşəbbüslə çıxış edib. Prezident Si Cinpinin xüsusi nümayəndəsi Moskvaya, daha sonra isə Avropa ölkələrinə səfər edib. Bütün bunların fonunda ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini Viktoriya Nulandın vəzifəsini tərk etdiyi məlum olub. Nuland Dövlət Departamentində Rusiya və Avrasiya məkanı məsələləri ilə məşğul olur. O, 2021-ci il oktyabrın 11-13-də Moskvada olub və xarici işlər nazirinin müavini Ryabkov, Putinin xarici siyasi məsələlər üzrə köməkçisi Uşakov, Prezident Administrasiyası rəhbərinin müavini Kozak ilə danışıqlar aparıb.
Nulandın Moskvaya səfərindən 5 ay sonra Rusiya Ukraynada “xüsusi hərbi əməliyyat”a başlayıb və Rusiya-ABŞ diplomatik münasibətləri ən aşağı səviyyəyə düşüb. Amma bu, ictimai səviyyədədir. Moskva ilə Vaşinqtonun reallıqda hansı əlaqələri olduğunu heç kim açıqlamır, amma müəyyən “qırmızı xətləri keçməmək” razılaşmalarının olduğunu Ukraynadakı münaqişə tərəflərinin “bir addım irəli, iki addım geri” taktikasından başa düşmək olar.
Qafqazda da eyni vəziyyət hökm sürür. Rusiya və Türkiyə, sanki, qarşıdakı “böyük razılaşma”dan nə birinin, nə də digərinin zərər görməyəcəyi vəziyyətə hazırlaşır. Sual yaranır ki, Qərblə Rusiya prinsipial razılığa gələndə, regionun gözləntisi, alacağı nə olacaq? Bütün tərəflər əslində başa düşür və qəbul edirlər ki, Ukrayna müharibəsində kapitulyasiya olmayacaq.
Asif Cəfərov
Ordu.az