Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevin xidməti rəsmi bəyanat yayıb ki, dövlət sərhədinin delimitasiyasının aparılmasına qədər Ermənistanın 31 kəndinə məxsus torpaqların “işğal edildiyini” bəyan etmək tamamilə əsassızdır. “Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş 4 eksklav olmayan kəndinə (Bağanis Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılı) gəldikdə, onlar mübahisəsiz Azərbaycana məxsusdur və dərhal azad edilməlidir”, - deyə Şahin Mustafayevin xidmətinin açıqlamasında bildirilib.
Açıqlamada, həmçinin vurğulanır ki, delimitasiya prosesi çərçivəsində Azərbaycanın Ermənistanın işğalı altında olan 4 eksklav kəndinin (Yuxarı Əskipara, Sofulu, Barxudarlı və Kərki) azad edilməsi məsələsi də həll olunacaq. Açıqlamaya görə, hazırkı mərhələdə komissiyaların fəaliyyəti çərçivəsində delimitasiya işlərinin aparılması üçün zəruri normativ-hüquqi bazanın yaradılması üzrə işlər aparılır.
Sonuncu hissə Ermənistan Baş nazirinin müavini Mher Qriqoryanın ofisinin yaydığı məlumatla da uyğun gəlir. Yeri gəlmişkən, Qriqoryanın ofisinin yaydığı məlumatın tonundan aydın idi ki, danışıqlar, yumşaq desək, rəvan getmir. Amma Şahin Mustafayevin ofisinin ifşası hətta bu təəssüratdan da üstündür. Sadə dillə desək, Azərbaycanın mövqeyi ondan ibarətdir ki, 4 eksklav olmayan kənd məsələsinə demarkasiya prosesindən ayrı, Azərbaycana məxsusluğu danılmaz olan ərazilər kimi baxılmalıdır.
Bu ifadədən belə çıxır ki, Ermənistanla bütün sərhəd mübahisəli zona olaraq qəbul edilir. Təbii ki, Azərbaycan sərhədlərin demarkasiyası prosesində Kərki məsələsini də qaldıracaq. Bunlar mürəkkəb məsələlərdir və həlli siyasi iradə tələb edir. Bəlkə də, bu mənada Münxendə İlham Əliyev-Paşinyan görüşünün müsbət olduğu ifadə edilir, amma ümumən birtərəfli səsləndirilən bəyanatlar fonunda prosesin o qədər də müsbət tempdə irəlilədiyini qeyd edə bilmərik. Təsadüfi deyil ki, bu gün Azərbaycanla Ermənistan arasında sərhədin delimitasiyasının Tavuş vilayətindən başlayacağını ifadə edən Paşinyan sözügedən kəndlərlə bağlı heç bir açıqlama verməyib.
Aqil Məmmədov
Ordu.az