Bu, silahlı qüvvələrin təkcə struktur quruluşunun uyğunlaşdırılması ilə deyil, həm də digər hərbi sahələrdə əməkdaşlığın möhkəmləndirilməsi, birgə fəaliyyət, hərbi-starteji məsələlərdə eyni mövqedən çıxış etmək kimi amillərlə müşahidə edilməyə başladı.
Son illər hərbi-texniki sahədə sıçrayışa imza atan Türkiyə Cümhuriyyətinin həyata keçirdiyi və yaxın gələcək üçün planlaşdırdığı strateji hərbi prqoram və planlarında Azərbaycanı da görmək istəməsi yeni bir mərhələnin başlanğıcından xəbər verir. Belə ki, Ankara artıq özünün ən böyük proqramlarından biri olan milli döyüş təyyarəsinin istehsalında Bakının da iştirakına maraqlı olduğunu rəsmən ortaya qoyub...

Heç kimə sirr deyil ki, hələ müharibədən əvvəl öz Hərbi Hava Qüvvələrinin təyyarə parkının yenilənməsini nəzərdə tutan Azərbaycan İtaliya və Pakistanla danışıqlar aparırdı. Roma ilə “M-345” təyyarə modelləri ətrafında müzakirələr üçün masa arxasına əyləşən Bakı müstəqillik əldə etdikdən sonra ona ən yaxın münasibət sərgiləyən Pakistanın “JF-17” təyyarəsinin alınması üçün də danışıqlarda iştirak edirdi. Xüsusilə qeyd edək ki, Azərbaycanla dostluq münasibətində olan İsrail öz hərbi hava qüvvələrinin aviasiya parkındakı F-35 təyyarələrinin pilotlarını yetişdirmək üçün İtaliyanın M-345 təlim, hava-döyüş vasitələrindən istifadə edir.

Düzdür, hazırda, İtaliya və Pakistan təyyarələrinin alınması ilə bağlı məsələdə sükut müşahidə olunsa da, Azərbaycan Hərbi Hava Qüvvələrinin aviaparkının yenilənməsi məsələsi öz aktuallığını qoruyub saxlayır. Bunun fonunda, Bakı Romadan “Alenia C-27J Spartan” markalı hərbi hava nəqliyyatı vasitəsi almaq barədə razılığa gəlib. Bu təyyarələr yük və desant qüvvələrinin daşınması, çevik yerdəyişmələr, mürəkkəb coğrafi relyef və əməliyyat şəraitində müdafiə və mülki müdafiə missiyalarının yerinə yetirilməsi üçün ən yaxşı hava vasitələrindən biri hesab edilir.

Hazırda aviaparkındakı təyyarələrin çoxunu tarixə qovuşmuş SSRİ və Rusiya Federasiyası istehsallı təyyarələrin təşkil etdiyi Azərbaycan hava döyüş vasitələrinin müasir tələblərə uyğunlaşdırılmasını qarşıya prioritet kimi qoyur.
Bu arada, öz hərbi aviasiya gücünü artırmağa və hava döyüş vasitələrini yeniləməyə start verən Türkiyənin yeni aviasiya proqramlarında ələ edilən nəticələr onu deməyə əsas verir ki, Ankaranın əldə etdiyi nailiyyətlər Azərbaycan üçün də xüsusi əhəmiyyət daşıyır və Türkiyə “KAAN” döyüş təyyarəsinin istehsalında Azərbaycanın iştirakını nəzərdə tutan təkliflər ortaya qoyur. ABŞ-nin Türkiyəyə F-16 və F-35 təyyarələrini satması haqda müzakirələrin dalana dirənməsi də bir tərəfdən Türkiyənin hərbi aviasiya sənayesində sıçrayışlara təkan verdi.
Qonşu İran və Ermənistan Rusiya istehsalı olan modernləşdirilimiş hərbi təyyarələr aldığı halda, Azərbaycanın dünya hərbi təyyarə bazarında yeni tərəfdaşlarlara maraq göstərməsi heç də təsadüfi deyil. Məsəlçün, Azərbaycan qonşularından fərqli olaraq, özünün coğrafi parametrlərinə görə, Rusiyanın bazara təklif etdiyi “Su-30M” və onun daha sonrakı variantlarının alınmasında maraqlı görünmür. Hərçənd, yüksəkmanevrli “Su-30”lar hava-hava, hava-yer və yerüstü dəstək tapşırıqlarının yerinə yetirilməsində mühüm göstəricilərə malik olsa da, Bakı özünün döyüş təyyarəsi parkını daha müasir sistemlərə malik aviasiya vasitələri ilə yeniləməyi hədəfləyir. Belə bir məqamda, əsas strateji tərəfdaşı olan Türkiyənin bu sahədə, yəni hərbi aviasiya sənayesində əldə etdiyi nailiyyətləri görməzdən gəlməyən Azərbaycan şübhəsiz ki, Ankaranın milli döyüş təyyarələrinin istehsalı proqramında iştirakçı olacaq.
Hələ ki, proqramın icrası gələcəyə hesablandığından, eyni zamanda bu günkü sürətli qlobal silahlanmanın fonunda, dünyada geniş və çoxqütblü müharibə ehtimalının çoxaldığı bir vaxtda Azərbaycanın öz Hərbi Hava Qüvvələrini daha da təkmilləşdirməsi, təyyarə parkını yeniləməsi labüddür. Bu üzdən də, rəsmi Bakı hələ ki, dünyanın döyüş təyyarələri bazarındakı bütün imkanları gözdən keçirir.

Eyni vaxtda 15 hava hədəfini izləmə və eyni anda 4 hədəfi tutma imkanına görə, Rusiyanın Su-30MKI, Su-35S, MiQ-35, Hindistanın “Tejas Mk.2” və Fransanın “Rafale” hava döyüş vasitələrindən daha üstün xüsusiyyətlərə malik Çin və Pakistan birgə istehsallı JF-17 “Block III” bombardmançı-qırıcı təyyarələrinə göstərilən maraq hələ də qüvvədədir. Ancaq təyyarənin alınması məsələsində meydana çıxan bir neçə sual var ki, bunlar barədə yetkin informasiya yoxdur. JF-17 “Bock III”ün istehsalçılarından biri olan Çinin bu vasitələrin Azərbaycana satılmasına razılıq verib-serməyəcəyi sual altındadır. Digər tərəfdən, Çində istehsal olunan sovet MiQ-21 təyyarəsinin bazasında 2000-ci illərin əvvəllərində yaradılan JF-17, istehsalı Rusiyanın “Klimov” şirkəti tərəfindən reallaşan RD-93 mühərrikləri ilə təchiz edildiyinə görə, Moskvanın da bu məsələyə müsbət reaksiya verib-verməyəcəyi qaranlıq qalır. Buna rəğmən, Pakistan Müdafiə Nazirliyinin yaydığı məlumata görə, Azərbaycanla “Super Muşak” təlim təyyarələrinin alınması və pilotların praktiki hazırlığının artırılması ilə bağlı razılaşma əldə edilib. Bu markalı təyyarə dünyanın bir neçə ölkəsinin hərbi hava qüvvələrində silahlanmaya daxil edilib. Pakistanla razılaşmaya əsasən təkcə Türkiyə 52 ədəd “Super Muşak” sifariş edib.

Özünün başqa dövlətlərdən hərbi təyyarə almasına baxmayaraq, yeni avialayihələr üzərində çalışan TUSAŞ tərəfindən yaradılan KAAN-ın əsas məqsədi ABŞ-dan alınan F-16 və F-35 qırıcı təyyarələrini əvəz etməkdir. Quruluşuna görə daha çox, Amerika Birləşmiş Ştatlarının Hərbi Hava Qüvvələri üçün hazırlanmış “Lockheed Martin”in F-22 “Raptor” döyüş təyyarəsinə bənzəyən KAAN Milli Döyüş Təyyarəsinin ilk uçuş testi 2023-cü il martın 16-da keçirilib və uğurla tamamlanıb. Bu təyyarə üçün hazırda yerli mühərrik hazırlanır. Layihə Böyük Britaniyanın “BAE Systems” şirkəti ilə birlikdə həyata keçirilir. Mühərrik İnkişaf Etdirmə proqramı çərçivəsində Türkiyənin “TR Motor” şirkəti isə mühərriklərin kritik alt sistemi və komponentlərini inkişaf etdirəcək.
Mühərrik KAAN-ın 2028-ci ildə Türkiyə Hərbi Hava Qüvvələrinin inventarına daxil ediləcəyi tarixə qədər tam hazır olacaq. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “IDEF-2023” sərgisində çıxışı zamanı deyib ki, KAAN döyüş təyyarələri ilə bağlı Türkiyə və Azərbaycan arasında razılıq əldə olunub və bu, iki dövlətin müdafiə sənayesi sahəsindəki əlaqələrinin yeni mərhələsidir. Qeyd edək ki, bu ilin iyul ayının 27-də Azərbaycan Müdafiə Sənayesi Nazirliyi və Türkiyənin TUSAŞ şirkəti arasında hərbi-texniki əməkdaşlıqla bağlı yeni saziş imzalanıb. Bu sənəd Türkiyənin milli döyüş təyyarəsi olan KAAN-ın birgə təkmilləşdirilməsini nəzərdə tutur.

Təbii ki, KAAN-ın təkmilləşdirilməsi və istehsalında Bakının da pay sahibi olması Azərbaycan üçün böyük perspektivlər vəd edir. Hazırda dünya silah bazarına müxtəlif çeşidlərdə mal tədarük edən Azərbaycanın hərbi aviasiya və təyyarə quruculuğunda təcrübə qazanması gələcəkdə yerli mühəndislərin, eləcə də aviasiya sahəsində proqram təminatı üzrə mütəxəssislərin yetişməsində mühüm rol oynayacaq. Yeni kadr korpusunun formalaşması müdafiə sənayesi sahəsində müəyyən naliyyyətlərə imza atan Azərbaycan üçün yeni imkanlar yaradır. Bura, gələcəkdə milli təyyarə istehsalını da daxil etmək mümkündür.
Azərbaycan KAAN-ın təkmilləşdirilməsində, alt sistemləri və müəyyən komponentlərin istehsalında rol alacaqsa, bu, təyyarə istehsalında yerli kadrların formalaşması ilə yanaşı, müdafiə sənayesi sahəsində təkmilləşmək və silah bazarında Bakının ciddi mövqeyə yiyələnməsi, həmçinin söz sahibi olmasında da müstəsna rol oynayacaq.

Türkiyənin “Baykar” şirkətinin istehsal etdiyi “Kemankeş” raketi, “Kızılelma” və “Akıncı” PUA-ları son illərdə bu ölkənin əldə etdiyi nailiyyətlərin miqyasını ortaya qoyur. Xatırladaq ki, KAAN-KIZILELM hava döyüş vasitəsi ABŞ istehsallı F-16 döyüş təyyarələri ilə birgə döyüş tapşırığının yerinə yetirilməsində tətbiq olunub və nəticələr çox uğurlu sayılıb. Son zamanlar Türkiyə Müdafiə Sənayesinin təqdim etdiyi “TCG Anadolu” desant gəmisi, “Hürjet” təlim təyyarəsi, çoxtəyinatlı “Gökpey” helikopteri, “Yeni Altay” tankı, “İmece” peyki dünya silah bazarında ciddi nəticə kimi qiymətləndirilir. Təbii ki, bu kimi layihələrdə Azərbaycanın da iştirakçı olmaq şansı, ölkənin yaxın gələcək üçün mühüm dəyişikliklər astanasında olmasından xəbər verir.
KAAN-ın əsas xüsusiyyətlərindən biri də odur ki, o, özünəməxsus radar və missiya kompüteri ilə təchiz ediləcək. Beşinci nəsil təyyarə istehsal edən 5 dövlətdən biri olmağı həfəfləyən Türkiyə hazırda bir neçə ölkənin təyyarə və helikopterləri üçün proqram təminatı istehsal edir. Bu gün Türkiyə Silahlı Qüvvələrinin radar, kəşfiyyat və müşahidə təyyarələrinin proqram təminatı yerli və milli sistemlərlə təchiz edilib.

Əsas strateji tərəfdaşının-Türkiyənin müdafiə sənayesindəki ildırımsürətli inkişafı öz silahlı qüvvələrini modernləşdirmə proqramı icra edən Azərbaycan üçün müasir ordu quruculuğu siyasəitində ciddi əhəmiyyətə malikdir. Azərbaycanın bu kimi yeni strateji layihələrdə iştirakı, nəticə etibarilə, hərbi aviasiya sahəsində xüsusilə Türkiyə və digər dost ölkələrlə əməkdaşlığı, ən başlıcası Rusiyadan silah asılılığını azaltmaq üçün mühüm imkanlar yaradır. Bu kimi layihələrdə iştirak etməklə Azərbaycan havada üstünlüyü təmin edə biləcək müasir stels texnologiyalı qırıcı parkına yiyələnəcək, rəqib tərəflərin HHM sistemləri ilə mübarizə güclənəcək, münasib qiymətə müasir aviasiya vasitələri əldə edəcək. Bununla yanaşı, aviaparkındakı istismar müddəti başa çatmış qırıcıların satılması və ya utilizasiyası qəza, yaxud da məhvedilmə risklərini azaldacaq. Çoxçeşidli silah və sursat daşıma imkanına malik təyyarələrin həm quruda, həm də dəniz akvatoriyasında səmərəli tətbiqi HHQ-nin xidmətini daha da təkmilləşdirməyə şərait yaradacaq.
Bu həm də, pilotların peşəkar səviyyəsinin yüksəldilməsində əvəzsiz rol oynayacaq. Digər tərəfdən isə bu cür əməkdaşlıq dost və tərəfdaş ölkələr arasında iqtisadi, siyasi, həm də hərbi maraqlarının tam təmin olunmasına təkan verəcək.

Bundan əlavə, Türkiyə və Azərbaycan ortaq HAKİM Hava Komandanlıq İdarəetmə Sistemi layihəsininin həyata keçirilməsinə başlamaq niyyətdindədir. HAKİM Hava Komandanlıq və İdarəetmə Sistemi hər iki ölkənin hərbi-hava qüvvələrinə birgə əməliyyatlar həyata keçirmək, eləcə də Azərbaycan hava məkanına nəzarət etmək imkanı əldə edir. Bu səbəbdən də sözügedən layihənin şüarı Ümummilli Lider Heydər Əliyevin şüarına uyğunlaşdıraraq “İki dövlət, bir millət, bir hava məkanı” kmi səsləndirilir. Layihə tam reallaşdıqdan sonra birgə hava məkanına nəzarət zonası Egey dənizindən Xəzər hövzəsinə qədər ərazini əhatə edəcək.
HAKİM, təhdidlərin qiymətləndirilməsi alqoritmləri ilə Silah Sistemləri və Döyüş Təyyarələri üzərində Hava Missiyasına Nəzarət fəaliyyətlərini həyata keçirən, hava məkanına nəzarət fəaliyyətlərini operativ səviyyədə yerinə yetirmək imkanı verən milli hava komandanlığı idarəetmə sistemidir.
Təbii ki, bu qədər strateji məsələri əhatə edən tərəfdaşlıq və birgə fəaliyyət Türkiyə və Azərbaycan dostluğuna “kəm baxan”lar üçün öldürücü zərbə təsiri bağışlayır.
İki türk dövlətinin bütün uğurları isə dost ölkələrin həm ümid yeri, həm də təhlükəsizliyinə təminat kimi xarakterizə edilə bilər.
Teymur Zahidoğlu
Ordu.az