“Hərbi jurnalist Rəşad Süleymanov” Media Mükafatı təsis edildi - FOTOLAR

2023/07/76878-1689692404.jpg
Oxunub: 9045     15:26     18 İyul 2023    
“Poliqon” (“Azeri Defence”) jurnalının təsisçisi və baş redaktoru olmuş hərbi jurnalist Rəşad Süleymanovun adı əbədiləşdirilib.

Ordu.az xəbər verir ki, Azərbaycan Mətbuat Şurasında keçirilən tədbirdə hərbi jurnalistlər “Hərbi jurnalist Rəşad Süleymanov” Media Mükafatı ilə təltif olunub.

Sözügedən mükafatla ilk dəfə təltif edilən kütləvi informasiya vasitələri (KİV) arasında öz dəsti-xətti ilə Azərbaycan Silahlı Qüvvələrində baş verən inkişaf prosesini işıqlandıran və hərbi vətənpərvərlik təbliğatını aparan “Ordu.az” saytı da yer alıb.

Tədbirdə Mətbuat Şurasının sədri Rəşad Məcid, Medianın İnkişafı Agentliyində Media subyektləri və jurnalistlərlə iş şöbəsinin müdiri Natiq Məmmədli və "Aselsan-Bakü" şirkətinin nümayəndələri, o cümlədən Dövlət Sərhəd Xidməti (DSX), Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) və DİN Daxili Qoşunlardan (DQ) yüksək rütbəli hərbçilər iştirak ediblər. “Poliqon” jurnalının hazırkı baş redaktoru Zaur Babaşovun moderatorluğunda keçən tədbirdə Rəşad Süleymanovun keçdiyi mənalı həyat yolu və yaradıcılığından bəhs edən “Rəşad Xatirələrdə” sənədli filmi nümayiş etdirilib.

Filmin nümayişindən sonra Zaur Babaşov həmkarı Rəşad Süleymanovun iş fəaliyyətindən, təsis etdiyi jurnalın necə ərsəyə gəlməsindən və müdafiə sənayesindəki rolundan söz açıb.

Qeyd edək ki, “Poliqon” (“Azeri Defence”) jurnalının yaradıcısı və baş redaktoru olmuş mərhum Rəşad Süleymanov hərbi jurnalistikamızda silinməz izlər qoyub, hərb və müdafiə sahəsində ixtisaslaşan az saylı jurnalistlərdən biri idi. Onun yüksək peşəkarlığı və istedadı jurnalistika cameəsində daim yüksək qiymətləndirilirdi.

Uzun illər mətbuat sahəsində çalışan və onun inkişafında xüsusi xidməti olan Rəşad Süleymanov fəaliyyəti dövründə Azərbaycanın region-dost ölkələri ilə, xüsusilə də Türkiyə-Azərbaycan müdafiə sənayesi əlaqələrinə böyük töhfə verib.

Rəşad Süleymanov hərbi jurnalist kimi həmişə dövlətimizin, ordumuzun yanında olub. 2014-cü ilin avqust hadisələrində, 2016-cı ilin Aprel döyüşləri zaman Müdafiə Nazirliyi ilə, 2019-cu ildə Qazax rayonu istiqamətində dövlət sərhədində baş verən lokal döyüşlər zamanı Dövlət Sərhəd Xidməti ilə koordinasiyalı şəkildə işləyərək ictimaiyyətin dəqiq, qərəzsiz informasiyalarla təmin edilməsində iştirak etmişdi.

Döyüşlər, döyüş zonasında davranış, informasiyaların əldə edilməsi, yayılması və idarə olunması istiqamətində qazandığı təcrübəni Vətən müharibəsində də bölüşüb. Bir vətəndaş, jurnalist olaraq həlledici məqamda dövlətimizə, xalqımıza fayda vermiş, bu müqəddəs missiyada yaxından iştirak edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto


Teqlər: Rəşad-Süleymanov   Media-Mükafatı  


Bizi "telegram"da izləyin