Üstəlik, Putinlə Rusiya-Çin münasibətlərinə dair danışıqlardan əvvəl Çin prezidenti İran və Səudiyyə Ərəbistanı arasında danışıqlarda vasitəçilik uğurunu qeyd edir. Martın 10-da Pekin rəsmi Tehran və Ər-Riyadın münasibətləri bərpa etmək barədə razılığa gəldiyini açıqlayıb. Bunlar qlobal güc balansının transformasiyasında əhəmiyyətli tendensiyalara səbəb olan fundamental proseslərdir. Qərb əslində Çinin sözügedən addımlarına, Si Cinpinin Rusiyaya səfərinə Yaponiya Baş nazirinin Ukraynaya səfəri ilə cavab verdi. Martın 21-də Fumio Kişida Kiyevə elan olunmamış səfər edib və burada Ukrayna prezidenti Zelenski ilə "xüsusi qlobal tərəfdaşlıq" haqqında saziş imzalayıb.
Şübhəsiz ki, Ukrayna bu halda Avro-Atlantik qütbü “təmsil edir” və buna görə də ikitərəfli sazişin tərifi xüsusi qlobal tərəfdaşlıqdır. Bu kontekstdə bəlkə də iki hala diqqət çəkmək lazımdır. Birincisi, Yaponiya baş nazirinin Ukraynaya gözlənilməz səfərə gedərkən Hindistanda olduğunu və bu ölkənin baş naziri ilə görüşdüyünü qeyd etmək lazımdır. İkincisi, hələ yanvar ayında Yaponiya baş nazirinin Böyük Britaniyaya səfər etdiyini, burada baş nazir Sunakla "müdafiə müqaviləsi" imzaladığını vurğulamaq lazımdır. Bu müqavilə Yaponiya və İngiltərənin bir-birinin yaxınlığında qoşun yerləşdirməsinə icazə verir. Anlaşılandır ki, müqavilə daha çox Britaniya qüvvələrinin Yaponiyada yerləşdirilməsi imkanından bəhs edir. Çünki hazırda Tokionun Britaniya torpaqlarında hərbi iştirakla çıxış etmək niyyəti və ya imkanının olması inandırıcı deyil.
Şübhəsiz ki, Yaponiya-Britaniya razılaşması, yeganə olmasa da, Çini cilovlamaq məqsədi daşıyırdı. Ukrayna-Yaponiya razılaşması isə bütün bunların davamıdır və bu, Çin prezidentinin Rusiyaya səfərinə paralel olaraq baş verir. Və yolda Hindistana səfər də bu kontekstdə mühüm həlqədir, çünki Çinin canlanması, Yaxın Şərq regionunda diplomatik uğurları və Rusiya ilə strateji müzakirələr Hindistanın Qərb üçün loyallığının əhəmiyyətini xeyli artırır. Artan qarşıdurma, şübhəsiz ki, Qafqazı da öz təsir dairəsində saxlayacaq və bu, artıq sabitliyin pozulması riski yüksək olan region üçün əlavə problemdir.
Asif Cəfərov
Ordu.az