Moskvaya qarşı sanksiyalar Ermənistan iqtisadiyyatına necə təsir edə bilər? – ANALİZ

2020/08/15846-1598078990.jpg
Oxunub: 4015     14:20     08 Mart 2022    
Rusiya qoşunlarının Ukraynaya hücumundan sonra Avropa İttifaqı və ABŞ, eləcə də bəzi digər dövlətlər (Kanada, Yaponiya və s.) tərəfindən sanksiyalar tətbiq edildi. Üstəlik, yeni sanksiyaların tətbiqi ehtimalı heç də istisna edilmir.

Buna baxmayaraq, bir çox rusiyalı ekspertlər ölkə iqtisadiyyatının bu sınaqlara tab gətirəcəyinə inanırlar. Bu, çətin olsa da, “ölümcül” olmayacaq. Axı Rusiyaya valyuta axınının əsas mənbəyi - neft və təbii qazın ixracı sanksiyalardan kənardır. Bir çox Avropa ölkələri (və qismən də xam neft baxımından ABŞ) bu enerji mənbələrindən çox asılıdır. Onların yaxın gələcəkdə Rusiya neftinə və təbii qazına tam alternativi yoxdur.

Bir sıra Rusiya banklarının SWIFT sistemindən ayrılması onlar üçün çoxlu problemlər yaradacaq. Xarici hesablara vəsaitlərin köçürülməsi prosesi çətinləşəcək və onlar bahalaşacaq. Amma hətta bu cür xərclərlə köçürmə məsələləri də həll edilə bilər.

Daha ciddisi Avropa İttifaqının Rusiya Mərkəzi Bankının ehtiyatları və aktivləri ilə bağlı əməliyyatlara qadağa qoymasıdır. Beləliklə, Rusiya tənzimləyicisinin rublun məzənnəsini dünya valyutalarına nisbətən sabitləşdirmək imkanları xeyli məhdudlaşacaq. Eyni zamanda Rusiyada valyuta birjalarındakı qarışıqlıq səbəbindən ABŞ dolları durmadan möhkəmlənir. Bu il martın 1-nə Rusiya Mərkəzi Bankı bir dollar üçün 93,56 rubl olmaqla rekord məzənnə təyin edib.

Belə bir səviyyə qorunub saxlanılarsa (və daha pisi, ABŞ dolları daha da möhkəmlənərsə), Ermənistan iqtisadiyyatı da ciddi itkilər verə bilər. Ermənistandan malların Rusiyaya ixracına zərbə vurulacaq. Yeganə uğur, əməliyyatları rus rublu ilə həyata keçirilən Rusiya mallarının idxalı olacaq. Amma bütün bunlarla yanaşı, Rusiyadan Ermənistana özəl pul köçürmələrinin (dollar ifadəsində) axını azalacaq.

Aydındır ki, mənfi zəncirvari reaksiya iqtisadiyyatın bir sıra sahələrini əhatə edəcək və bu, Ermənistan əhalisinin həyat səviyyəsinin daha da pisləşməsinə gətirib çıxaracaq. Odur ki, biz yalnız ABŞ dollarının öz başlanğıc mövqeyinə qayıdacağına ümid edə bilərik. Amma bu, bir çox cəhətdən Rusiya ilə Ukrayna arasında münaqişənin həllindən və yuxarıda qeyd olunan sanksiyaların ləğvindən asılıdır.

İnflyasiyanın qarşısını almaq üçün Rusiya Mərkəzi Bankı əsas faiz dərəcəsini kəskin şəkildə 9,5%-dən 20%-ə (!) qaldırmaq qərarına gəlib. Əsas faiz dərəcəsinin belə görünməmiş artımı Rusiyanın düşdüyü çətin vəziyyətdən xəbər verir. Şübhəsiz ki, bu tədbir ölkədə sahibkarlıq fəaliyyətinə çox mənfi təsir göstərəcək.

Rusiya valyuta bazarında baş verən hadisələr Ermənistana da təsir edir. ABŞ dollarının Rusiya rubluna nisbətdə məzənnəsini əsas götürsək, sonuncu Ermənistanda “zəifləyir”. Əgər fevralın 1-də rubl 6,28 dram idisə, ayın sonunda artıq 4,79 dram olub. Bu, orta rəsmi faiz dərəcəsidir. Bu arada bəzi kommersiya banklarında rus rublu artıq 3 dram məzənnəsi ilə alınır.

Aqil Məmmdəov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Ermistan   Böhran  


Bizi "telegram"da izləyin