Ermənistan-Türkiyə danışıqlarında yeni məkan: İsveçrə öz yerini Avstriyaya verir

2021/12/10517-1640340524.jpg
Oxunub: 6111     15:39     05 Fevral 2022    
Artıq məlum olub ki, Ermənistan və Türkiyə xüsusi nümayəndələrinin ikinci görüşü fevralın 24-də Vyanada baş tutacaq. Bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb. Maraqlıdır ki, bu dəfə görüşlə bağlı məlumatı ilk olaraq Ermənistan tərəfi dərc edir. Başqa bir əhəmiyyətli vəziyyət odur ki, bu, Avstriya Xarici İşlər nazirinin Ermənistana səfərindən dərhal sonra baş verir.

Avstriyanın Xarici İşlər naziri Aleksandr Şalenberq fevralın 2-3-də Ermənistanda səfərdə olub. Onun səfəri zamanı Ermənistanda Ermənistan-Avstriya biznes forumu keçirilib, həmçinin Avstriya İnkişaf Agentliyinin Ermənistanda ofisi açılıb. Avstriya xarici işlər nazirinin səfərindən sonra İrəvan Ermənistan-Türkiyə nizamlanması prosesində iki ölkənin xüsusi nümayəndələrinin növbəti görüşünün tarixini və yerini açıqlayır.

Avstriya Xarici İşlər nazirinin Ermənistana səfərinin əsas səbəbi məhz bu məsələ ilə bağlı idi, yoxsa daha geniş kontekst var idi? Avstriya Ermənistan-Türkiyə prosesində daha uzunmüddətli rol oynaya bilərmi?

Məlum olduğu kimi, Ermənistan-Türkiyə futbol diplomatiyası İsveçrənin vasitəçiliyi ilə həyata keçirilib. Ola bilərmi ki, bu dəfə rolu İsveçrənin qonşusu Avstriya oynasın?

Hər halda Avstriya Xarici İşlər nazirinin səfərindən sonra elan edilən ikinci görüşün yeri kimi Vyananın seçilməsi diqqətçəkən paraleldir. Bildiyimiz kimi, Türkiyə və Ermənistan arasında ilk görüş Moskvada baş tutub. Üstəlik, Türkiyə tərəfi bunun Ermənistanın istəyi olduğunu bəyan edib. Lakin ilk görüşdən sonra Ankara bəyan etdi ki, Ermənistan-Türkiyə görüşlərinin üçüncü ölkələrdə deyil, Ermənistanda və Türkiyədə keçirilməsinə üstünlük verir. Lakin ikinci görüş əslində Avstriyada baş tutacaq, bu da özülüyündə başqa bir maraqlı faktdır. Erməni tərəfi Ermənistan-Türkiyə görüşünün üçüncü ölkədə keçirilməsinin tərəfdarı idi, yoxsa üçüncü ölkədə görüşün baş tutması normallaşma prosesindən faydalanan tərəflərin təklifi idi? Bu mənada Rusiyanın Vyana görüşünə münasibəti əhəmiyyətlidir. Təbii ki, burada iki vəziyyət var. Vyana sadəcə görüş yeridir, yoxsa yuxarıda bəhs etdiyimiz kimi Avstriyanın təklifidir?

Məsələ ondadır ki, Rusiya-Avstriya münasibətləri problemsiz deyil. 2020-ci ildə tərəflər diplomatları ölkədən çıxarıb. Daha öncə Avstriya rus diplomatını casusluq ittihamı ilə deportasiya edib, sonra isə Rusiya bu halı təkrarlayıb.

Ukrayna böhranı kontekstində Avstriya Xarici İşlər naziri Rusiyanın müdaxiləsi halında qaz sektoruna qarşı sanksiyalara qarşı çıxıb, çünki Avropa qaz baxımından Rusiyadan asılıdır. Yəni Putin müharibəyə gedərsə, genişmiqyaslı iqtisadi sanksiyalarla üzləşəcək.

Bütövlükdə, on doqquz gün sonra Ermənistan-Türkiyə nizamlanması prosesinin ikinci görüşü gözlənilir. Habelə Ukrayna ətrafında yaranmış gərgin vəziyyətin inkişafının həmin görüşə necə təsir edəcəyi də sual altındadır.

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Türkiyə  


Bizi "telegram"da izləyin