BƏƏ perspektivi olmayan Ermənistana yatırımlar edir - Bəlkə bu Səudiyyə ilə yarışdır?

2022/01/45645-1642504758.jpg
Oxunub: 2405     20:23     18 Yanvar 2022    
Ötən həftə Azərbaycanda əlamətdar hadisə baş verdi: Səudiyyə Ərəbistanının ACWA Power şirkəti tərəfindən tikiləcək 240 MVt gücündə Xızı-Abşeron külək stansiyasının təməlqoyma mərasimi keçirildi. Mərasimdə Azərbaycan Prezidenti İlham Əliyev və Səudiyyə Ərəbistanı Krallığının energetika naziri şahzadə Əbdüləziz ibn Salman Al Səud iştirak və çıxış etdilər. Qeyd etmək lazımdır ki, bu, ölkəmizdə bütünlüklə xarici investisiyalar hesabına həyata keçirilən ilk belə layihədir.

Layihə Xızı rayonu Sitalçay kəndi və Abşeron rayonunun Pirəkəşkül qəsəbəsində həyata keçiriləcək. Elektrik stansiyası ildə təxminən 1 milyard kilovat/saat elektrik enerjisi istehsal edəcək, 220 milyon kubmetr qaza qənaət olunacaq, atmosferə 400 min tondan çox CO2 emissiyasının atılmasının qarşısı alınacaq. Bundan əlavə, bunlar yeni iş yerləri və istehsal və xidmət sektorları üçün perspektivdir.

Bundan əlavə, həmin gün Bakıda Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Səudiyyə Ərəbistanı Krallığının ACWA Power şirkəti arasında dəniz külək enerjisi sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Memorandum dəniz külək enerjisi sahəsində əməkdaşlığın əsas prinsiplərinin müəyyən edilməsi, potensialın qiymətləndirilməsi və Azərbaycanda bərpa olunan enerji layihələrinə sərfəli investisiyalar üçün şərait yaradılması sahəsində əməkdaşlığı nəzərdə tutur. Memorandum çərçivəsində həyata keçirilən işlərə rəhbərlik və nəzarət etmək üçün Rəhbər Komitə və İşçi Qrup yaradılacaq.

"Yaşıl keçid", yəni enerji istehsalı ilə əlaqədar ətraf mühitin çirklənməsinin azaldılması məsələsi müasir dünyada ən aktual mövzulardan birinə çevrilib. Azərbaycana gəldikdə isə, ötən il ölkəmizdə milli iqtisadiyyatın gələcək inkişafı üçün ciddi potensiala malik olan alternativ enerji sektorunun stimullaşdırılması istiqamətində bir sıra son dərəcə mühüm qərarlar qəbul edilib.

Qeyd edək ki, ötən həftə daha bir diqqətəlayiq hadisə baş verib. Belə ki, rəqib ölkənin prezidenti Armen Sarkisyanın Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfəri zamanı Ermənistanda 200 meqavatlıq yeni günəş elektrik stansiyasının tikintisinə dair razılıq əldə olunub. Layihəni bərpa olunan enerji sahəsində ən böyük şirkətlərdən biri olan “Masdar Emirates” şirkəti alıb.

Şirkət artıq Ermənistanda 200 meqavatlıq günəş elektrik stansiyası tikir. Əgər yeni müqavilə reallaşarsa, onun ümumi gücü 400 meqavatt təşkil edəcək.

Sarkisyan birinci elektrik stansiyasının tikintisində “Masdar” şirkəti ilə Ermənistanın Dövlət Maraqları Fondu arasında “səmərəli əməkdaşlıq”dan məmnunluğunu ifadə edib.

Birləşmiş Ərəb Əmirlikləri ilə yeni günəş sisteminin tikintisinə dair razılaşma Ermənistandakı hadisələrin inkişafı şəraitində ən önəmli mövzulardan biri olmasa da, bu gün İrəvan baxımından bu cür razılaşmalar böyük əhəmiyyət kəsb edir.

Çünki hər bir ölkədə iqtisadi inkişaf, xarici investisiyalar, iqtisadi investisiya axınının şaxələndirilməsi, enerji mənbələrinin şaxələndirilməsi ölkənin siyasi təhlükəsizliyi və suverenliyi üçün vacibdir.

Bu mənada ərəb istiqaməti Ermənistan üçün bir qədər fərqli formada xüsusi məna kəsb edir. Son dövrlərdə ərəb ölkələri regional iqtisadi-hərbi-siyasi rollarını xeyli artırırlar. Bu, Fars körfəzinə, Yaxın Şərqə birbaşa bitişik olan regional mühitə aiddir ki, bu da əslində Qafqazın təhlükəsizlik sisteminə giriş qapısıdır.

Bu kontekstdə Qafqaz ölkələri ilə iqtisadi və siyasi əlaqələrin dərinləşməsinin ərəb dünyası üçün əhəmiyyət kəsb etdiyini, iqtisadi perspektivlərdən mümkün qədər tez istifadə etməklə diqqətli və ardıcıl yarışın baş verdiyini görə bilərik.

Aqil Məmmədov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   BƏƏ   Saziş  


Bizi "telegram"da izləyin