İyul döyüşlərində şəhadətə yüksələn şəhid Əziz Əzizov: “Evimi, gəncləri burda qoyub heç yerə getmərəm”

2021/07/6666-1626428203.jpg
Oxunub: 2194     11:35     17 İyul 2021    
Tovuz döyüşləri zamanı Ermənistan ordusunun təxribatı nəticəsində 1 nəfər mülki şəxs də həlak olmuşdu.

Əzizov Əziz İzzət oğlu 1944-cü ildə Tovuz rayonunun Ağdam kəndində anadan olub. O, iyul ayının 14-də Ermənistan silahlı qüvvələri tərəfindən açılmış artilleriya atəşi nəticəsində öz evində süfrə arxasında həlak olub və həmin gün doğulduğu Tovuz rayonunun Ağdam kəndində dəfn olunub.

Əziz Əzizovun qızı Tərlan Əzizova deyir ki, bazar günündən atmağa başlayanda onlar də kənddə idilər: “Əvvəl avtomatlardan, pulemyotlardan atırdılar. Biz də atamla oturmuşduq, heç bir narahatlıq-filan yox idi. Birdən ağır silahlara keçdilər. Onda atam başını qaldırıb dedi ki, bunlar, deyəsən, gerçəklədilər”.

O bildirir ki, bazar günü postlara atəş açırdılar.

“Amma sonrakı gün başladılar kəndə atmağa. Onda biz uşaqlar var idi deyə kənddən çıxdıq, amma atam gəlmədi. Nə qədər desək də gəlmədi ki, evimi, gəncləri burda qoyub heç yerə getmərəm”, - deyə Tərlan Əzizova bildirib.

Hər yay Bakıdan atalarına baş çəkməyə gələn Əziz Əzizovun qızları atışmaların başladığı ilk iki gündə onunla olublar.

“Bir tərəfdən, özümü qınayıram ki, niyə atamı razı salıb evdən çıxara bilmədim. Digər tərəfdən, düşünürəm ki, onu məcbur edib atəş altında olan kəndimizdən çıxarıb müvəqqəti də olsa rayon mərkəzinə aparsaydım, özünün dediyi kimi, heysiyyatına, şərəfinə toxunardı. Elə ki, ayın 12-dən ermənilər göydən yerə od yağdırmağa başladılar, ayaqlarını zorla sürüyən, çəliklə gəzən anamı və atamı rayon mərkəzinə, dayımgilə aparmaq istədim. Əməlli-başlı xətrinə dəydi, mənimlə çox sərt danışdı. Dedi ki, ermənilər 30 ildir atırlar, biz nə vaxtsa kəndi tərk eləmişik? Adama nə deyərlər?! Məcbur olub xəstə anamı müvəqqəti olaraq rayona apardım...?”, - deyə Əziz Əzizovun digər qızı Zərnişan Gözəlova bildirib.

Əziz Əzizov yerli sürücü məktəbinin müəllimi olub. O, həm də Qarabağ müharibəsində hərbçilərə silah daşıyıb.

“Çıxmırdı evindən. Deyirdi, o vaxt od-alovun içində mənə heç nə olmadısa, indi də olmayacaq. Evim mənə sipərdi, deyirdi. Gülü-çiçəyi, bağı-bağçası vardı, onlara qulluq edirdi. Borunun gözü tutulmuşdu, ayağını soyunub girib onu düzəldib ki, bağını sulasın, su da soyuq idi. Dedim, papa, yağış yağanda sulanar da, gərək xəstələnəsən. Papa dedi, nə danıışırsan, ağaclarım susuz qalsa, ürəyim partlayar,”- deyə qızı Zərnişan Gözəlova bildirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tovuz-döyüşləri   Mülki-şəxs   Şəhid  


Bizi "telegram"da izləyin