Aprel döyüşlərindən sonra iyulda şəhadətə yüksələn şəhid baş leytenant Rəşad Mahmudov

2021/07/44-1626159997.jpg
Oxunub: 2818     15:32     13 İyul 2021    
Rəşad Rəşid oğlu Mahmudov 2 iyul 1992-ci ildə Biləsuvar rayonunun Aşağı Cürəli kəndində anadan olub. Orta təhsilini aldıqdan sonra 2007-2010-cu illərdə Cəmşid Naxçıvanski adına hərbi liseydə təhsil alıb. 2010-cu ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə qəbul olub.

Rəşad Mahmudov 2014-cü ildə ali hərbi məktəbi bitirib və leytenant rütbəsi ilə hərbi vəzifəsinə başlayıb. Xidmətinin ilk illərində Ağstafada, son illərində isə Tovuzda, təmas xəttində yerləşən “N” saylı hərbi hissədə xidmətini davam etdirib.


Aprel döyüşləri zamanı Rəşad Mahmudov Tərtər rayonunun Talış kəndi istiqamətində döyüşlərdə vuruşub.

Rəşad Mahmudov 13 iyul 2020-ci ildə Tovuz istiqamətində gedən döyüşlərdə döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olub.

Baş leytenant Mahmudov Rəşad Rəşid oğlunun yaxın qohumu Mərdan Seyidbəyli bildirib ki, Rəşad payızda toy etməyə hazırlaşırdı, amma nəsib olmadı.


“Biz onu evləndirməyə tələsirdik. Amma o, hər dəfə əvvəl ev tikəcəyini, sonra isə evlənəcəyini bildirirdi. Artıq evi tam hazır idi, evlənməyə hazırlaşırdı. Sevdiyi qız var idi, payızda həm nişanı, həm də toyu olacaqdı. Deyirdi ailəmi də yeni evə aparacam”, - deyə o vurğulayıb.


Daha sonra M. Seyidbəyli Rəşadın digər qardaşının da faciəvi şəkildə həlak olduğunu qeyd edib: “Rəşadgil iki qardaş idi. Beş-altı il bundan əvvəl Rəşadın qardaşı faciəvi şəkildə dünyasını dəyişib. Rəşad da Vətən uğrunda döyüşlərdə qəhrəmancasına şəhid oldu. Rəşadın həlak olması valideynləri üçün çox ağır itki oldu”.

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirərkən şəxsi mərdlik və igidlik göstərdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Rəşad Mahmudov ölümündən sonra “İgidliyə görə” medalı ilə təltif edildi.





Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Baş-leytenant   Rəşad-Mahmudov   Şəhid  


Bizi "telegram"da izləyin