DSX qaçaqmalçılığa qarşı mübarizəni davam etdirir - 3 sərhəd pozucusu zərərsizləşdirildi

2019/09/70428-1569052327.jpg
Oxunub: 25003     12:08     02 Oktyabr 2019    
Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfin­dən dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi sahə­sində təd­birlər davam etdirilir.

DSX-nin Mətbuat Mərkəzindən Ordu.az-a verilən məlumata görə, oktyabrın 2-də saat 00:13 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstə­si­nin Beyləqan rayonunun Əmirzeyitli kəndi yaxınlığındakı sərhəd zasta­va­sı­nın xidməti ərazisində sərhəd naryadı tərəfindən 3 nəfər naməlum şəxsin döv­lət sərhədini pozmaları müşahidə olunub.

Sərhəd zastavası “Silaha” komandası üzrə qaldırılmış, xid­məti əra­zi tam qapadıl­ıb. Sərhəd naryadı tərəfindən “Dayan” əmri verilərək sərhəd pozu­cuları təqib edilib və havaya xəbərdarlıq atəşi açılıb. La­kin sərhəd pozu­cu­ları əmrə tabe olmayıb, sərhəd naryadına qarşı od­lu silahdan atəş açaraq sərhədçilərin həyatına qəsd edib, 1 sərhəd pozucusu üzərindəki çantanı ataraq İİR istiqamətində qaçmağa, digər 2 sərhəd pozucusu isə hadisə yerindən digər istiqamətdə qaç­ma­ğa cəhd göstər­ib.

“Dövlət sərhədi haqqında” Azərbaycan Respublikası Qanunu­nun tələblərinə uyğun olaraq sərhəd naryadları tərəfindən silah tətbiq olunub və hər 3 sərhəd pozucusu aldıqları güllə yaralarından hadisə yerin­də və­fat edib.

Zərərsizləşdirilmiş sərhəd pozucularına və əraziyə baxış zamanı 1 ədəd qara çantada ümumi çəkisi təxminən 15 kq olan müxtəlif növlü nar­­­kotik vasitələr, 1 ədəd lüləsi kəsilmiş tüfəng, patronlar və gilizlər aşkar olunub.

Hadisədən dərhal sonra Dövlət Sərhəd Xidməti rəisinin müavini - Sərhəd Qoşunlarının Komandanı general-leytenant Əsgər Xəlilov ərazi­yə ezam edilmiş, hadisə yerinə baxış keçirilmiş, sərhəd pozucularının şəxsiyyətinin müəyyən edilməsinə və əməliyyat-axtarış tədbirlə­rinin davam etdiril­məsinə dair zəruri tapşırıqlar verib.

Hazırda Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının və Füzuli Hərbi Prokurorluğun əmək­daşları tərəfindən hadisə ilə əlaqədar zəruri əməliyyat-istintaq hə­rə­kət­ləri həyata keçirilir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: DSX   Sərhəd  


Bizi "telegram"da izləyin