Ermənistan ordusunda itki, yaralanma, qəza və korrupsiya hadisələri – AYLIQ HESABAT

2019/06/fed88-1561786573.jpg
Oxunub: 31740     10:35     30 Sentyabr 2019    
Ordu.az 2019-ci ilin sentyabrın 1-dən 30-na kimi Ermənistan ordusunda qeydə alınan itki, yaralanma, korrupsiya və qəza faktı ilə bağlı hadisələrin hesabatını təqdim edir.

Sentyabr ayının nəticələrinə görə, Ermənistan ordusunda 2 ölüm (1-i intihar, 1-i naməlum şəraitdə) hadisəsi qeydə alınıb.

Düşmən ordusunda bu ayın rəsmi və qeyri-rəsmi statistikasına əsasən, 12 düşmən hərbçisi (7-si döyülmə, 4-ü qəza, 1-i silahla davranış qaydalarının pozulması nəticəsində) yaralanıb.

Bununla yanaşı, ən azı 3 korrupsiya, 2 fərarilik, 1 şantaj faktı da aşklarlanıb.

4 sentyabr

Ermənistan Müdafiə Nazirliyinin poliknikasına İrəvanda yaşayan və hərbi hissələrdən birində müqaviləli hərbi qulluqçu kimi işləyən 40 yaşlı bir şəxs yerləşdirilib.

Hərbi qulluqçunun bədəninin müxtəlif yerlərində, o cümlədən üzündə xəsarətlər olub.

Məlumata görə, hərbi qulluqçu ilə qonşusu arasında yaşadıqları binanın həyətində mübahisə baş verib. Maşın dayanacaqları ilə əlaqədar fikir ayrılığından yaranan mübahisə əlbəyaxa dava həddinə çatıb və qonşusu ona ağır xəsarət yetirib.

5 sentyabr

İşğal edilmiş yaşayış məntəqələrimizdə yerləşdirilən Ermənistan silahlı qüvvələrinin bölmələrində nizamnamədənkənar münasibətlər zəminində daha bir cinayət hadisəsi baş verib.

Madagiz yaşayış məntəqəsində yerləşən hərbi hissənin hamam rəisi Aseryan, üç nəfər hərbi qulluqçu tərəfindən başqa bir hərbçinin cinsi və fiziki təzyiqə məruz qaldığının şahidi olub və bu barədə komandanlığa məruzə edib.

Bir gün sonra isə hadisə barədə məlumat verdiyinə görə hamam rəisi özü də fiziki təzyiqə məruz qalıb. Vəhşicəsinə döyüldüyünə görə Aseryan psixonevroloji dispanserə yerləşdirilib.

Həkimlərin dediyinə görə, başından çoxlu sayda ağır zərbələr alan Aseryan, artıq hərbi formalı şəxs görəndə özünü yerə çırparaq uşaq kimi ağlayır və gələcəkdə bu xəstəlikdən sağalması mümkün olmadığından, o ömrünün sonunadək psixonevroloji dispanserdə qalmalıdır.

*****

İşğal edilmiş yaşayış məntəqələrimizdə yerləşdirilən Ermənistan silahlı qüvvələrinin bölmələrində “itən” müxtəlif silahların sonradan cinayətkar dəstələrin və terrorçuların əlinə keçməsi artıq adi hala çevrilib. Düşmən bölmələrinin birində daha bir avtomat silahının itməsi faktı aşkar edilib.

Silahın itməsi ilə bağlı araşdırmaya hərbi polislə birgə “osobıy otdelin” əməkdaşları da qoşulub. Məhz bundan sonra silah itən bölmədə xidmət edən hərbi qulluqçuların əsl problemləri başlayıb.

Xüsusi şöbənin əməkdaşları bölmənin hərbi qulluqçularını dilə tutaraq, özləri əvvəlcədən hazırladıqları izahatları imzalatdırmağa nail olublar. Hərbi qulluqçular “osobist”lər tərəfindən şantaj edildikdə isə aldandıqlarını anlayıblar, lakin artıq gec olub.

Saxta izahatları imzalayan hərbi qulluqçular Sasun Hayrapetyana (Xankəndi) və Edqar Xanağyana (Tavuş HK) külli miqdarda rüşvət müqabilində izahatlarını dəyişməyə icazə veriləcəyi bildirib.

11 sentyabr

Saat 15:00 radələrində Ermənistanın Armavir vilayətində qəza baş verib. Daşt kəndinin sakini, 52 yaşlı M. Saribek İrəvan-Armavir avtomobil yolunun 23-cü km hissəsində idarə etdiyi “Zil” markalı avtomobil beton divara çırpılıb.

Qəzaya səbəb sürücünün sükan arxasında infarkt keçirməsi olub.

Baş vermiş qəza nəticəsində “ZİL” markalı avtomobilin sürücüsü M. Saribek ölüb, onun sərnişinləri - Üçmüədzin şəhər sakinləri, 31 yaşlı S. Daniel və 17 yaşlı S. Davit isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq “Vağarşapat” tibb mərkəzinə yerləşdirilib.

Məlumata görə, yaralılardan S. Daniel Polis Qoşunlarının “N” saylı hərbi hissəsində müqaviləli hərbi qulluqçu kimi xidmət edir.

*****

İşğal edilmiş yaşayış məntəqələrimizdə yerləşdirilən Ermənistan silahlı qüvvələrinin bölmələrində müxtəlif xəstəliklərə düçar olanların sayı artmaqda davam edir. Lakin hansı xəstəliyə yoluxmasından asılı olmayaraq erməni əsgərlərin müalicəyə göndərilməsi bir müşkülə çevrilib.

Ermənistan ordusunun əsgəri Boris Boğazaryanla uzun müddət əlaqə yaradan bilməyən valideynləri hərbi prokurorluğa müraciət ediblər.

Prokurorluğun istintaq şöbəsinin əməkdaşı A.Qasparyan işə qarışdıqdan sonra məlum olub ki, o günlərdir xəstədir və taborun tibb məntəqəsində, yaxud bölükdə saxlanılır.

Özünə haqq qazandırmaq üçün müxtəlif bəhanələr gətirən hissə komandiri, prokurorluğun tələbi ilə əsgər B. Boğazaryanı hərbi hospitala göndərib.

*****

İşğal edilmiş yaşayış məntəqələrimizdə yerləşdirilən Ermənistan silahlı qüvvələrinin bölmələrində hərbi qulluqçular arasında bir-birinə qarşı zorakılıq, fiziki-cinsi təzyiqlər artıq adi hal alıb və bu tip hadisələrin sayı artmaqda davam edir.

Məlumata görə, xidmət yoldaşına qarşı zorakılıqda təqsirləndirilən 4 erməni hərbçi istintaqa cəlb olunub. Taborun Artur D. adlı əsgərinə qarşı nizamnamədənkənar hərəkətlərə yol verən Erik Xanperyan, Harutyun Minasyan, Albert Xaçatrayn və Qarnik Xaçatryan hərbi prokurorluğa aparılıblar.

12 sentyabr

Ermənistanın Tavuş vilayətində ölümlə nəticələnən hadisə baş verib. Saat 11:30 radələrində İcevan polis bölməsinə məlumat daxil olub ki, Qandzakar kəndinin tövlələrindən birində asılmış cəsəd var.

21 yaşlı N. Armen öz evlərinin yanındakı tövlənin damının dirəyindən özünü iplə asaraq intihar edib.
Məlumata görə, sözügedən şəxs Ermənistan Müdafiə Nazirliyinin hərbi hissələrinin birində qulluq edirmiş.

13 sentyabr

Ermənistan İstintaq Komitəsinin İstintaq İdarəsi Müdafiə Nazirliyinin Ordu Korpusunun şəxsi heyət bölməsinin zabiti tərəfindən vəzifəyə təyin edilməsi məqsədi ilə müxtəlif MN hərbi hissələrinin hərbi qulluqçularından külli miqdarda rüşvət alma faktı ilə başlanmış cinayət işinin ibtidai istintaqını başa çatdırıb.

İstintaqla əldə edilən məlumatlara görə, Ermənistan Müdafiə Nazirliyi “N” saylı Ordu Korpusu Qərargahının kapitanı M.S 2017-ci ilin iyundan 2018-ci ilin dekabr ayınadək hərbi hissələrin işə qəbulu, korpusların şəxsi heyətinin siyahıları və səlahiyyətlərinin həyata keçirilməsinə kömək etmək üçün vakant vəzifələrin mövcudluğu barədə rəsmi məlumatlı olmaq, yəni vəzifəyə təyin olunmaq üçün təkliflər vermək, xidmətə keçmək, lazımi sənədləri hazırlamaq, müzakirə zamanı müsbət rəy vermək, sənədləri rəhbərin imzasına təqdim etmək və vəzifəyə təyin edilməsi nəticəsində Ermənistan Müdafiə Nazirliyinin müxtəlif bölmələrinin hərbçilərindən şəxsən külli miqdarda rüşvət alıb.

Əldə olunmuş sübutlara əsasən, kapitan M.S-ya qarşı Ermənistan Cinayət Məcəlləsinin 311-ci maddəsinin 3-cü hissəsinin 3-cü bəndi və 38-312-ci maddəsinin 2-ci hissəsi ilə cinayət işi açılıb.

Leytenant H.B isə Cinayət Məcəlləsinin 312-ci maddəsinin 2-ci bəndi ilə ittiham edilir.

*****

Səhər saatlarında Ermənistanın Vayots Dzor vilayətində avtomobil qəzası baş verib. Gorus sakininin idarə etdiyi avtomobillə Ermənistan Müdafiə Nazirliyinə aid avtomobil toqquşub.

Belə ki, saat 09:00 radələrində İrəvan-Meğri avtomobil yolunun 141.5 km hissəsində Gorus şəhər sakini, 34 yaşlı B. Qarikin idarə etdiyi “Mitsubishi” markalı “108 AF 61” nömrəli avtomobillə Ermənistan Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin müddətli hərbi qulluqçusu, 20 yaşlı M. Vahenin idarə etdiyi “Kamaz” markalı “ՊՆ 8161 Շ” nömrəli avtomobil toqquşub.

Məlumatlara görə, hadisə nəticəsində “Mitsubishi” markalı avtomobilin sərnişini, İrəvan şəhər sakini, 20 yaşlı E. Qaqik ayağından zədə alıb.

18 sentyabr

Ermənistan Vayots Dzor vilayətinin İstintaq İdarəsi tərəfindən aparılan zəruri istintaq və digər prosessual əməliyyatlar nəticəsində Ermənistan MN-in hərbi hissəsinin zabitinə ağır bədən xəsarəti yetirmə halları aşkar edilib.

Məlumata görə, 2019-cu il sentyabrın 18-də saat 00:20 radələrində Ermənistan Polisinin Vayots Dzor İdarəsində “Yeğeqnadzor Tibb Mərkəzi” QSC-dən Şirak vilayət şəhər sakini, Müdafiə Nazirliyinin zabitinin huşsuz vəziyyətdə xəstəxanaya daxil olması barədə məlumat daxil olub.

18 sentyabr 2019-cu ildə Ermənistan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Klinik Hospitalından həmin zabitin həmin gün saat 06:40 radələrində qapalı kəllə-beyin travması, kəllə beynin sağ yarımkürə hissəsinin orta dərəcəli qırığı, sağ bilək üstü, alın hissənin kəskin subdural hematoması diaqnozu ilə qəbul edildiyi bildirilib. Təcili əməliyyat edilib, vəziyyəti son dərəcə ağırdır.

Görülən tədbirlər nəticəsində zabitin 2019-cu il sentyabrın 17-də təqribən 23:40 radələrində Yeğeqnadzordakı binalardan birinin həyətində mübahisə zamanı bədən xəsarəti aldığı məlum olub. 1991-ci il təvəllüdlü Yeğeqnadzor şəhərinin sakini olduğu iddia edilən təqsirli şəxs zabitin başına bir dəfə yumruqla zərbə vurub və zabit aldığı zərbədən yıxılıb.

Polisin Yeğeqnadzor bölməsi Ermənistan Cinayət Məcəlləsinin 112-ci maddəsinin 1-ci hissəsi ilə cinayət işi açıb. Hadisə ilə bağlı İstintaq Komitəsinin Vayots Dzor Regional İstintaq İdarəsində ibtidai istintaq aparılır. İlkin araşdırma zamanı məlum olub ki, yuxarıda adı çəkilən zabitdən əlavə eyni hərbi hissənin digər iki zabiti də yaralanıb.

Yeğeqnadzor şəhər Arsenyan küçəsindəki binalardan birinin həyətində mübahisə zamanı 28 yaşlı Yeğeqnadzor sakininin zəng etməsi ilə ona dəstək verilmək üçün gələn 3-4 nəfər məsələyə aydınlıq gətirməyə çalışıb, ardından aralarında baş verən dava zamanı zabitləri döyüblər.

19 sentyabr

Sentyabr ayında Ermənistan Maliyyə Nazirliyi ordunun bəzi təchizatçılarının öhdəliklərini nöqsanlarla yerinə yetirdiklərini müəyyən edib.

Ermənistan Maliyyə Nazirliyinin rəsmi saytında yayımlanan məlumatlarda 2019-cu ildə ərzaq tədarükü ilə bağlı müqavilələrin səhlənkarlıqla icra edildiyi və pozulduğu görünür.

Ermənistan ordu sıralarından yeni təxris edilən hərbçilər, bir sıra erməni əsgərlərinin valideynləri Ermənistan ordusunda qida keyfiyyətinin dəyişmədiyini və ya ancaq bir neçə xüsusi hərbi hissədə dəyişdiyini, ümumiyyətlə çağırışçılar üçün verilən yeməyin hələ də yaxşı olmadığını bildirib.

Ermənistan Maliyyə Nazirliyinin məlumatlarından sonra məcbur olan Müdafiə Nazirliyi ordu təchizatçıları ilə 4 müqaviləni birtərəfli qaydada ləğv edib.

Ümumilikdə, 2019-cu ildə Ermənistan Müdafiə Nazirliyi misli görünməmiş sayda müxtəlif mal və xidmətlərin tədarükü üçün 28 müqaviləyə xitam verib.

*****

Axşam saatlarında Vanadzor sakini 29 yaşlı Mikayel Yepremyan İrəvan şossesində “Afina” şadlıq sarayı qarşısında idarə etdiyi “Opel Astra” markalı “50 CD 707” nömrəli avtomobillə Vanadzor sakini 64 yaşlı A. Harutyunyanı vurub.

Bilidirilir ki, qəzaya məruz qalmış şəxs Vanadzor xəstəxanasına yerləşdirilib və orada ölüb.

Sürücü Ermənistan Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində müqaviləli hərbi qulluqçu kimi xidmət edir.

22 sentyabr

İşğal altında olan Qarabağın şimal-şərq hissəsində yerləşən döyüş mövqelərindən birində qulluq edən 2000-ci il təvəllüdlü əsgər, Hayk Vahe Xaçatryan qarın nahiyəsindən güllə yarası alaraq son dərəcə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

İlkin istintaq nəticəsində məlum olub ki, hərbi qulluqçu saat 03:35 radələrində xidmət yoldaşı tərəfindən silahla davranış qaydalarının pozulması nəticəsində yaralanıb.

Yeri gəlmişkən, qeyd edilən şəxsin görmə problemləri olub və onun hərbi xidmətə çağırılması çoxlarını təəccübləndirib.

25 sentyabr

Saat 11:28 radələrində Ermənistanın Armavir vilayətinin Arşaluys kəndi yaxınlığında Ermənistan MN-ə məxsus olan “QAZ-66” və “BMW” markalı avtomobil toqquşub.

Məlumatlara görə, baş vermiş hadisə nəticəsində “BMW” markalı avtomobilin sürücüsü M. Yuri (1997-ci il təvvəllüdlü), sərnişin Ş. Armen (1995-ci il təvəllüdlü) və “QAZ-66” markalı avtomobilin sərnişinləri Q. Smbat (1990-cı il təvəllüdlü), M. Albert (1992-ci il təvvəlüdlü) xəsarət alaraq Üçmüədzin tibb mərkəzinə, digər sərnişin A. Xaçatur (1986-cı il təvəllüdlü) isə Metsamor tibb mərkəzinə yerləşdirilib.

Həkimlər M. Yuri, Q. Smbat, M. Albert və A. Xaçaturun sağlamlıq vəziyyətini qənaətbəxş, Ş. Armenin sağlamlıq vəziyyətini isə son dərəcə ağır qiymətləndiriblər.

27 sentyabr

İşğal edilmiş yaşayış məntəqələrimizdə yerləşdirilən Ermənistan silahlı qüvvələrinin bölmələrində döyüş növbətçiliyi aparmaqdan imtina edənlərin sayı artmaqda davam edir.

Ermənistan ordusunun müqaviləli hərbi qulluqçuları Aşot Mxitiryan və Spartak Vartanyan üzləşdikləri haqsızlıq səbəbindən döyüş postuna qalxmaqdan imtina ediblər.

Hadisəni ört-basdır etmək məqsədilə hələlik cinayət işi qaldırılmayıb və hər iki müqaviləli hərbi qulluqçu ilə söhbət aparılb, problemlərinin həllinə kömək ediləcəyinə söz verilib. A. Mxitiryan və S. Vartanyanın valideynləri hərbi hissəyə dəvət edilib.

*****

İşğal edilmiş yaşayış məntəqələrimizdə yerləşdirilən Ermənistan silahlı qüvvələrinin bölmələrində xidmət yerini özbaşına tərk edənlərin sayı artmaqdadır.

Kəşfiyyat bölüyünün taqım komandiri baş leytenant Qaqik Petrosyan 3 ay ərzində xidmət yerini 3 dəfə, müddətli hərbi qulluqçu Rafik Arşaluys isə 1 ay müddətinə xidmət yerini özbaşına tərk edib.

Hər iki hərbçi barədə cinayət işi başlanılıb. Hərbi qulluqçu R.Arşaluys həbs edilib, baş leytenant Q. Petrosyanın yaxınları isə külli miqdarda rüşvət müqabilində övladlarını həbsdən qurtara biliblər.

****

İşğal edilmiş yaşayış məntəqələrimizdə yerləşdirilən Ermənistan silahlı qüvvələrinin bölmələrində nizamnamədənkənar münasibətlər zəminində daha bir cinayət hadisəsi qeydə alınıb.

İşğalçı ordunun müddətli hərbi qulluqçusu Artur Gevorqyan, hərbi qulluqçu Avetik Barberyana qarşı fiziki güc tətbiq edib.

Xidmət yoldaşı tərəfindən döyülən A. Barberyan müalicə məqsədilə hərbi tibb müəssisəsinə yerləşdirilib.

28 sentyabr

Sentyabrın 28-də, saat 06:50 radələrində işğal altında olan Qarabağın şimal hissəsində yerləşən qanunsuz hərbi hissələrin birinin döyüş mövqeyində naməlum şəraitdə erməni hərbi qulluqçu ölümcül güllə yarası alıb.

1999-cu il təvəllüdlü Arman Armeni Levonyan güllə yarası nəticəsində ölüb.

29 sentyabr

Ermənistanın Araqatsotn vilayətində hərbçilərin iştirakı ilə qəza baş verib. Saat 19:30 radələrində "Kavz" markalı avtobus Sərdarabad (Armavir) - Boğutlu (Arteni) avtomobil yolunun Boğutlu kənd inzibati ərazisində "Kamaz" markalı yük maşını ilə toqquşub.

Məlumatlara görə, baş vermiş qəza nəticəsində 1 nəfər ölüb, 14 nəfər yaralanıb. Yaralılardan ikisi son dərəcə ağır diaqnozla Talin və Sərdarabad (Armavir) tibb mərkəzlərinə, digər hissəsi isə İrəvanın müxtəlif xəstəxanalarına yerləşdirilib.

Qəza ilə bağlı araşdırmadan məlum olur ki, Talin-Boğutlu (Arteni) avtomobil yolunun 20-ci km hissəsində Ermənistan Müdafiə Nazirliyinə məxsus 4 yük maşını (3 "Kamaz" və 1ZİL) toqquşub, bundan sonra "Kavz" (digər mənbəyə əsasən "Paz") markalı avobus (sürücü - 1958-ci il təvəllüdlü H. Hakob) qəzaya uğramış "Kamaz" markalı yük maşının arxasına birləşdirilmiş qoşquya çırpılıb.

Avtobusun sürücüsü yerində ölüb, 13 nəfər sərnişin isə Sərdarabad (Armavir) və Talin tibb mərkəzlərinə yerləşdirilib. Xilasedicilər xüsusi texnikanın köməyi ilə ölmüş sürücünün cəsədini avtobusdan çıxarıblar.

M. Mane (1996-cı il təvəllüdlü), Y. Kristine (2001-ci il təvəllüdlü), H. Arayik (1990-cı il təvəllüdlü), S. Marqarit (1957-ci il təvəllüdlü), M. Susanna (1954-cü il təvəllüdlü), A. Satenik (1957-ci il təvəllüdlü), H. Harutyun (1965-ci il təvəllüdlü), H. Arman (2003-cü il təvəllüdlü) və A. Ruzanna (1989-cu il təvəllüdlü) Talin tibb mərkəzinə yerləşdirilib.

Həkimlər A. Ruzannanın sağlamlıq vəziyyətini son dərəcə ağır, digərlərini isə orta ağır qiymətləndiriblər. A. Ruzanna İrəvanın "Amenia" tibb mərkəzinə yerləşdirilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan-ordusu   Korrupsiya   Qəza   Döyülmə   İtki   Yaralı  


Bizi "telegram"da izləyin