XİN rəhbəri: “Ermənistan rəhbərliyinin məsuliyyətsiz bəyanatları danışıqların irəlilədilməsinə ciddi maneədir”

2019/09/mid_m-1569648127.jpg
Oxunub: 8855     09:16     28 Sentyabr 2019    
Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov Nyu Yorkda BMT Baş Assambleyasının 74-cü iclası çərçivəsində Slovakiya Respublikasının Xarici və Avropa İşləri naziri Miroslav Layçak ilə görüşüb.

XİN-dən Ordu.az-a verilən məlumata görə, nazirlər iki ölkə arasında mövcud olan ikitərəfli münasibətlərinin uğurla inkişaf etdiyini qeyd ediblər və əməkdaşlıq gündəliyinin müxtəlif aspektlərini müzakirə ediblər. Nazir M.Layçak yaxın günlərdə Slovakiyanın Azərbaycanda Səfirliyinin açılacağını məmnunluqla bildirib.


Daha sonra tərəflər ATƏT-in Faəliyyətdə olan sədri qismində Slovakiyanın fəaliyyəti, eləcə də qarşıdan gələn Bratislava Nazirlər görüşü barəsində fikir mübadiləsi aparıblar.

Nazir Elmar Məmmədyarov Qoşulmama Hərəkatının Bakıda keçiriləcək Zirvə görüşü, yüksək səviyyəli tədbirlə bağlı hazırlıq işlərinin görülməsi, Azərbaycanın bu Hərəkata sədrliyi məsələləri ilə bağlı həmkarına məlumat verib.

Azərbaycan-Ermənistan Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinin cari vəziyyəti, iki ölkənin Xarici İşlər nazirləri arasında ATƏT-in Minsk Qrupunun həmsədrlərinin iştirakı ilə keçirilən Nyu York görüşü barədə həmsöhbətinə ətraflı məlumat verən Nazir Elmar Məmmədyarov, məhz Ermənistan rəhbərliyinin məsuliyyətsiz mövqeyi və bəyanatlarının danışıqların irəlilədilməsinə ciddi maneə olduğunu vurğulayıb.

Nazirlər, habelə beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq və digər qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: XİN   Qarabağ  


Bizi "telegram"da izləyin