İran prezidentinin həm iqtisadi, həm də siyasi baxımdan səfərinin Ermənistan üçün nə qədər əhəmiyyətli olmasına baxmayaraq, əsas diqqət Rusiya Prezidenti Vladimir Putinin səfərinə yönəlib. Son vaxtlar erməni mediası Putinin səfərinin bir neçə saat olacağı və həmin gün Ermənistanı tərk edəcəyi ilə bağlı xəbərlər yayır.
2018-ci ilin may ayında Ermənistanda hakimiyyət dəyişikliyindən sonra Ermənistan-Rusiya münasibətlərində müəyyən gərginliklər görünməyə başladı.
Ermənistan hakimiyyətinin anti-Rusiya mövqeyi, Rusiya prezidentinin ikinci prezident Robert Köçəryanın həbsinə açıq-aşkar mənfi münasibəti, Rusiya tərəfindən sabiq Müdafiə naziri general-polkovnik Mikayel Harutyunyan və keçmiş deputat Mihran Poğosyanın təhvil verilməməsi, AŞPA-da Rusiyanın AŞPA-ya geri dönüşü ilə bağlı səsvermədə Ermənistan nümayəndə heyətinin rəhbəri, Ermənistan parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri Ruben Rubinyanın əleyhinə səs verməsi və nəhayət Ermənistanda rus müxalifətçisi Vitali Şişkinə sığınacaq verilməsi onu göstərir ki, Paşinyan hakimiyyəti münasibətlərin yaxşı olduğunu göstərməyə çalışsa da, son bir il yarımda Ermənistan-Rusiya münasibətləri daha əvvəlki kimi yaxşı deyil.
Erməni siyasi şərhçi, ekspert Karen Veranyan qeyd edib ki, bunlar siyasi oyunlardır, hazırda Ermənistan və Rusiyanın maraqları üst-üstə düşə və ya düşməyə bilər.
“Aydın maraqlar var. Rusiya öz mənfəətlərini güdür və Ermənistan öz maraqlarını uyğun şəkildə nizamlamağa və mövqelərini düzəltməyə çalışır. Rusiyanın Ermənistanla xüsusən də daha dərin sistemli şəkil alan problemlərinin olması, Ermənistana nisbətən onun üçün daha təəssüfedici olacaq, çünki Rusiya bir gün Ermənistana təsirini itirərsə, əminliklə deyə bilərik ki, Cənubi Qafqaz tamamilə Rusiya siyasəti və hərbi təsiri altından çıxacaq. ABŞ və Avropa isə bu istiqamətdə çox fəal çalışırlar. Rusiya hakimiyyəti bu cür inkişaf proseslərini hesaba alıb”, - deyə o bildirib.
Putinin İrəvana səfəri çərçivəsində Paşinyanla ikitərəfli görüşün planlaşdırıldığı barədə hələ xəbər yoxdur.
Erməni politoloq Qevorq Qukasyan qeyd edib ki, Putinin Ermənistana səfərinin məqsədi ilk növbədə AİƏT iclasında iştirak etməkdir və Ermənistan-Rusiya münasibətləri ilə əlaqələndirilməməlidir, amma bu cür səfərlər dövlətlərarası münasibətləri müzakirə etmək üçün çox əlverişlidir.
“Əgər Putin Ermənistana gələrsə və yalnız AİƏT-in Ali Şurasında iştirak edərsə, Ermənistan-Rusiya münasibətlərindəki böhrandan danışa bilərik. İki ölkənin liderlərinin bir-biri ilə müzakirə edəcəyi bir şey yoxdursa, Ermənistan-Rusiya münasibətlərindəki yüksək səviyyəli dialoqun faktiki olaraq olmadığını bildirə bilərik, əks halda buna bir fürsət yaradılır. Müttəfiq dövlətlər olma baxımından belə bir fürsət əldən verilmir”, - deyə politoloq vurğulayıb.
Qukasyan bu cür əlaqələrin yalnız Rusiya ilə olmadığını qeyd edib və Ermənistanın xarici siyasətinin dünyanın bütün güc mərkəzləri üçün gözlənilməz olduğunu bildirib.
“Heç kim sabit xarici siyasətə malik olmayan bir ölkə ilə əlaqə qurmaq istəmir. Məsələn, ABŞ ilə hər hansı bir yüksək səviyyəli dialoqun qurulması cəhdini xatırlayırsınız? Avropa İttifaqı rəhbərliyi ilə bir və ya iki həm də mənfi bir sonluqla dialoqa cəhdlər edilib. Başqa sözlə, problem təkcə Rusiya istiqamətində deyil, ümumi gündəm böhranı var. Xarici siyasətdə bu hakimiyyət bir görüş təklif edə, gündəliyi tərtib edə bilməyib”, - deyə politoloq bildirib.
Xatırladaq ki, oktyabrın 3-də Ermənistana səfərdən iki gün sonra Soçidə İordaniya kralı II Abdullah, Qazaxıstan Prezidenti Kasim Comərd Tokayev, Filippin Prezidenti Rodriqo Duterte və Azərbaycan Prezidenti İlham Əliyevin iştirak edəcəyi “Valday” Klubunun iclası keçiriləcək. Prezidentin mətbuat katibi Dmitri Peskovun sözlərinə görə, ikitərəfli görüşlər də keçiriləcək.
“Putin-Əliyev görüşünün əsas mövzularından biri Qarabağ münaqişəsi olacaq. Getdikcə artan sanksiyalar fonunda Azərbaycanın Rusiya üçün vacib bir keçid olması faktı göz qabağındadır.Mövcud vəziyyətdə, Ermənistan Respublikasının Rusiya ilə yaxşı qonşuluq münasibətlərini daha da dərinləşdirməsi vacibdir, əks təqdirdə öz quyruğunun dalınca düşərək və Rusiya ilə münasibətləri pozaraq, gələcəkdə daha da ciddi problemlərlə üzləşə, çağırışlarla qarşı-qarşıya qala bilərik”, - deyə erməni politoloq qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az