Erməni hərbi ekspert: “Üç ölkənin iştirakı ilə keçiriləcək birgə təlimlər Bakının məşhur əlyazmasıdır”

2019/08/1d5ee-1567150491.jpg
Oxunub: 4379     16:32     30 Avqust 2019    
“Türkiyə, Moskva ilə balansı təmin etmək üçün, Cənubi Qafqazdakı nüfuzunu gücləndirmək istəyir”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu sözləri erməni hərbi ekspert Karen Veranyan Gürcüstan, Türkiyə və Azərbaycanın iştirakı ilə keçiriləcək təlimlərdən danışarkən deyib.


Onun sözlərinə görə, bu təlimlərin iki vacib- strateji və hərbi-siyasi təyinatı var.

“Üçtərəfli formatda Azərbaycan, Türkiyə və Gürcüstan müxtəlif sahələdə əməkdaşlıq edirlər. Türkiyə və Azərbaycan Gürcüstanı regional hərbi-siyasi inkişaf baxımından özlərinə əlverişli məqamda cəlb etmək, yəni Gürcüstanı öz tandeminə birləşdirməyə çalışmaq üçün hər cür səy göstərir. Hər üç ölkənin bu təlimlərdə öz maraqları var. Türkiyə, Moskva ilə balansı təmin etmək üçün Cənubi Qafqazda öz təsirini möhkəmlətmək istəyir. Azərbaycan erməni-gürcü münasibətlərinin dərinləşməsi (?) formatından Gürcüstanı ayrırmaq üçün cəhd edərək, öz oyununu oynayır”, - deyə Veranyan bildirib.

O qeyd edib ki, bu, Bakının məşhur əlyazmasıdır və nəticədə Ermənistanı bölgədə təcrid etməyə çalışırlar.

“Gürcüstanın məqsədi isə Azərbaycan və Türkiyə ilə hərbi texniki və strateji əməkdaşlıq sayəsində ilk növbədə Rusiyanın rolunu zəiflətmək, Gürcüstana qarşı Rusiyanın ehtimal edilən hərbi, siyasi, iqtisadi təzyiq imkanlarını məhdudlaşdırmaqdır. Hər üç tərəfin müxtəlif ölkələrə qarşı, o cümlədən Rusiya və Ermənistana qarşı istifadə etdikləri olduqca dəqiq siyasi və hərbi əməkdaşlıq planları var”, - deyə erməni hərbi ekspert vurğulayıb.

Xatırladaq ki, Müdafiə Nazirliyi Bakıda, Gürcüstan, Türkiyə və Azərbaycanın iştirakı ilə keçiriləcək “Eternity-2019” kompüter dəstəkli komanda-qərargah təlimi haqqında məlumat yayıb. Məlumata görə, təlimlər Azərbaycan Silahlı Qüvvələrinin Hərbi Oyunları Mərkəzində və səhra şəraitində keçiriləcək. Təlimlər sentyabr ayının 2-dən başlayaraq, ayın 6-dək davam edəcək.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:


Bizi "telegram"da izləyin