“ABŞ Ermənistana ayrılan maliyyə yardımlarının həcmini artırıb” - Sfirin

2019/06/House-1561367023.jpg
Oxunub: 33189     15:21     24 İyun 2019    
“Xatırladım ki, ötən ilin martında 2019-cu il üçün Ermənistana veriləcək maliyyə yardımının 6 milyon dollaradək azaldılması planlaşdırılırdı”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu sözləri ABŞ Konqresinin Nümayəndələr Palatası konqresmeni, erməni mənşəli Jeki Sfirin deyib.

Erməni əsilli konqresmenin sözlərinə görə, önümüzdəki il ABŞ İrəvana 26 milyon dollardan çox vəsait təqdim etməyi planlaşdırır.

“Bu, Ermənistan üçün lazım olan ilkin maliyyələşmədən 20 milyon dollar çoxdur. Yeri gəlmişkən, son vaxtlarda belə bir fikir formalaşıb ki, əgər inqilab olmasaydı, ABŞ Ermənistanı bu həcmdə vəsaitlə təmin etməyəcəkdi.

ABŞ-ın inqilabdan sonrakı Ermənistana başqa gözlə baxmağa başladığı deyilir. Axı, Serj Sarkisyanın prezidentliyi dövründə ABŞ Ermənistana maliyyə yardımı miqdarını kəskin şəkildə azaltmışdı. Məsələn, 2017-ci ilin may ayında ABŞ prezidenti Donald Tramp administrasiyası 2018-ci maliyyə ili üçün təqdim etdiyi təkliflərə görə, Ermənistana maliyyə yardımını əhəmiyyətli dərəcədə azalacaqdı.

Beləliklə, 2017-ci ildə maliyyə yardımı 20,4 milyon dollar təşkil etdiyi halda, 2018-ci ildə Ermənistana 6,8 milyon dollar ayrılması təklif olunurdu. Bu hələ hamısı deyil. Xatırladım ki, ötən ilin martında 2019-cu il üçün Ermənistana veriləcək maliyyə yardımının 6 milyon dollaradək azaldılması planlaşdırılırdı. Lakin gördüyümüz kimi hər şey əksinə baş verdi. Nəticədə ABŞ əvvəlki illərə nisbətən Ermənistana daha çox maliyyə yardımı verməyi qərara aldı”, - deyə Sfirin bildirib.

Qeyd edək ki, ötən ilin oktyabrında ABŞ-ın keçmiş səfiri Riçard Mils Ermənistanın siyasi təşəbbüslərinin dəstəklənməsi üçün Birləşmiş Ştatlardan İrəvana əlavə 14 milyon dollar yardım göstərildiyini açıqlayıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Ermənistan   Maliyyə-yardımı  


Bizi "telegram"da izləyin