Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Ermənistan İstintaq Komitəsinin Kotayk Regional İstintaq idarəsinin Nairi istintaq bölməsində Müdafiə Nazirliyinin müqaviləli hərbi qulluqçusuna qarşı açılmış cinayət işinin ilkin istintaqı başa çatıb.
Qeyd edilən müqaviləli erməni hərbi qulluqçu yalan sertifikat və əmək haqqı ilə bağlı saxta məlumat istifadə etməkdə günahlandırılır.
52 yaşlı şəxsin ittiham edilməsi ilə bağlı Ermənistan İstintaq Komitəsinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Məhkəmə araşdırmalarından əldə olunan məlumatlara görə, 1966-cı il təvəllüdlü şəxs kredit götürmək üçün bir neçə maliyyə qurumlarına müraciət etsə də, işi olmadığı üçün banklardan kredit götürə bilməyib.
Sözügedən şəxs, öz məqsədinə nail olmaq üçün 2018-ci ilin payızında Ermənistan Müdafiə Nazirliyinin müqaviləli hərbi qulluqçusunun naməlum saxta sertifikatını, o cümlədən 229 460 erməni dramı əmək haqqı alması ilə bağlı imzalanmış və möhürlənmiş rəsmi sənədi göstərən saxta bildirişdən istifadə edib.
Həmin şəxs əldə etdiyi saxta sənədlərlə İrəvan şəhərində fəaliyyət göstərən universal kredit təşkilatlarından birinə müraciət edib və bunun əsasında 300 000 erməni dramı məbləğində kredit alması ilə bağlı müavilə imzalayıb.
O, işini başa çatdırdıqdan sonra əldə etdiyi saxta sertifikatı aldığı şəxsə geri qaytarıb. Əldə olunmuş sübutlara əsasən, 1966-cı il təvəllüdlü şəxsə qarşı Ermənistan Cinayət Məcəlləsinin 325-ci maddəsinin 1-ci bəndi ilə cinayət içi açılıb.
İlkin istintaqın başa çatması elan edilib və cinayət işi məhkəməyə göndərilib.
Alpər Mövludoğlu
Ordu.az