Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, erməni hərbi qulluqçu Simon Çavrışyan 2016-cı il fevralın 5-də döyüş postunda növbətçiliyi təhvil verdikdən 5 dəqiqə sonra öldürülüb.
Müddətli xidmət erməni hərbi qulluqçusu, Çavrışyan 2014-cü ilin iyul ayında hərbi xidmətə çağırılıb. O, işğal altında olan Qarabağdakı Hadrut yaşayış məntəqəsində dislokasiya olunan hərbi hissənin Horadiz yaşayış məntəqəsindəki ön xətt mövqelərində qulluq edib.
Hərbi qulluğa həvəslə gedən Çavrışyan valideynlərindən onu bu hərbi hissədən başqa yerə keçirmək üçün əllərindən gələni əsirgəməməyi xahiş edib.
Anasının sözlərinə görə, ədalətsizliyə dözməyən oğlu hər dəfə Ermənistan Müdafiə Nazirliyinin qaynar xəttini tələb edib.
“Lakin problemin nədə olduğunu mənə demirdi. Hərbi hissədə gördüyü hansısa bir qanun pozuntusuna görə, onu öldürdülər. Oğlum hansısa ciddi, gizli məlumata sahib idi. Həmin məlumat onun ölümünə səbəb olub”, - deyə erməni hərbi qulluqçunun anası bildirib.
Oğlunun ölümündən 3 il keçməsinə baxmayaraq anası Karine bildirir ki, yanvarın 22-də ön xəttə gedən Çavrışyan fevralın 5-də səhərə yaxın ölüb.
“Həmin gün oğlumun qulluq etdiyi qaravul heyəti hərbi hissəyə qayıtmalı idi. Dəfn mərasiminə gələn hərbi hissə komandirlərindən biri dedi ki, oğlunuz gizli məlumatlara malik idisə, niyə zəng edib bizə məlumat verməyib? Bir tərəfdən deyirlər rəqib snayperi vurub, digər tərəfdən deyirlər ki, o, çox şey bilirdi.
Oğlum məlumat verməməsi, danışmaması üçün zabitlər tərəfindən öldürülüb. Mən, oğlumun düşmən tərəfindən öldürüldüyü versiyasını qəbul etmirəm. Sonadək mübarizə aparacam və günahkarların aşkarlanmasına nail olacam”, - deyə Çavrışyanın anası qeyd edib.
Məlumata görə, 2016-cı il fevralın 5-də saat 03:55 radələrində “N” saylı hərbi hissənin döyüş mövqeyində təxribata cəhd edən Çavrışyan baş nahiyəsindən odlu silah yarası alıb və hadisə yerində ölüb.
Alpər Mövludoğlu
Ordu.az