Ordu.az xəbər verir ki, bu barədə dünən Azərbaycan Xarici İşlər Nazirliyi bəyanat verib.
İyunun 20-də Vaşinqtonda ATƏT-in Minsk qrupu həmsədrlərinin himayəsi altında Azərbaycan və Ermənistan Xarici İşlər nazirləri arasında növbəti görüşün keçirilməsi planlaşdırılır. Yanvar ayında Parisdə və aprel ayında Moskvada baş tutmuş görüşlərdən sonra iki ölkə Xarici İşlər nazirlərinin üçüncü görüşünün ABŞ-da keçirilməsi ətrafında danışıqlar aparılırdı. Daha öncə də olduğu kimi, görüşün baş tutması üçün iki ölkə arasında razılaşma əldə olunmuşdu.
Azərbaycan tərəfi bu razılığa sadiq qalır. Lakin son zamanlar cəbhə xəttində vəziyyətin gərginləşməsi və atəşkəs rejiminin pozulması halları qeydə alınır. Məlumatlara görə, əvvəlki görüşlərdən fərqli olaraq bu dəfə keçiriləcək görüşün mühüm bir xüsusiyyəti var və bu xüsusiyyət siyasi mesaj kimi qəbul edilir.
Belə ki, Rusiyada baş tutmuş Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin görüşü Rusiyan Xarici İşlər naziri Sergey Lavrovun himayəsi altında keçirildi.
ABŞ-dakı diplomatik mənbələrin verdiyi məlumatlara görə, Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin növbəti görüşündə Birləşmiş Ştatların dövlət katibi Mayk Pompeo iştirak etməyəcək. ABŞ tərəfindən bu görüşü daha aşağı səviyyəli dövlət rəsmisi koordinasiya edəcək.
Xatırladaq ki, Ermənistanda baş vermiş hakimiyyət dəyişikliyindən sonra ABŞ Paşinyan hökumətinin nümayəndələrini heç vaxt yüksək səviyyədə qarşılamayıb.
Alpər Mövludoğlu
Ordu.az