Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Ermənistan parlamentinin keçmiş deputatı, general Manvel Qriqoryanın işi üzrə məhkəmə bir neçə gün bundan əvvəl "Sevan" Penitensiar Xidmətinin məhkumu, keçmiş döyüşçü Aşot İsxanyanın ərizəsini təqdim edib.
O bildirir ki, bir neçə il bundan əvvəl "Yerkrapah"ın keçmiş sədri Manvel Qriqoryanın zorakılığının qurbanı olub. Keçmiş döyüşçünün sözlərinə görə, Manvel Qriqoryan təxminən 22 gün onu zəncirlənmiş vəziyyətdə saxlayarq işgəncə verib.
İsxanyan dünən penitensiar xidmət mərkəzində məhkumlar üçün nəzərdə tutulmuş telefondan erməni KİV-lərindən birinə zəng edərək baş vermiş hadisə haqqında danışıb. Agentlik isə fürsətdən istifadə edərək ona bir neçə sual ünvanlayıb.
Agentliyin "Manvel Qriqoryanla ziddiyətiniz nə zamandan başlayıb, illər əvvəl Qriqoryan sizi nə üçün zirzəmidə saxlayırdı və bu konflikt nədən yaranmışdı?" sualına İsxanyan belə cavab verib:
"Hadisə 2000-ci ildə baş verib. Mən 1990-1994-cü illərdə Qarabağ müharibəsində iştirak etmişəm və 5 dəfə yaralanmışam. Manvel Qriqoryanı 1990-cı ildə müharibə başlayandan tanıyıram. 2000-ci ildə Müdafiə Nazirliyinə getdim, Manvel Qriqoryan orada idi, məni "Yerkrapah"a dəvət etdi və dedi ki, Aşot, istəyirəm keçmiş döyüşçülərə kömək edim, təşkilatın maliyyə işlərini həyata keçirə bilərsən? Mən də ondan xahiş etdim ki, buna qanuni gedişat verilməsi üçün onun tərəfindən əmr verilsin. Samvel Qriqoryan da dedi ki, bu, daxili qayda ilə qeyri-ictimai və qanuni olacaq. Hər halda, biz razılaşdıq ki, əgər biz bu yolla getsək, onda mən toplanmış məbləğin bir hissəsini "Yerkrapah"a verəcəm, digər hissəsini isə döyüş dostlarıma kömək etmək üçün saxlayacam. Nəticədə, razılaşdıq.
Bundan sonra 480 milyon erməni dramı pul topladım. Razılaşdığımız kimi, məbləğin 240 milyon dramını onların kəndi Arşaluysa apardım və evlərinə verdim. O, məbləğin qalan hissəsini də tələb etdi, mən isə imtina etdim və beləcə aramızda gərginlik yarandı. O və onun mühafizəçiləri bir neçə nəfərlə məni döyməyə başladılar. Məni döydüklərindən birini yaxşı xatırlayıram. "Cücə" ləqəbli şəxs onun sağ əli idi. Döyməyə başladılar, sonra başıma torba keçirərək sürüdülər. Daha sonra isə məni zirzəmiyə atdılar və boynuma zəncir keçirdilər. Bu hadisə 22 gün ərzində hər gün təkrarlanırdı. Bəzən elə olurdu ki, gün ərzində bir neçə dəfə döyürdülər. Hər dəfə sərxoş vəziyyətdə gəlib döyüb gedirdilər. Qriqoryan şəxsən özü stolun ayaqlarını sındırır və məni döyürdü. Qeyd edim ki, mənim harada olmağım barədə söz-söhbətlər gedirdi. O, öz qruplaşması ilə keçmiş döyüşçüləri asırdı. Adını isə intihar qoyurdular. Bundan sonra Manvel qərar verdi ki, məni güllələmək lazımdır. Əminəm ki, güllələyərdi, lakin həmin an ona zəng gəldi. Sonra məni zəncirlə bağlayıb ayı qəfəsinə atdılar. 3 gün eyni qəfəsə həm ayını, həm də məni bağlamışdılar. Aramızda cəmi yarım metr məsafə var idi".
"Oradan çıxmağa necə müvəffəq oldunuz?" sualına isə İsxanyan bu şəkildə cavab verib: "Bir gün Üçmüədzində bələdiyyə seçkiləri keçirilirdi. Zəng gəldi və onlar getdilər. Bundan sonra su içmək üçün məni zəncirdən açdılar, bu zaman bir az daş götürdüm və cibimə qoydum. Su içəndən sonra məni həmin yerə gətirdilər. Divarlarda mismarlar var idi. Bir neçə dəfə vurduqdan sonra kilid açıldı. Çıxanda gördüm ki, "Yerkrapah"ın "qarajları"ndan birindəyəm. İndi də o yeri göstərə bilərəm. Bir sözlə, qaça bildim. Onlar məni təqib edirdilər. Buna görə bir neçə dəfə başım ağrıdı. O vaxt 24 yaşım var idi və belə bir tələyə düşmüşdüm".
Alpər Mövludoğlu
Ordu.az