Ordu.az xəbər verir ki, “1 Mart” cinayət işi ilə bağlı “Araçin Lratvakan” agentliyinə verdiyi müsahibədə fakt toplama qrupunun keçmiş üzvü Seda Safaryan və Ermənistan Milli Konqresinin hüquq komissiyasının nümayəndəsi Armen Xaçatryan bir sıra məsələlərə münasibət bildiriblər.

Onlar, həmçinin “Çiçəklənən Ermənistan” partiyasının sədri Qaqik Tsarukyanın “1 Mart” cinayət işi çərçivəsində dindirilməsini nə inkar, nə də təsdiq ediblər.
Qeyd edək ki, Tsarukyan 2008-ci il martın 1-i, axşam saatlarında hökumət binasına çağırılıb. O, baş verənləri belə xatırlayıb: “Mənə zəng edərək hökumət binasına müşavirəyə çağırıblar. Hökumət binasında qarşıqlıq olduğunu görərək, 30 dəqiqədən sonra oradan çıxdım. Heç kimi görmədim və heç kimlə müzakirə aparmadım”.
Baş verənlərə münasibət bildirən Safaryan qeyd edib ki, hökumət binası yaxınlığında, günorta vaxtı oliqarxlardan Levon Sarkisyan, Ruben Hayrapetyan, onların mühafizəçiləri və digər yaxın şəxslərin toplaşdığı cinayət materialları ilə sübut edilib.
“Əgər cinayət işi dalana dirənərsə, zərurət olduğu halda əlavə tədbirlər görüləcək. Bir neçə nəfərin qətlləri öz boynuna götürməsinə dair göstəriş olub. Bu məsələ polisin xüsusi təyinatlı dəstəsinin əməkdaşları ilə müzakirə edilib. Oliqarxlar, qətlləri öz üzərinə götürəcək polislərə 200.000 dollar ödəməyi öhdəliklərinə götürüblər. Bunu sübut edən ifadələr var.
Fakt toplama qrupunda bunu sübut edən video görüntülərim var. Həmin oliqarxların mühafizəçilərinin günorta vaxtı artıq hərbi geyimdə olduqları, avtomobillə hərbi geyim və silah gətirilərək paylaşıldığı cinayət materialları ilə kifayət qədər sübuta yetirilib”, - deyə Safaryan qeyd edib
Vəkilin iddiasına görə, Dağlıq Qarabağdan gətirilmiş və mərkəzi çağırış məntəqəsində, o cümlədən hökumət binasının birinci mərtəbəsində yerləşən hərbçiləri və digər silahlı qruplaşmaları, Tsarukyan və Aleksanyanın qida ilə təmin etdiyi ifadələrlə sübut olunub.
Xaçatryan əlavə edib ki, əvvəllər sadəcə eşitdikləri indi artıq sübuta yetirilir və “1 Mart” cinayət işi üzrə daha çox detallar ortaya çıxır.
“Cinayətlərin üzə çıxarılmasının şahidi olacağımıza əminəm. Artıq şübhəsizdir ki, “1 Mart” hadisələrindəki qətllərin hamsının arxasında yüksək vəzifəli zabitlər durur”, - deyə Xaçatryan bildirib.
Alpər Mövludoğlu
Ordu.az