Dövlət Sərhəd Xidmətinin mətbuat xidmətindən
Ordu.az-a verilən məlumata görə, tədbirlərdən öncə hərbi qulluqçular və dəvət olunmuş qonaqlar Heydər Əliyev İdeoloji Mərkəzlərində Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən zəngin foto-ekspozisiya ilə tanış olmuş, Dahi Öndərin büstü önünə gül dəstələri qoyublar.

Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirlərdə Vətən uğrunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Keçirilən tədbirlərdə faşizm üzərində tarixi qələbənin əldə edilməsində Azərbaycanın böyük töhvələr verdiyindən, bu şanlı zəfərin qazanılmasında xalqımızın 700 min nəfərdən çox qəhrəman oğul və qızının müharibədə iştirak etməsindən, onların 300 min nəfərinin döyüşlərdə həlak olmasından, göstərdikləri igidliyə görə 124 nəfər həmyerlimizin Sovet İttifaqı Qəhrəmanı adına və 170 min nəfərinin isə müxtəlif orden və medallara layiq görülməsindən, azərbaycanlılardan ibarət milli diviziyaların Qafqazdan Berlinədək keçdiyi şanlı döyüş yolundan, arxa cəbhədə çalışan insanların rəşadətindən, müharibənin qələbə ilə başa çatmasında Bakı neftinin misilsiz rolundan ətraflı danışılıb.
Respublikamızda 1941-1945-ci illərdə faşizm üzərində qələbənin hər il qeyd olunmasının, veteranlara göstərilən diqqət və qayğının təməlinin Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulduğu, bu ənənənin Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən bu gün də uğurla davam etdirildiyi, dövlətimiz tərəfindən onlara daima sosial qayğının göstərildiyi xüsusi olaraq vurğulanıb.

Qarabağ müharibəsi veteranları Azərbaycan əsgərinin göstərdiyi qəhrəmanlıqlardan danışmış, müharibə xatirələri ilə bölüşmüşlər. Veteranların gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması istiqamətində gördükləri işlərin mühüm əhəmiyyət kəsb etdiyini, xalqımızın Böyük Vətən Müharibəsi illərində göstərdiyi qəhrəmanlıq və rəşadətin gələcək nəsillərə örnək olacağını bildiriblər.
Tədbirlərin sonunda veteranlara hədiyyələr təqdim olunmuş, xatirə şəkilləri çəkilmiş və Böyük Vətən Müharibəsi illərində azərbaycan xalqının fədakar xidmətlərinə həsr edilmiş sənədli filmlər nümayiş etdirilib.
Ordu.az