NATO-nun aktiv üzvü və Rusiyanın strateji partnyoru: Türkiyə

2019/03/58beb-1551444654.jpg
Oxunub: 22676     19:49     01 Mart 2019    
Artıq bir müddətdir ki, Türkiyənin Rusiyadan S-400 anti-ballistik raket sistemi almaqla bağlı qərarı üzərində ABŞ-la Türkiyə arasında mübahisə davam edir.

Türkiyənin bu məsələdəki mövqeyi təxminən belədir: Biz bu sistemləri Qərb müttəfiqlərimizdən almaq istəyərdik, lakin siz heç vaxt bizə qəbulediləcək şərtlər təqdim etmədiniz. Siz xüsusilə həssas texnologiyanı bizimlə paylaşmaqdan imtina etdiniz və buna görə də, Rusiyaya üz tutmalı olduq. Lakin bu sistemlər bizim müdafiə ehtiyaclarımızı tam qarşılamaq iqtidarında deyil və hələ də əlavə sistemlər almaq üçün imkanlar var. Gəlin “Patriot”ların alınması barədə danışaq”.

Bu yerdə qaldırılmalı sual budur ki, Türkiyə niyə öz ehtiyaclarına təmamilə cavab verməyən bir sistemi almağa çalışır? Hər şeydən öncə Türkiyə potensial təhdidləri çəkindirmək üçün mümkün olduğunca tez bir zamanda əlində bir sistem görmək istəyir. Bunu da hamıdan əvvəl Rusiya üzərinə götürdü. Lakin rusların Türkiyənin bütün şərtlərindən məmnun olması şübhəlidir və NATO ilə bağlı uyğunluq məsələsindən dolayı Türkiyə hökuməti bütünlükdə anti-ballistik müdafiə sistemində Rusiyaya arxalana bilməz.

Digər tərəfdən Rusiya seçimi Türkiyənin əlinə Qərb müttəfiqlərinə, xüsusilə Vaşinqtona qarşı əlavə satınalmalarla bağlı danışıqlarda kart vermiş oldu. Təbii ki, Türkiyə son dəqiqədə Rusiya ilə imzalanmış müqavilədən geri çəkilməyəcək, çünki o, Rusiyanı hiddətləndirmək istəmir və özünün etibarlı partnyor olduğuna inandırmağa çalışır.

Hazırda amerikalılar Türkiyəni bu satınalmanı gerçəkləşdirməkdən yayındırmağa çalışır. Onun əsas arqumenti budur ki, bu addım həssas məlumatların Rusiyanın əlinə keçməsinə gətirib çıxaracaq. Türkiyə isə texniki cəhətdən bunun baş verməyəcəyindən əmindir.

Türkiyə Xarici İşlər Nazirliyinin bu yaxınlarda yaydığı məlumata görə, Türkiyə ötən il NATO-nun maliyyələşməsinə 89,8 milyon avro töhfə verib. Buraya NATO-nun Kosovo, İraq və Əfqanıstandakı əməliyyatlarına dəstək də daxildir.

O, həm də Rumıniya, Polşa və İspaniya ilə birlikdə NATO-nun raket qalxanı layihəsinin açar ölkələrindən biridir və Malatyada radarlara ev sahibliyi edir. Türkiyə beynəlxalq koalisiyanın Suriya və İraqda İŞİD-ə qarşı əməliyyatına havada yanacaq təmin edir.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: NATO   Rusiya   Türkiyə  


Bizi "telegram"da izləyin