Ordu.az xəbər verir ki, bu barədə “Le Monde” nəşri məlumat yayıb.
Paris Prokurorluğunun açıqlamasına görə, 48 yaşlı şəxs iyunun 3-də müəssisənin ərazisində PUA prototipini videoya çəkərkən aşkarlanıb və bundan sonra saxlanılıb. İstintaqın məlumatına əsasən, söhbət Tuluz yaxınlığında yerləşən “Delair” şirkətinin istehsal müəssisəsindən gedir.
Fransanın daxili kəşfiyyat xidmətinin apardığı araşdırma nəticəsində məlum olub ki, şübhəli şəxs çəkdiyi görüntüləri Rusiyada olan əlaqə saxladığı şəxsə göndərib.
Ona xarici dövlətə məlumat ötürmək və cinayətkar qrupun fəaliyyətində iştirak etmək ittihamları irəli sürülüb. Fransa qanunvericiliyinə əsasən, bu əməllərə görə 15 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.
İstintaqla tanış olan mənbənin sözlərinə görə, saxlanılan şəxs daimi olaraq İspaniyada yaşayır.
Qeyd olunur ki, onun saxlanılmasından cəmi bir gün əvvəl həmin müəssisəyə “Molotov kokteyli” ilə hücum edilib. Lakin qurğular işə düşmədiyindən partlayış baş verməyib. Hazırda Fransa hakimiyyəti bu iki hadisə arasında əlaqənin olub-olmaması barədə məlumat vermir.
Sevinc Əliyeva
Ordu.az