Pakistanın daxili işlər naziri danışıqlar məqsədilə İrana gedib

2026/06/1781965925.jpg
Oxunub: 186     18:22     20 İyun 2026    
Pakistanın daxili işlər naziri Seyid Möhsin Nəqvi İran və ABŞ arasında davam edən danışıqlarla bağlı diplomatik səylər çərçivəsində İranın Məşhəd şəhərinə səfər edib.

Ordu.az xəbər verir ki, bu barədə “Mehr” agentliyi məlumat yayıb.

İranın yüksəksəviyyəli rəsmiləri ilə keçirilməsi planlaşdırılan görüşlərdən əvvəl nazir və onu müşayiət edən nümayəndə heyətinin təyyarəsi Məşhəd Beynəlxalq Hava Limanına eniş edib.

Bildirilir ki, Nəqvi son həftələr ərzində İran-ABŞ dialoqu ilə bağlı məsləhətləşmələrdə iştirak etmək üçün bir neçə dəfə Tehrana səfər edib. Onun növbəti səfəri də rəsmi şəkildə təsdiqlənib. Xorasan-Rəzəvi vilayətinin qubernatoru Qulam Hüseyn Müzəffəri onu Şəhid Haşemi-Nejad Beynəlxalq Hava Limanında qarşılayıb.

İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəqai daha əvvəl bildirmişdi ki, pakistanlı nazirin səfəri İslamabadın Tehran və Vaşinqton arasında dialoqun inkişafına yönəlmiş vasitəçilik və diplomatik səylərinin davamıdır.

Səfər çərçivəsində Nəqvinin İranın daxili işlər naziri İskəndər Mömini və xarici işlər naziri Abbas Əraqçi ilə ayrıca görüşlər keçirməsi nəzərdə tutulur.

Məlumata görə, İran və ABŞ liderləri bu həftə İslamabad Anlaşma Memorandumunu imzalayıblar. Pakistanın Baş naziri Şahbaz Şərif sənədin imzalanması münasibətilə İran rəhbərliyini və xalqını təbrik edib, onun regional sabitlik və Pakistan-İran əməkdaşlığının inkişafı baxımından əhəmiyyətini vurğulayıb.

Məsud Pezeşkian və Donald Tramp tərəfindən məsafədən imzalanan sənəd hərbi əməliyyatların dayandırılmasını, neft ixracına tətbiq olunan məhdudiyyətlərin aradan qaldırılmasını, İranın dəniz blokadasının 30 gün ərzində ləğvini və Hörmüz boğazında ticarət gəmiçiliyinin bərpasını nəzərdə tutur.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Pakistan   İran  


Bizi "telegram"da izləyin