Şəhid İbrahim Vəlizadənin xatirəsi yad edilib

2026/06/57c64-1781964154.jpg
Oxunub: 180     18:09     20 İyun 2026    
İkinci Qarabağ müharibəsində şəhidlik zirvəsinə ucalan leytenant Vəlizadə İbrahim Səməd oğlunun doğum günü münasibətilə Şərur rayon Şəhidlər xiyabanında anım tədbiri keçirilib. Tədbirdə Şərur rayon İcra Hakimiyyətinin, Daxili İşlər Nazirliyinin və ictimaiyyətin nümayəndələri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatları, Əlahiddə Ümumqoşun Ordu Komandanlığının idarə heyəti, respublikanın digər bölgələrindən gəlmiş şəhid ailələri, müharibə iştirakçıları, şəhidin ailə üzvləri və yaxınları iştirak ediblər.

Əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və Vətən uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbirdə çıxış edən Şərur rayon İcra Hakimiyyətinin başçısı Kamal Cəfərov şəhid İbrahim Vəlizadənin şərəfli həyat və döyüş yolundan, Vətən müharibəsində göstərdiyi qəhrəmanlıq nümunələrindən danışıb, onun igidliyinin Azərbaycan gəncləri üçün vətənpərvərlik örnəyi olduğunu vurğulayıb.

Daha sonra İbrahim Vəlizadə ilə bir hərbi hissədə xidmət etmiş və döyüş yoldaşı olmuş Qurbanəli İsmayılov şəhidimizlə bağlı xatirələrini bölüşüb. Şəhidlərimizin Vətən qarşısında göstərdiyi misilsiz xidmətlərdən danışan Q.İsmayılov cəsur zabitimizin əziz xatirəsinin xalqımızın qəlbində daim yaşayacağını bildirib, şəhidin ailəsinə dərin hörmət və ehtiramını ifadə edib.

Mərasimdə çıxış edən digər iştirakçılar 44 günlük Vətən müharibəsində İbrahim kimi qəhrəman oğullarımızın 30 ilə yaxın torpaq həsrətinə son qoyduqlarını vurğulayaraq, onların xalq və Vətən qarşısında göstərdikləri fədakarlıqların heç vaxt unudulmayacağını qeyd ediblər.

Anım tədbirində şəhidin atası şəhid ailələrinə göstərilən ali diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevə dərin minnətdarlığını bildirib.

Çıxışların ardından İbrahim Vəlizadənin Şərur rayon Şəhidlər xiyabanında ucaldılmış büstü önünə əklil və gül dəstələri düzülüb, onun əziz xatirəsi ehtiramla yad edilərək ruhuna dualar oxunub. Tədbir şəhidin xatirəsinə açılmış ehsan süfrəsi ilə davam edib.

Qeyd edək ki, İbrahim Vəlizadə 11 iyun 1998-ci ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Vərməziyar kəndində anadan olub. Hərbi xidmət borcunu şərəflə yerinə yetirən zabit, 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində Murovdağ istiqamətində gedən ağır döyüşlərdə fəal iştirak edib. Həmin döyüşlərdə itkin düşən İbrahim Vəlizadəyə aparılan axtarış tədbirlərindən sonra rəsmi şəhid statusu verilib.

Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə o, ölümündən sonra "Vətən uğrunda" və "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif olunub. Hazırda Azərbaycan Hərb Tarixi Muzeyinin Vətən müharibəsi fondunda şəhidin hərbi forması, şəxsi sənədləri və fotoşəkilləri qorunur.

Bəxtiyar Əliyev, “Naxçıvan Şəhid Ailələri” İctimai Birliyinin mətbuat katibi
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Şəhid   İbrahim-Vəlizadə  


Bizi "telegram"da izləyin